QHT-LƏR HAQQINDA QANUN DƏYİŞSƏ, TƏKCƏ NİZAMNAMƏLƏR DƏYİŞƏCƏK?

Bu yaxınlarda mətbuatda oxudum ki, Milli Məclis “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib. Layihə bu redaksiyada qüvvəyə minərsə, dövlət qeydiyyatında olan yerli QHT-lər 30 gün ərzində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq yenidən dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etməli olacaqlar.

İyirmi beş ildir ki, ictimai birliyə rəhbərlik edirəm. Açığı, bu xəbəri sakit qarşıladım. Nizamnaməmizi açıb lazımi dəyişiklikləri edərik. Mənim ürəyimcə olan başqa məsələdir. İstərdim ki, bu dəfə hər birimizdən soruşsunlar: nizamnamənizdə nəzərdə tutulan işlərin hansını görmüsünüz? Bu sualın mənim üçün niyə belə vacib olduğunu bir hadisə ilə izah edim.

Səhv etmirəmsə, 2010–2011-ci illər idi. Rəhbərlik etdiyim Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi “Azərbaycan xalqının soyqırımı qurbanları” adlı səyyar sərgini respublikamızın 27 şəhər və rayonunda açıq havada keçirirdi. Səbail Rayon İcra Hakimiyyətinin razılığı ilə sərgilərdən birini də Bakıda, icra hakimiyyətinin binası qarşısındakı parkda təşkil etmişdik.

Həmin gün bir qədər kənarda dayanıb sərgiyə gələnlərə baxırdım. Birdən üç-dörd QHT rəhbərinin canfəşanlığı diqqətimi çəkdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının plakatını açıb sərgiyə baxanları yanlarına çağırır, onlarla müxtəlif pozalarda şəkil çəkdirirdilər. Bir müddət təəccüblə baxdım. Sonra da düşündüm ki, tədbirə gəliblər, yəqin, xatirə şəkli çəkdirirlər. Yaxınlaşıb bir söz demədim.

Aradan bir müddət keçəndən sonra Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrə dair hesabat kitabı əlimə düşdü. Kitabı vərəqləyib sərgimiz haqqında məlumatı tapdım. Birliyimizin gördüyü işə cəmi bir neçə sətir ayrılmışdı. Həmin gün parkda plakat açıb şəkil çəkdirən QHT-lər haqqında isə elə təntənəli yazılmışdı ki, dönüb bizə aid sətirləri bir də oxudum.

İndi də o kitab yadıma düşəndə, ilk növbədə, özümə acığım tutur. Axı mən orada idim. Sərgini kimin təşkil etdiyini, camaatın ora nə üçün yığışdığını bilirdim. O gün parkda olmayan adam illər sonra həmin kitabı açanda nə biləcək? Bizim gördüyümüz işə iki cümlə də bəs edərdi. Təki o iki cümlədən sərgini kimin təşkil etdiyi, kimin də orada qonaq olduğu aydın görünəydi.

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifədə olduğu illərdə QHT və mətbuat mühitində gördüklərim məndə belə bir qənaət yaratmışdı ki, bəzi təşkilatların layihələrdə önə çıxmasında, mətbuatda geniş yer almasında vəzifəli şəxslərə yaxınlığın da öz payı vardı. Birlik rəhbəri kimi o illərdən yadımda qalan suallardan biri də budur: arxasında yalnız üzvləri və illərlə qapısını döydüyü ailələr dayanan təşkilatın əməyinə kim qiymət verəcək?

Bu gün də elə QHT-lər var ki, adlarını ən çox qrant müsabiqələrinin qalibləri açıqlananda eşidirik. Siyahıda öz adlarını görməyəndə elə etiraz edirlər ki, sanki bütün il boyu bu ölkədə ictimai işin ağırlığını təkcə onlar çəkiblər. Əlbəttə, müsabiqəyə layihə təqdim edən hər kəs nəticə ilə bağlı izahat istəyə bilər. Amma vətəndaşın da soruşmağa haqqı var: qrant almadığınız müddətdə kimin müraciətinə baxdınız? Qoltuğunuzdakı qovluğu açsaq, orada öz zəhmətinizlə gördüyünüz hansı işi taparıq?

Bu sualları özümüzə də aid edirəm. Birliyimizin fəaliyyətini öyrənmək istəyən şəhid ailəsindən soruşsun: tədbir başa çatandan sonra da qapınızı döymüşükmü? Kitab apardığımız məktəbin müəllimindən soruşsun: şagird o kitabı oxuyub öz rayonundan olan qəhrəmanı tanıya bilibmi? Məncə, bir təşkilatın illər ərzində nə iş gördüyünü bilmək üçün bəzən bir ailənin cavabı bütöv bir hesabatdan daha çox söz deyir.

Qanuna təklif olunan dəyişiklikləri o halda ürəkdən dəstəkləyərəm ki, sabah gördüyü işi göstərən hər kəsin əməyinə ədalətlə qiymət verilsin. Yoxsa bir möhür, bir sədr, bir də qoltuqda gəzdirilən qovluqla təzə nizamnamə təqdim etməyə nə var?

Mənim Səbaildəki o parkdan bəri cavabını gözlədiyim sual hələ də budur:

“Sabah o şəklin altında nə yazacaqsınız? 

Sərgidə iştirak etdiyinizi, yoxsa sərgini keçirdiyinizi?”

 

Elşən Uluxanlı

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma 

İctimai Birliyinin sədri