Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ərəfəsində ölkəmizə qarşı aparılan hibrid təhdidlər

Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar onun imicinin formalaşmasında xüsusi rol oynayır, nüfuzunun yüksəlməsinə səbəb olur. Təbii ki, bu da heç də bütün xarici qüvvələr tərəfindən normal qəbul, həzm edilə bilmir. Bundan narahat olan bəzi dövlətlər, xarici təşkilatlar beynəlxalq tədbirlərin respublikamızda keçirildiyi ərəfədə anti-Azərbaycan kampaniyasına start verirlər. Hər il ölkəmizdə müxtəlif beynəlxlq tədbirlər keçirildiyi üçün biz hər dəfə bu cür qarayaxma kampaniyalarına şahidlik etmək məcburiyyətində qalırıq. Yaxın keçmişimizə qısa nəzər salaq:

2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı çox güclü kampaniyaya start verildi. Paytaxtın Bayıl ərazisində sakinlərinin köçürülməsi ilə əlaqədar vətəndaşların mülkiyyət hüququnun pozulması məsələsi qabardıldı. Hətta heyvan hüquqlarını müdafiə edən təşkilatlar da bu ərəfədə üzərimizə hücuma keçdilər. Bakıda küçə itlərinin, pişiklərin durumunu ictimailəşdirməyə başladılar.

2015-ci ildə Bakıda keçirilən “Birinci Avropa Oyunları” zamanı bəzi Avropa dövlətlərin Azərbaycanın belə bir yarışa ev sahibliyi etməsinə qısqanclıqla yanaşdılar, bunu siyasiləşdirdilər. Biz bu kimi çirkin kampaniyaya "Formula-1 Azərbaycan Qran Prisi" ərəfəsində də məruz qaldıq.

2022-ci ildə Azərbaycanda keçirilən “TEKNOFEST Azərbaycan”, “Formula-1 Azərbaycan Qran Prisi”, “Qlobal Bakı Forumu” ərəfəsində ölkəmizi beynəlxalq informasiya məkanında neqativ fonda təqdim etməyə çalışdılar.

2023, 2024 və 2025-ci illərdə də Azərbaycanda beynəlxalq yarışların keçirildiyi ərəfədə Qərb dairələri, ermənipərəst qüvvələr, radikal siyasi düşərgə ənənələrinə sadiq qaldılar, paslanmış silahlarını yerə qoymadılar.

Gündəmə gətirdikləri mövzular isə çoxşaxəli oldu; siyasi, sosial hüquqlar, heyvanların müdafiəsi, cinsi azlıqların, etnik xalqların problemlərinin süni şəkildə qabardılması, Qarabağda “erməni mədəni abidələrinin məhv edilməsi”, Qarabağı tərk edən ermənilərin hüquqları və s.

Eyni mərkəzdən idarə olunan çoxşaxəli qarayaxma kampaniyası

Bu cür çirkin, əsassız kampaniyalar bu gün də davam etməkdədir. Çünki 2026-cı il də Azərbaycanın təqvimi nüfuzlu beynəlxlalq tədbirlərlə zəngindir.

Ölkəmiz bu il siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir.

2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumu keçirildi. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edib.

Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq.

Paytaxtımız iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu forum ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və "yaşıl enerji" layihələrinə diqqətin artırılması baxımından mühüm platformadır.

İslam İnkişaf Bankı (IsDB) Qrupu 16–19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək.

2026-cı il Azərbaycan üçün idman baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, Azərbaycan onuncu dəfə "Formula 1" Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. Bu mərhələ 24–26 sentyabr tarixlərinə planlaşdırılıb.

Eləcə də, Bakıda Cüdo üzrə dünya çempionatı yeddi ildən sonra ikinci dəfə keçiriləcək. Mundial 4–11 oktyabr tarixlərində baş tutacaq və dünyanın ən güclü cüdoçuları bu yarışda mübarizəyə qatılacaqlar. Bundan başqa, Azərbaycan qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Sözsüz ki, bu kimi tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman platformalarında artan rolunun, həmçinin ölkəmizə olan etimadın göstəricisidir.

