Azərbaycançılıq ideologiyası Qusarda müzakirə olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) tərəfindən “Azərbaycançılıq: tarixdən müasirliyə” adlı layihənin növbəti tədbiri Qusar Rayon Mərkəzi kitabxanasında keçirildi.

Tədbiri "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri Çingiz Bayramov açaraq tədbir iştirakçılarını salamlayıb. Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Layihə barədə ətraflı məlumat verən İctimai Birliyinin sədri və layihənin rəhbəri Çingiz Bayramov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən Azərbaycançılıq məfkurəsi dünyanın müxtəlif ölkələrində yaşayan hər bir soydaşımız üçün milli birliyin və həmrəyliyin əsas ideoloji dayağıdır. Ç. Bayramov öz çıxışında qeyd edib ki, Azərbaycanın zəngin tarixi, dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri və ölkəmizin müasir inkişaf yolu barədə geniş məlumat verərək, tariximizi öyrənmək, milli irsimizi qorumaq və onu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü (DİNİB) Mehparə Məmmədova çıxış edərək vurğulayıb ki, Azərbaycançılıq ideologiyası gənclərin milli kimliyinin qorunmasında və vətənpərvərlik ruhunun formalaşmasında əsas bələdçi rol oynayır. Eyni zamanda qloballaşan dünyada köklərə bağlılıq, tolerantlıq və vahid dövlətçilik maraqları ətrafında birləşməyin önəmindən danışıb.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü (DİNİB) Anar Əsədov çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib, milli birlik daha da möhkəmlənib və ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. A.Əsədov çıxışına davam edərək, Azərbaycançılıq ideyasının gənc nəslə aşılanmasının vacibliyini qeyd edərək, hər bir vətəndaşın dövlətə sədaqət və vətənə xidmət prinsiplərini həyat tərzinə çevirməsinin önəmini vurğulayıb.

Daha sonra tədbirdə Qusar rayonu Mərkəzi Kitabxanın müdiri Gültəkin Pənahova, tədbir iştirakçılarından Lamiyə Abdullayeva, Nəsruyeva Tahirə, Rasim Dəmirov, Şenay Rustəm və İsabalayeva Samirə çıxış edərək mövzu ətrafında müxtəlif fikir müzakirələri apardılar.