Qarabağda separatçıların olması sülh prosesinə böyük mane yaradır
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı danışıqlar davam etməkdədir. Bu istiqamətdə Prezident İlham Əliyev Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla bir neçə dəfə görüşüb. Növbəti olaraq isə Prezident İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşdən sonra cənab Prezident öz fikir və təəssürtalarını televiziya kanallarına verdiyi müsahibəsində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, görüş zamanı bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu: “Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil”.
Bu gün Ermənistan çox zəifləmiş şəkildədir. İşğalçılıq siyasəti Ermənistanın iqtisadiyyatın zəifləməsinə və nüfuzunun düşməsinə səbəb olub. Hər halda bu baxımdan seçim Ermənistanındır. Əgər sülh danışıqlarında konsturuktiv mövqe göstərərsə, onun böhran vəziyyəti dayancaq. Azərbaycanın təzyiqi Ermənistan dövlətinin zəifləməsinə, o cümlədən Azərbaycanın bütün variantlardan istifadə etməsinə gətirib çıxarda biləcək.
Prezident İlham Əliyev görüşdə Laçın-Xankəndi yolundakı vəziyyətin də müzakirə edildiyini vurğulayıb: “Burada hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və
Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir. Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər”. Qeyd edək ki, ötən ilin dekabrın 12-dən başlayaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Laçın-Xankəndi yolunda həyata keçirdiyi etiraz aksiyası hələ də davam etməkdədir. Ermənilər hazırda dünyanı hər zamanki kimi aldadaraq Laçın- Xankəndi yolunun guya azərbaycanlılar tərəfindən bağlandığını bildirirlər. Lakin Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.
Xatırladaq ki, Prezident İlham Əliyev Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra da Azərbaycan televiziya kanallarına müsahibə verib. Cənab Prezident müsahibəsində əsasən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsinə yer verərək Azərbaycanın mövqeyinin tamamilə məntiqli olduğunu qeyd edib: “Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır”.
Ermənistan Vətən müharibədən sonra razılaşmaların icrasını uzatmağa çalışır və ümid edir ki, geosiyasi proseslərin dəyişməsinə onların xeyirnə olacaq. Hazırda isə bu dəyişiklik Ermənistanı, elcə də Paşinyan hakimiyyətini daha da uçuruma aparır. Bu gün Paşinyanın açıqlamaları və “sülh təklifləri”nin heç biri Azərbaycan üçün məqbul hesab olunmur. Çünki Qarabağda separatçıların olması sülh prosesinə böyük mane yaradır. Buna görə də Qarabağdakı separatçılara qarşı daha praktik addımlar atılmalıdır.
İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,
Siyasi elmlər üzrə elmlər doktoru, professor