Zəlimxan Yaqubun 2006-cı ilin payızında qələmə aldığı "Hüseyn Saraçlı dastanı” dastan-romanı nəsrlə nəzmin qarşılıqlı vəhdəti şəklində yazılmışdır. Əsərin nəsrlə olan parçalarının təhkiyəsi çox mükəmməldir. Dili son dərəcə səlis və rəvandır. Həmin hadisələrin təsviri nəzmlə verilsə, bəlkə də, əsərin dilində xoşagəlməz bir yorğunluq yaranardı. Poemanın yazılmasında dastançılıq ənənəsinə kifayət qədər əməl edilmişdir. Əsər üç ustadnamə ilə başlayır. Sonra isə müəllif buta almanı xatırladan yuxu görür. Bu əsərin yazılması üçün şair ustad aşığın özündən xeyir-dua alır. Əsər boyu müəllifin obrazını da müşahidə etmək olur. O, bəzən qəhrəmanı ilə həmsöhbət olur və ona həyati suallar verir. Elə ilk sualları da aşığın keçmişinə işıq salır. Aşıq bu qədər dərdli olmasının səbəbini on yaşı olarkən atası Qurban ağanın Saraçlının Yuxarı başında, Qaraqayanın döşündə, Qalxma arxının üstündə şura höküməti tərəfindən rus beşaçılanı ilə güllələnməsi ilə izah edir. "Qurban kişinin ölümündən üç gün sonra hökümətdən kağız gəlir ki, onu güllələmək olmaz, bağışlamaq lazımdır”. Bu epizodlarla keçən əsrdə mövcud quruluş tərəfindən xalqımızın başına gətirilən haqsız müsibətlərin iç üzü göstərilir. Qərarı verilməmiş içrası həyata keçirilən məqsədyönlü qətllərin məramı aydınlaşdırılır.
Aşıq ailənin ikinci övladı olduğu üçün atasının
öldürülməsindən sonra anası Yetər xanımla ailəni dolandırmaq əziyyəti onun üzərinə
düşür. Bu cür haqsızlıqların qurbanı yalnız onlar deyildi. Poemada eyni taleyi
yaşayan tarixi şəxslərdən bir neçəsinin adı çəkilir. Onlardan şair Ağacanın və
müəllifin ana babası Sərdəroğlu Qurbanın da 1937-ci il sürgünlərinin qurbanı
olması həmin dövrün reallıqlarını olduğu kimi göstərir. Əsas hadisələr müəlliflə
aşığın söhbətləri fonunda söylənilir. Onların söhbətlərində tez-tez folklora əsaslanan
haşiyələr olur. Borçalı və ətrafında olan Azərbaycan torpaqlarının kəndbəkənd
adı çəkilir. Danışılan əhvalatların çoxundan Hüseyn Saraçlının şeirlərinin necə
yaranması tarixçəsi bəlli olur. Aşığın uşaqlıq illəri və nəsil şəcərəsi barədə
lazımlı məlumatların verilməsi ilə poemanın ekspozisiyası yekunlaşır.
Hüseyn Saraçlının atasının dostu Tomarrı Qurban
kişigilə Cücəkəndə getməsi və onun qızı Şahsənəmə vurulması ilə əsərin
razvyazkası başlayır. Onun qızla əhdi-peyman bağlayıb anasına bu xəbəri
çatdırması ilə əsərə düyün vurulur. Anası ona bildirir ki, bu sevda elə
atasının da uşaqlıq arzusu olub. Ata qəbrindən xeyir-dua alıb nişan edirlər.
37-ci ilin fəlakətləri onları iki il nişanlı qalmağa məcbur edir. Evləndikdən
sonra üç oğulları, üç qızları olur.
Bundan sonrakı bölümdə yenə müəllif yuxusunda iki dəfə
aşığı görür. Ona verilən suallar və alınan cavablar türkün taleyindən
narahatlığı əks etdirir. Bu hissədə çoxlu türk torpaqlarının adları çəkilir və
onların indiki durumundan gileylər verilir. Bununla yanaşı, bir çox ustad
aşıqların, kəndlərin, xalq oyunlarının, milli yeməklərin, yol-izlərin adları çəkilir,
onları qorumağı türklüyü qorumaq kimi xarakterizə edir. Həm də Hüseyn
Saraçlıyla bir çox başqa aşıqlar arasında olmuş əhvalatlar milli örnək kimi təqdim
olunur. "Aradan 27 il keçib, mən niyə bu xatirəyə qayıtdım? Qayıtdım ona görə
ki, köhnə kişilərin kişi xarakteri var idi”. Ümumiyyətlə, poemada Hüseyn
Saraçlı ilə bağlı bir çox əhvalatlara yer verilmişdir. Onunla birgə digər sənətkarlarımız
haqqında da ibrətamiz bilgilər almış oluruq.
