Azərbaycandan həmrəylik nümunəsi

COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin rolu əvəzolunmazdır.
BMT Baş Assambleyasının sədri tərəfindən “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda fevralın 25-də təşkil olunan yüksək səviyyəli tematik müzakirələrdə Qoşulmama Hərəkatına üzv dövlətlər adından videoformatda keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Ölkə rəhbəri, bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələrinin vacibliyi, eyni zamanda COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılmasının eyni dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.
Ölkəmizdə COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsi davam edir. Peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarından bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulmuşdur. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılmışdır.
Bu məqamda onu da qeyd edək ki, həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi həyata keçirilir.
Onu da deyək ki, pandemiyanın yayıldığı ilk vaxtlardan etibarən Prezident İlham Əliyev beynəlxalq səviyyədə COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizə təşəbbüsləri ilə çıxış etdi. Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə dövlətimizin başçısı bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq, Azərbaycan tərəfindən, eləcə də Qoşulmama Hərəkatı adından peyvəndlərə universal çıxışın reallaşdırılması ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini bildirdi. Həmin il noyabrın 18-də BMT Baş Assambleyasının 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olundu və səsvermə ilə qəbul edildi, dekabr ayında isə BMT Baş Assambleyasının plenar sessiyasında öz təsdiqini tapdı.
Bu, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin birləşdirilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirdiyini göstərdi. Bu, eyni zamanda, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri olmasının təsdiqi kimi diqqət çəkdi.

Riyad Rüstəmli
ADPU-nun rektor köməkçisi