Azərbaycanın COVİD-lə bağlı təşəbbüsləri dünyaya bir nümunədir 

BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrin mahiyyətinə Azərbaycan rakursundan baxsaq, ilk öncə bu tədbirin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu vurğulaya bilərik. Ən azından ona görə ki, pandemiyanın başladığı ilk günlərdən Azərbaycanın irəli sürdüyü təşəbbüslər, ölkə daxilində koronavirusa qarşı aparılan mübarizədə atdığı addımlar təqdirəlayiqdir. Bunun bütün dünya ölkələri üçün nümunə olduğunu çəkinmədən söyləyə bilərik.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub. Prezident bu toplantının dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf etdiyini bildirib: "Biz, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolunu vurğulayırıq. Bu mənada biz Ümumdünya Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd edirik".

Qeyd edək ki, Azərbaycan pandemiyanın başladığı dövrdən ölkə ərazisində vətəndaşlar arasında heç bir fərq qoymayaraq hər kəsin Dünya Səhiyyə Təşkilatının tələb etdiyi səviyyədə müalicə olunması üçün lazımi dərman preparatları və eyni zamanda xəstəxanalarla təmin olundular. Vaksinləşmə məsələsində də ölkəmiz bütün imkanlarını səfərbər edərək vətəndaşlarımızın sağlamlığı keşiyində, sözün əsl mənasında, mətinliklə dayandı. Dövlət başçımız, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin birbaşa təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.

Məsələ burasındadır ki, heç də bütün dünya ölkələri COVID-19 pandemiyasına qarşı mübarizədə humanist mövqedə dayanmadılar. Cənab Prezidentin də dediyi kimi Kanada kimi ölkələr əhalisinin sayından 2-3 qat artıq miqdarda vaksin alaraq digər ölkələrin peyvənd vasitələri əldə etmək imkanlarını məhdudlaşdırmışdılar. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının üzvləri adından bu məsələni BMT və digər beynəlxalq təşkilatlar qarşısında qaldırmış və kasıb ölkələrə qarşı humanist yanaşmanın nümunəsini göstərmişdir. Belə ki, Azərbaycan tərəfindən 30 ölkənin hər birinə 5 milyon dollar dəyərində yardım paketi təqdim edilmişdir. Bu gün də pandemiyaya qarşı mübarizə qlobal yanaşma tələb edir. Az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir.

Cənab Prezident Azərbaycanın COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışladığını xüsusi qeyd edərək bildirib ki, ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik: "Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq".

Prezident İlham Əliyev ölkə adından çıxış edərək bildirib ki, Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir: Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Fürsətdən istifadə edərək, həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığımı bildirirəm".

Azərbaycan Prezidenti BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarı olduğunu bildirib: "Bundan sonra da təşəbbüslərimizin tərəfinizdən dəstəklənəcəyinə ümid edirik".

Aydın Hüseynov, Milli Məclisin deputatı