Digər bölümdə Hüseyn Saraçlının Göyçəyə Aşıq Ələsgərin
ziyarətinə getməsi əhvalatı söylənilir. Bu hissədə biz aşığın sazını, çəkməsini,
papağını ustalardan böyük hörmət və sayğı ilə almasının şahidi oluruq. O, Göyçəyə
çatanda gənc şairlərlə rastlaşır, onlarla şeirləşir, daha sonra Ağkilsəyə yol
alır. Hamı Borçalı aşığını dərin hörmətlə qarşılayıb onun şərəfinə məclis
qurur. Ələsgərin sonbeşik oğlu 70 yaşlı Aşıq Talıb da getdiyi toyu başa vurub,
qonağının yanına tələsir. Hüseyn Saraçlı həm Aşıq Talıbla, həm də Ələsgərin
qardaşı Məşədi Salahın nəvəsi İsmixanla deyişib saz-söz məclisi qurur. Müəllif
qəhrəmanının Göyçə səfərini məqsədli şəkildə təfərrüatı ilə təsvir edir. Ermənilərin
göyçəlilərə tutduğu divanlardan bəhs edir. Erməni zabiti Vahramın anasına
yazdığı məktubun mətnindən onların necə amansızlıqlar etdiyi bəlli olur. "Elə
bil aşığın sümüyünə dammışdı ki, bir vaxtlar Göyçə boyda bir mahal yerindən
oynayacaq...” Ona görə də, Zəlimxan Yaqub da fürsətdən istifadə edib, Göyçə və
göyçəlilərlə bağlı bildiklərini oxucularına çatdırır. Növrəs İmanla və Aşıq Ələsgərlə
bağlı həqiqətləri qələmə alır. Aşıq Ələsgərin yeddi ildə bir dəfə günün günorta
çağları üç saat gömgöy axan çayın suyundan içib aşıqlıq vergisi aldığı qeyd
olunur. O sudan içmək də hər adamın qismətinə düşmür. Beləcə Hüseyn Saraçlının
Göyçə səfəri yeni dastanların və xatirələrin yaddaşa həkk olunması ilə başa
çatır. O, yolüstü qayıdanda Kəlbəcərə də baş çəkir Oranın meşəbəyinin oğlu Məhəmmədlə
Güləndamın da toyunu edib Dədə Şəmşirin qonağı olur. "Onların heç biri
bilmirdi, heç vaxt da bilməyəcəkdilər ki, bu gün toy-tamaşa meydanına çevrilən
ana Kəlbəcər, Ağdaban kəndi, Aşıq Qurban ocağı, Ağdabanlı Qurbanın, Dədə Şəmşirin
əlyazmaları da Kəlbəcər oğulları kimi şəhid olacaq, yanıb külə dönəcək və heç
vaxt bu yaralar sağalmayacaq”. Əslində
şairin bu səhnələri qələmə almaqda məqsədi, torpaqlarımızın işğal olunmasıyla bərabər
itirdiyimiz milli-mənəvi dəyərlərimizi də yada salmaqdır. Sonra aşığın Qarabağa
səfəri və orada Aşıq Xaspoladla görüşündən və deyişməsindən bəhs olunur. 80-ci
illərdə kərkük şairi Əbdüllətif Bəndəroğlu ilə bizim şairlərin görüş xatirələri
danışılır. Şair bu xatirələri yada salmağın məqsədini belə izah edir: "Şərə-böhtana,
qana qırğına saldılar Qarabağı. Borçalıdan köç başladı. Yüz ildi bu köç
yavaş-yavaş gəlirdi, indi çox iti yerişlə gəlir. Nə Kərkükdə başlanan talanın
qarşısın ala bilirik, nə Borçalıdan başlanan köçün yollarını kəsə bilirik, nə
Qarabağımızı qaytara bilirik”. Bu kimi narahatlıq dolu misraları oxuduqca məlum
olur ki, əslində müəllif əsəri yazmaqla sadəcə aşığın həyat tarixçəsini təsvir
etmək fikrində olmayıb. O, bu keşməkeşli həyat tarixçəsi fonunda XX əsrdə Azərbaycanın
bilərəkdən parça-parça edilməsinin səbəb və məqsədlərini bir növ təhlil edir.
Şair yenə yuxusunda ustad aşıqla söhbət edir. Onun
özünə şəyird seçərkən hansı meyarlara üstünlük verməsindən bəhs edilir. "Ay
oğul, mən ağa nəslindən şəyird götürmürəm” sözləri aşığın dilindən verilən
sitatdır. Həm də onun öz sözləri ilə şəyirdlərinin adları sadalanır. "Mənim şəyirdlərimin
hər biri ad aldı, şan-şöhrət sahibi oldu. Sarallar Aşıq Əmir ilk şəyirdim olub.
Onun xəzinəsi çox zəngin idi. Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı, Nurəddin
Qasımlı, Sədi Ulaçlı, ... son şəyirdim xətrini çox istədiyim Aşıq Muraddı.
Axırıncı dəfə sazımı Dəllərdə onun oğlunun sünnət toyunda çalmışam”.