Təəssüf ki, Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr həssas dönəmlərdə ölkəmizə qarşı çirkin kampaniyalarını, hibrid təhdidlərini gücləndirirlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin həyata keçirildiyi bir vaxtda, həmçinin Bakı şəhərində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ərəfəsində ölkəmizə qarşı Qərb ölkələrində mənzillənən ermənipərəst dairələr tərəfindən son vaxtlar hibrid təhdidlərin işə salınması açıq müşahidə edilməkdədir. Azərbaycanda keçirilmiş COP29 konfransı ərəfəsində ölkəmizə qarşı kampaniya aparan qüvvələr sanki pusquda dururlarmış kimi, hər dəfə Bakıda beynəlxalq səviyyəli tədbirlər keçiriləndə yenidən psixoloji və informatin hücuma keçirlər.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən (Komissiya) aparılan araşdırma nəticəsində müəyyən edilib ki, ölkəmizə təzyiq göstərmək istəyən Avropa Parlamenti, Belçika Federal Parlamentinin Nümayəndələr Palatası və Niderland Nümayəndələr Palatası eyni məqsədlərlə qərəzli kampaniya aparırlar.

(Bax: https://azertag.az/xeber/parlamentin_xarici_mudaxilelere_ve_hibrid_tehdidlere_qarsi_muveqqeti_komissiyasi_azerbaycana_qarsi_aparilan_hibrid_hucum_kampaniyalarina_dair_achiqlama_yayib-4167303)

Mənzil-qərargahı Brüsseldə yerləşən və Avropanın 13 ölkəsində fəaliyyət göstərən "Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası (EAFJD)" adlı lobbi təşkilatın sifarişini yerinə yetirən Belçika parlamentinin Xarici əlaqələr komitəsinin bir sıra üzvlərinin anti-Azərbaycan fəaliyyəti sistemli hal alıb.

Məsələn, erməni lobbisi ilə yaxınlığı şübhə doğurmayan Belçika parlamentinin Nümayəndələr Palatasının deputatı, siyasətçi Mişel de Maeqdin (Michel De Maegd) müəllifi qətnamə layihələrinin 7-si sırf Azərbaycana qarşı olub. Bu fəaliyyəti çərçivəsində o anti-Azərbaycan və ya ölkəmizin adı keçən məsələlərlə bağlı Belçika Krallığının hökumət rəsmilərinə ümumilikdə 6 yazılı sual ünvanlayıb.

Hibrid təhdidlər sülh prosesini tormozlayır

Niderland Nümayəndələr Palatasının ermənipərəst deputatı Don Seder (Don Ceder) isə Azərbaycan və Türkiyə əleyhinə sistemli şəkildə qarayaxma kampaniyası aparır, sanksiya təklifləri səsləndirir.

Onun Niderland Parlamentdəki anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətləri göstərir ki, "Niderland Erməni Təşkilatları Federasiyası (FAON)" lobbi təşkilatı avropalı deputatları öz əsarəti altında saxlamaqdadır.

Ermənistan ilə Azərbaycan arasında əbədi atəşkəsin olmasını, sülh gündəliyinin həyata keçirilməsini istəməyən qüvvələr Cənubi Qafqazda gərginliyin qalmasında maraqlıdır, xalqların xoşbəxt gələcəyinə qarşıdırlar.

Odur ki, təkcə Azərbaycan deyil, Ermənistan hökuməti də əgər həqiqi sülhün əldə olunmasında maraqlıdırsa, əlaqələrin qurulmasına mane olan bu kimi xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı mövqe ortaya qoymalı, mübarizə aparmalıdır. Erməni lobbisinin sifarişi həyata keçirən Qərb dairələri Ermənistan və Azərbaycan arasında mövcud olan kövrək sülh prosesini tormozlayır, ölkələrimiz arasında münasibətlərin qurulmasına xələl gətirlər.

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.