Ötən gün Naxçıvan olduqca əhəmiyyətli siyasi və iqtisadi hadisələrə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərində imzalanan sənədlər say və məzmun etibarı ilə tarixi önəm kəsb edir. Xüsusilə də, İqdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə start verilməsi muxtar respublikanın həyatında müstəsna dəyərə malikdir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. İqdırdan gələcək boru xətti ilə qazlaşdırılacaq Naxçıvanın İrandan enerji asılılığı əhəmiyyətli dərəcədə azalacaqdır. Azərbaycan milli enerji konsepsiyasına uyğun olaraq təhlükəsiz və etibarlı qaz nəqli siyasəti həyata keçirir. Zəngəzur dəhlizi açıldıqdan sonra isə Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürüləcək
Hesab edirəm ki, İqdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun imzalanması, ölkəmiz tərəfdən Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında sazişin bağlanması, eləcə də bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Anlaşma Memorandumu əlaqələrimizin daha da güclənməsinə müsbət təsir göstərəcək.
Qars-Naxçıvan dəmir yolu xəttinin qurulması daha geniş və uzaq hədəflərə hesablanıb. Bu yol Zəngəzur dəhlizinin açılmasını daha da zəruru edən faktordur. Türkiyə bütün dünyaya göstərdi ki, dəhliz iki qardaş ölkənin gündəmindədir və onun reallaşması üçün addımlar atılır. Cənab Ərdoğanın Naxçıvanda Ermənistanı uzanan sülh əlini sıxmağa dəvət etməsi İrəvana mesajdır. Bu gün siyasi və iqtisadi böhran içərisində çabalayan, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında qalan Ermənistanın nicatı qonşuları ilə münasibətlərə yenidən baxmaq, edilən təklifləri geri çevirməməkdədir. İrəvan Türkiyə-Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinin fərqində olmalıdır. Türkiyə artıq qlobal oyunçulardan biridir. Regionda cərəyan edən prosesləri Ankara diktə edir. Bütün dünya dövlətləri cənab Rəcəb Tayyib Ərdoğanla hesablaşırlar. Məgər, Paşinyan hökuməti bunu bilmir?
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş potensial mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, bu ilin yeddi ayında ticarət dövriyyəsi daha 40 faiz artıb və artım davamlı olacaq. Prezident əlavə etdi ki, bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəflənib. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötüb. Göründüyü kimi, yaxın gələcəkdə qardaş ölkələr arasında ticarət dövrüyyəsinin hədəfləndiyi səviyyəyə çatacağı şübhə doğurmur. Azərbaycan və Türkiyə milli maraqlarını qorumaqla bərabər, birgə hədəflərə doğru inamla irəliləyirlər. Hərbi, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq ölkələrimiz arasındakı tarixi bağları daha da möhkəmləndirir. Türkiyənin türk dünyasına açılan qapı hesab olunan Naxçıvan qardaş ölkə üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib. İki il öncə imzalanan Şuşa bəyannaməsi Türkiyə ilə münasibətləri yeni müstəviyə qaldırdı. Strateji müttəfiqlik sənədi olan bu bəyannamənin məqsəd və hədəfləri bu gün reallaşır. Bu mənada cənab Ərdoğanın Naxçıvana səfər etməsi və mühüm sənədlər imzalaması Şuşa bəyannaməsinin olduqca işlək bir sənəd olduğunu təsdiq edir.
Arzu Həziyeva