Poemanın əsas leytmotivi Borçalıdan olan aşığın
timsalında Borçalının aqibətinə nəzər salmaqdır. Hüseyn Saraçlıdan sonra o
mahalın necə yoxluğa doğru getməsinin kədərini əks etdirməkdir. Əslən
Borçalıdan olub, sonralar didərgin həyatı yaşayanların da obrazı yaradılır.
"Günlərin bir günü belə bir məktub İstanbuldan – Qul Mehdidən gəldi. Aydın oldu
ki, onun şairliyi də var. Özü də şair Nəbinin eloğlusudu, Faxralı kəndindəndi.
Hasannılardandı. İkinci Cahan savaşında almanlara əsir düşüb, öz xilas yolunu
Türkiyədə tapıb”. Hüseyn Saraçlı tezcə Qul Mehdinin məktubuna cavab yazsa da, məktub
yalnız onun məzarı üstündə oxuna bilir. Poemada aşığın haqq aşığı olmasına işarə
edən çoxlu haşiyələr var. Onlardan biri də belədir. Aşıq Lök Candarına toya gedərkən
yolda bir insanla rastlaşır.Həmin adamın qatil olduğunu və keçirdiyi hissləri
anlayır. Gedib toya çatarkən bəlli olur ki, qatil elə həmin aşıq toyunu eləməyə
gəldiyi oğlanı öldürübmüş.
Əsərdə Hüseyn Saraçlının müxtəlif bölgələrə səfərlərindən
və orda qazandığı hörmətlərdən də bəhs edilir. Onun Aşıq İslam Ərdənərlə
Borçalıda görüşü vətəndən didərgin düşənlərin vətənə dönüşünün simvolu kimi
verilib. Təbrizin cəngavər aşığı Aşıq Hüseyn Cavanla Gəncədəki görüşü Təbriz həsrətini,
vətənin parçalanmasını ifadə edir. Dərələyəzdə İbrahim kişinin bir həftə
saz-söz məclisinin qonağı olması, Sərraf Qasımla deyişmələri bütövlük rəmzi
kimi xarakterizə olunub. Bunların içərisində ən təsirli səfər Qazaxıstan səfəridir.
Otuzuncu illərdə Füzuli rayonunun Kərimbəyli kəndindən sürgün edilənlər
haqqında ayrıca poeması olsa da, bu əsərdə də həmin məsələyə toxunulub. Əskiparadan
sürgün edilən Bimar Mehralı adlı şairlə olan əhvalat represiya illərinin bütün
acınacaqlı anlarını göz önünə gətirir. Mehralının butası olan Gülnara elçi
gedirlər. İki il sonra onlar aşığı Qırğızıstana oğullarının sünnət toyuna
çağırırlar. Aşıq da uşağın adını Vətən qoyur. Aşıq qayıdandan altı ay sonra
Bimar Mehralı ona məktub göndərir. Məktub Hüseyn Saraçlıya yetişəndən bir həftə
sonra Bimar ayrılığa dözə bilməyib ölür. Poemada Hüseyn Saraçlı ilə bağlı əhvalatlar
qələmə alınarkən, məqamı gəldikcə digər sənətkarlarla bağlı epizodlar verilir.
O, bütün şəyirdləriylə birgə Ağbaba mahalına qonaq gedir. Orda baş verən hadisələr
söylənilərkən Aşıq Şenliyin Mehdixanların toyunda zəhərlənməsi hadisəsi də qələmə
alınır. Eləcə də Faxralıda şair Nəbinin qəbrini ziyarət edərkən bir çox başqa sənətkarlar
haqqında da bilgi almış oluruq.
Əsərin final hissəsini Zəlimxan Yaqub "Kim idi Aşıq
Hüseyn Saraçlı?” sualı ilə başlayır. Cavabı da özü verir ki, əslində onun
kimliyi onun böyüklüyündə idi. Müəllif bu böyüklüyü belə qiymətləndirir. "Böyük
sənət də özünü ağlayan, içinə enən, əslinə, kökünə qayıdan sənətdi”. Sonluğa
yaxın poemanın yazılmasının əsl səbəbinin faciələrimizin yaddan çıxarılmaması,
mənəvi səfərbərliyə çağırış olduğu məlum olur. Aşığın 70 illik ömür yolunu qələmə
almaqda şairin məramı əsl insan həyatı yaşayanların örnək kimi dəyərləndirilməsidir.
Aşıq 1987-ci ildə dünyasını dəyişsə də, şair onun qəbri üstə verdiyi sözə 20 il
sonra əməl edir. Onun adına dastan bağlayır. "O mənim Şəmsim oldu, mən onun
Mövlanası,- Aşıq Hüseyn Saraçlı” misraları ilə səmimi etiraflarını edir.
Poemaya diqqətlə nəzər saldıqda sanki elmi tədqiqat təsiri bağışlayır. Hətta
poemanı folklor toplusu da adlandırmaq olar. Əsərdə çoxlu atalar sözü və məsəllər,
rəvayətlər, bayatılar işlədilməklə bərabər, bir çox aşıq havalarının, aşıqların
və.s adları çəkilmişdir. Xeyli dastanların adlarına rast gəlirik.
Gülnar
Səma