IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə bütövlükdə nəzər saldıqda görürük ki, Azərbaycan yeni geosiyasi reallıqlarda öz inkişaf və xarici siyasət modelini daha aydın şəkildə müəyyənləşdirir. Hesab edirəm ki, dövlətimizin başçısının mesajlarında əsas diqqət Azərbaycanın əldə etdiyi nəticələrlə yanaşı, qarşıdakı onilliklər üçün ölkənin hansı strateji mövqeyə sahib olacağına yönəlmişdi. Bu gün Azərbaycan öz milli maraqlarını müstəqil şəkildə müəyyən edən, regional proseslərdə məsuliyyət daşıyan və beynəlxalq gündəliyin formalaşmasına təsir imkanlarını genişləndirən dövlət kimi çıxış edir. Prezidentin Azərbaycanın regional liderlikdən “orta güc” səviyyəsinə yüksəlməsi ilə bağlı yanaşması da məhz ölkəmizin artan siyasi, iqtisadi və hərbi imkanlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
O hesab edir ki, Azərbaycanın yeni güc modelinin əsas sütunlarından biri coğrafi mövqeyin real geosiyasi və geoiqtisadi üstünlüyə çevrilməsidir. Ölkəmiz uzun illər ərzində nəqliyyat, logistika və enerji infrastrukturlarına böyük sərmayələr yatırmaqla Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı məkanı yaradıb. Bu gün Orta Dəhlizin əhəmiyyətinin artması, Çinlə hərtərəfli strateji tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin yeni mərhələyə daxil olması Azərbaycanın tranzit roluna tamamilə yeni məzmun qazandırır. Dünyada ənənəvi nəqliyyat marşrutlarının müxtəlif geosiyasi risklərlə üzləşdiyi bir şəraitdə Azərbaycan üzərindən keçən təhlükəsiz və dayanıqlı bağlantılar həm region, həm də daha geniş Avrasiya məkanı üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycan enerji və nəqliyyat imkanlarını strateji üstünlüyə çevirir
“Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam Azərbaycanın böyük güc mərkəzləri və beynəlxalq təsisatlarla münasibətlərdə nümayiş etdirdiyi prinsipial mövqedir. Azərbaycan Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu açıq şəkildə ifadə edir, eyni zamanda, münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və milli maraqlara hörmət əsasında qurulmasını tələb edir. Bu baxımdan, ölkəmizə qarşı ikili standartların tətbiqi, siyasi təzyiq cəhdləri və “907-ci düzəliş” kimi ayrı-seçkilik xarakterli yanaşmalar yeni reallıqlarla uzlaşmır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra formalaşmış vəziyyət göstərir ki, Bakı artıq onunla təzyiq dili ilə danışmaq cəhdlərini qəbul etmir və tərəfdaşlığı yalnız qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə hazırdır.
Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən əsas amillərdən biri də enerji təhlükəsizliyində oynadığı roldur. Bu gün Azərbaycan geniş coğrafiyada yerləşən ölkələrə qaz tədarük etməklə etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirir. Xüsusilə qlobal enerji bazarında baş verən dəyişikliklər və Avropanın alternativ mənbələrə ehtiyacının artması Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldib. Hesab edirəm ki, qarşıdakı dövrdə enerji ixracının yeni bazarlara genişləndirilməsi ilə yanaşı, nəqliyyat-logistika imkanlarının inkişafı Azərbaycanın iqtisadi potensialını və siyasi təsir imkanlarını paralel şəkildə artıracaq. Beləliklə, ölkəmiz enerji və nəqliyyat layihələrini xarici siyasətin uzunmüddətli strateji alətlərindən birinə çevirir”, - deyə Müşfiq Məmmədli bildirib.
Onun sözlərinə görə, dövlətimizin başçısının insan hüquqları və müstəmləkəçiliklə bağlı səsləndirdiyi fikirlər isə beynəlxalq münasibətlərdə ədalət və ikili standartlar məsələsinə daha geniş prizmadan baxmağa imkan verir. Uzun illər insan hüquqları mövzusundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışan bəzi dairələrin müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarına münasibətdə fərqli mövqe nümayiş etdirməsi ciddi ziddiyyət yaradır. Azərbaycanın bu məsələni beynəlxalq gündəmə gətirməsi təsadüfi deyil. Ölkəmizin öz tarixi keçmişində müstəmləkəçilik təcrübəsinin olması azadlığın və müstəqilliyin dəyərinin daha dərindən anlaşılmasına imkan verir. Bu baxımdan Azərbaycanın müstəmləkəçilik siyasətinin nəticələri ilə üzləşən xalqların hüquqlarını müdafiə etməsi onun beynəlxalq məsələlərdə formalaşdırdığı müstəqil və prinsipial mövqenin göstəricisidir.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi bütün mesajları birləşdirən əsas strateji xətt Azərbaycanın gələcəyini öz gücü və milli iradəsi əsasında qurmasıdır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması, rəqəmsal transformasiya və süni intellektin inkişafı, enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə potensialının gücləndirilməsi qarşıdakı dövr üçün mühüm prioritetlərdir. Lakin bütün bunların həyata keçirilməsinin əsas şərti cəmiyyətin birliyi və milli həmrəyliyin qorunmasıdır. Prezidentin gənclərə ünvanladığı çağırışların mahiyyəti də bundan ibarətdir: gələcək nəsil milli kimliyinə bağlı, Vətən qarşısında məsuliyyətini dərk edən, güclü və iradəli olmalıdır. Çünki dəyişən və yeni təhdidlərin meydana çıxdığı dünyada Azərbaycanın müstəqilliyinin və yüksələn mövqeyinin ən etibarlı təminatı məhz güclü dövlət, milli birlik və özünəinamdır.