Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi bu təşkilatın nüfuzunu daha da yüksəklərə qaldırdı. Bu, eyni zamanda, Azərbaycana yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək və gücləndirmək imkanı verdi. Bu ərazilərdən biri də Afrika qitəsidir. Azərbaycan Afrika ölkələri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini özünün xarici siyasət prioritetlərindən biri hesab edir. Bu baxımdan da Konqo Prezidenti Deni Sassu Nqessonun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Bu, Konqo Respublikası Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və onun nəticələrini çox səmərəli hesab etmək olar. Belə ki, aprelin 4-də Prezidentlər İlham Əliyev və Denis Sassu Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı” və “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nu imzaladılar.
Dövlət başçıları bu səfəri və Azərbaycan-Konqo əməkdaşlığının inkişafını tarixi hadisə kimi qiymətləndirərək, onun gözəl nəticələrinə əminliklərini ifadə ediblər. Mətbuata bəyanatla çıxışı zamanı Azərbaycan Prezidenti vurğulayıb ki: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında möhkəm dostluq münasibətləri qurulacaq”. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur. İmzalanmış Əməkdaşlıq Bəyannaməsi bunu bir daha təsdiqləyir”. İki ölkə arasında münasibətlərdə yeni səhifə açılır. Cənab İlham Əliyevin dediyi kimi : “ Biz siyasi iradə nümayiş etdirmişik və əminəm ki, birgə səylərlə biz bütün razılaşmaların həyata keçirilməsinə nail olacağıq”.
Azərbaycan və Konqo arasında əməkdaşlığın mühüm sahəsi beynəlxalq platformada birgə fəaliyyət və qarşılıqlı dəstəkdir. Bu gün tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT və dünyanın ikinci ən böyük qurumu olan Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədirlər. Prezident İlham Əliyev qeyd edir ki, 4 il ərzində Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib: “Konqo hər zaman bizim təşəbbüslərimizi dəstəkləyib və bunun nəticəsidir ki, sədrliyimiz dövründə institusional Qoşulmama Hərəkatının inkişafı təmin edildi”. Bu gün Qoşulmama Hərəkatının əvvəlkindən də güclü təşkilat olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki,: “Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır.” Bu kontekstdə xatırlamaq yerinə düşər ki, Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Azərbaycan daha bir qlobal problemi beynəlxalq gündəmə gətirərək, neokolonializmin çirkin simasını bütün dünyaya nümayiş etdirərək bu bəlaya qarşı mübarizənin önündə dayanıb: “Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir”. Bu, Konqo üçün xüsusilə yaxın və başa düşüləndir, çünki, nisbətən yaxınlarda müstəmləkə zülmündən xilas olunmuşdur.
Siyasi qarşılıqlı fəaliyyətin dərinləşməsi ilə yanaşı, bu gün tərəflər iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektivlər görürlər. Və burada zəngin təbii sərvətlərə malik ölkələr kimi Azərbaycan və Konqonu da ümumi cəhətlər çoxdur. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı sektorunda iştirak etmək niyyətindədir. Həmçinin, Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər olduğunu da qeyd etmişdir.
Göründüyü kimi, Azərbaycan ilə Konqo arasında strateji əməkdaşlıq üçün böyük təməl qoyulub. İndi onun praktiki məzmunla doldurulmasından gedir və iki dövlət başçısının münasibətinə əsasən, bu, yaxın gələcəkdə və ən yüksək səviyyədə həyata keçiriləcəkdir.
Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova