Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Bu günlərdə ölkəmizdə baş tutmuş 2-ci Beynəlxalq İnvestisiya Forumu bir sıra maraqlı çıxışlarla və bir çox müqavilələrin imzalanması ilə yadda qaldı. Prezident İlham Əliyevin Forum iştirakçıları qarşısındakı çıxışı isə kifayət qədər geniş informasiya tutumu ilə diqqət çəkdi. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda təşkil olunmuş tədbirdə ölkə başçısının çıxışı Azərbaycanın çağdaş reallıqlar şəraitində malik olduğu iqtisadi inkişaf potensialı və bu potensialın milli iqtisadiyyatımıza və eləcə də qlobal iqtisadi sistemə verə biləcəyi faydaları ətraflı şəkildə əhatə etdi.
Prezident ölkəmizin öz müstəqilliyini bərpa etdiyi ilk illərdə hökm sürən acınacaqlı vəziyyətdən başlayaraq bu gün üçün əldə olunmuş iqtisadi – sosial inkişaf səviyyəsinə qədər keçilən yolun çətinliklərini və bu çətinliklərdən çıxmaq üçün dövlət tərəfindən yürüdülmüş ardıcıl siyasi-iqtisadi siyasətin xüsusiyyətlərini Forum iştirakçılarına izah etdi. Hadisələrin ardıcıllığı və müvafiq inkişaf dinamikasının izahı son 30 ildə Azərbaycanın keçdiyi möhtəşəm tərəqqi yolu haqqında dolğun təsəvvür yaratdı.
Həmin illər ərzində Azərbaycan ətrafında baş verən siyasi hadisələrin və bölgədə hökm sürən gərgin hərbi vəziyyətin mürəkkəbliyinə baxmayaraq iqtisadiyyatın müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi və qlobal iqtisadi sistemin müasir tendensiyalarına uğurla uyğunlaşdırılması Azərbaycan dövlətinin və şəxsən Prezidentin dəqiqliklə düşünülmüş uzaqgörən siyasəti haqqında obyektiv təsəvvür yaratdı. Prezidentin çıxışı müxtəlif formatlı investisiya forumları üçün xarakterik olan formal çıxış deyildi. Bu daha çox öz ölkəsi, onun vətəndaşları və dövlətin əldə etdiyi uğurlarla yaşanan qürur hisslərinin daha yüksək inkişaf səviyyəsinə nail olmaq üçün mövcud olan potensial imkanlarla birlikdə təqdimatı idi.
Dünyanın ilk neft quyusunun ölkəmizdə qazılmasından başlamış 2-ci dünya müharibəsinin nəticələrində Azərbaycan neftinin roluna qədər, Avropanın ən etibarlı neft-qaz tədarükçüsündən başlamış yaşıl enerji ixracatçısına qədər dinamik bir inkişaf yolu keçmiş enerji siyasətimizin nə qədər aydın, başa düşülən və ədalətli olduğu Forum iştirakçılarının diqqətinə çatdırıldı. Prezidentin çıxışı aydın şəkildə göstərdi ki, Azərbaycanın qəbul etdiyi inkişaf proqramları və investiisiya layihıələri bölgəmizdə və dünyada baş verən geo-siyasi və geo-iqtisadi hadisələrlə paralellik təşkil etmir, əksinə onları qabaqlayır. Hələ Rusiya-Ukrayna müharibəsindən və Rusiyaya qoyulan çoxsaylı sanksiyaların tətbiqindən çox-çox əvvəl Azərbaycan öz ərazisini alternativ enerji mənbəyi və tranzit – logistik marşrutların qovşağı kimi formalaşdırmağı hədəfləmişdi. Avrasiya miqyasında hadisələr gərginləşənə qədər Azərbaycan artıq yeni formalaşacaq geo-siyasi şəraitə uyğun infrastruktur layihələrini irəli sürmüş və bir çoxunu uğurla həyata keçirmişdi. Odur ki, bu gün Azərbaycan həm Qərbin, həm də Şərqin, həm Şimalın və həm də Cənubun sıx təmaslar qurmağa ehtiyac duyduğu bir ölkədir.
Azərbaycan hələ onillər əvvəl sosial sahəyə, təhsilə və səhiyyəyə böyük miqdarda sərmayə qoyaraq ölkə həyatının standartlarını və imkanlarını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün lazımi addımlar atmışdı. Bu gün beynəlxalq sərmayəçilər üçün yaradılmış investisya mühiti dünyanın ən qabaqcıl ölkələrində mövcud olan imkanlardan az deyil və ona görə də bu illər ərzində ölkə iqtisadiyyatına yatırılmış 350 milyard dollardan çox sərmayənin yarısı xarici investorların payına düşür. Azərbaycana sərmayə ayırmağı planlaşdıran xarici biznes strukturları üçün Azərbaycan yalnız öz iqtisadi imkanlarını təqdim etmir. Ölkəmiz xarici biznes üçün həm də təbii resurslarla, insan və mədəniyyət resursları ilə zəngin olan Mərkəzi Asiyaya açılan qapıdır. Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik olan Azərbaycan həm də Mərkəzi Asiya regionunun ayrılmaz bir hissəsi və onu bütün dünya ilə qovuşduran vacib bağlantı mərkəzidir. Qərb ölkələrinin diqqətini və iqtisadi maraqlarını öz ölkəsi üzərində cəmləşdirməyə müvəffəq olmuş Azərbaycan eyni zamanda Mərkəz Asiyanın qardaş türk dövlətlərini Qərblə əlaqələndirməyə və qərb sərmayəsinin Mərkəzi Asiyaya axınını təmin etməyə nail olmuşdur. Bu vəziyyət Azərbaycanı bütövlükdə Avrasiya coğrafiyasında qarşılıqlı iqtisadi əməkdaşlığın mərkəzi həlqəsinə çevirmiş və onun nüfuzunu və geo-strateji önəmini dəfələrlə artırıb.
Son 25-30 il ərzində ölkəmizin beynəlxalq səviyyədə oynadığı rolu və davamlı olaraq möhkəmləndirdiyi mövqeyini Forum iştirakçılarına faktlarla izah edən Prezident Azərbaycanın gələcəyə baxışlarına da aydınlıq gətirdi. Bu gün əldə olunmuş nəticələrlə gələcəyi proqnozlaşdıran və layihələndirən Azərbaycan beynəlxalq investorlar üçün ən cəlbedici ölkələrdən biridir. Çoxsaylı ölkələrlə qarşılıqlı inkişafa gətirəcək çoxtərəfli iş birliyinin yaradılması Azərbaycan xarici iqtisadi siyasətinin mərkəzində dayanır. Bu siyasətin şəffaf, aydın başa düşülən və cəlbedici olması isə xarici sərmayəçiləri biganə qoya bilməz. Prezident İlham Əliyevin siyasəti məhz belə bir nəticəyə hesablanıb və bu siyasətin uğurlu olacağına heç bir şübhə yoxdur.