Mahir Süleymanlı, Milli Məclisin deputatı
Müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyası dövlətlər arasında siyasi dialoqun dərinləşdirilməsində, qarşılıqlı etimadın möhkəmləndirilməsində və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayır. Qloballaşan dünyada qanunverici orqanlar artıq yalnız qanunvericilik funksiyasını həyata keçirən institutlar deyil, eyni zamanda dövlətlərin xarici siyasət prioritetlərinin reallaşdırılmasına töhfə verən və beynəlxalq tərəfdaşlığın genişlənməsinə xidmət edən mühüm diplomatik platformalardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, prinsipial və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Ölkəmiz dünyanın müxtəlif regionları ilə siyasi, iqtisadi və humanitar əlaqələrini ardıcıl şəkildə genişləndirir. Xüsusilə Afrika ölkələri ilə münasibətlərin inkişafı dövlətimizin xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a ev sahibliyi, inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq platformalarda ardıcıl və prinsipial şəkildə müdafiə etməsi, eləcə də Qlobal Cənub ilə əməkdaşlığa verdiyi xüsusi önəm Afrika dövlətlərinin ölkəmizə olan marağını və etimadını daha da gücləndirib. Bu strateji yanaşmanın mühüm nəticələrindən biri də Azərbaycan–Zimbabve münasibətlərinin son illərdə dinamik inkişaf etməsidir. Qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan siyasi dialoq keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış yüksək etimad qanunverici orqanlar arasında əlaqələrin inkişafında da öz əksini tapır və parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin formalaşdırır. Bu baxımdan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri xüsusi siyasi və diplomatik əhəmiyyət kəsb edir. Səfər iki dost ölkə arasında parlamentlərarası əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Nümayəndə heyətinin səfərinin ilk günündə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin Fəxri xiyabanda ehtiramla yad edilməsi, Zəfər parkının ziyarət olunması və Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin rəmzinə çevrilmiş abidə önünə əklil qoyulması ölkəmizin dövlətçilik dəyərlərinə, milli yaddaşına və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsi idi. Bu addımlar qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan–Zimbabve münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirməklə yanaşı, parlament diplomatiyasının dostluq münasibətlərinin möhkəmləndirilməsində və siyasi tərəfdaşlığın inkişafında oynadığı mühüm rolu bir daha təsdiqlədi. Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə Zimbabve parlamentinin spikeri Yakob Mudenda arasında keçirilən görüşdə parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafındakı strateji əhəmiyyəti xüsusi vurğulandı. Görüş zamanı qarşılıqlı səfərlərin intensivləşdirilməsi, komitələrarası əməkdaşlığın genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi və parlament diplomatiyasının yeni məzmunla zənginləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda qeyd olundu ki, COP29 çərçivəsində keçirilmiş Parlament Görüşü, Cənubi Afrikada təşkil olunmuş P20 Sammiti və Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutmuş təmaslar parlamentlərimiz arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, siyasi dialoqun intensivləşməsinə və parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verib. Rəsmi səfərin diqqətçəkən məqamlarından biri də Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti ilə keçirdiyi geniş tərkibli görüş oldu. Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparıldı. Müzakirələrimiz rəqəmsal kommunikasiya imkanlarından daha səmərəli istifadə olunması, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin müasir dövrün çağırışlarına uyğun olaraq turizm, yaşıl enerji və süni intellekt kimi perspektivli istiqamətlər üzrə əməkdaşlıq imkanlarını əhatə etdi. Müasir dövrdə parlament diplomatiyası təkcə siyasi dialoqun inkişafına deyil, həm də iqtisadi əməkdaşlığın genişlənməsinə, humanitar əlaqələrin möhkəmlənməsinə, elm və təhsil sahəsində təcrübə mübadiləsinin təşviqinə, innovasiya və texnoloji tərəfdaşlığın inkişafına, eləcə də xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə mühüm töhfə verir. Əminəm ki, qarşılıqlı etimada, dostluğa və ortaq maraqlara əsaslanan Azərbaycan–Zimbabve münasibətləri parlament diplomatiyası vasitəsilə bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək, ölkələrimiz arasında siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.