Xalqın azadlıq və müstəqillik mübarizəsi tarixinə
qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının
milli qürur hissi duyduğu ən əlamətdar günlərdən biridir. Əsrlərlə azadlıq və
müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində öz
arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən
müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalq 1918-ci il
mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən
azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan
Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ,
tarixi hadisə oldu.
Heç kəsə sirr deyil ki, Azərbaycan xalqı yeni əsrə
və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Bütün həyatını
xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə
xalqa arxalanıb, ən çətin anlarda ona müraciət etmişdi. Xalq da heç vaxt ondan
öz dəstəyini əsirgəməmişdi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki,
Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını
qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. Ulu Öndərin
xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq
hafizəsi, geniş dünyagörüşü, polad iradəsi və yüksək intellekti bir dövlət
başçısı kimi onun ən yüksək keyfiyyətlərdən idi. Ulu Öndər Heydər Əliyevin
respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını
özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi
işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə
çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu
Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında
rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı olaraq təsdiq edilmişdi. Bununla da müstəqilliyə gedən yolun əsası
qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın
atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər
cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Azərbaycanın müstəqil dövlət kimi
ilk Konstitusiyası qəbul edildi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki,
müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq
daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən
qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin
siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı
ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan
torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin
bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn
Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda
daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir
çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət
Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi”
Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün
yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi.
Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı,
dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət
nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu.
İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın
milli ordusu - Silahlı Qüvvələr yaradıldı.
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini
bugünkü gündə Prezident cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Ölkə
başçısının diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz
olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın ən güclü orduları sırasında
özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. 2020-ci il sentyabrın
27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı
başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi
Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü
ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi,
ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın
şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və
Ermənistanın baş nazirinin birgə imzaladıqları Bəyanat da məhz düşmən ölkənin
kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi
oldu.
Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin və
rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız artıq altı ildir ki, 28 May -
Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən
müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.
Hazırkı dövr respublikamız üçün xüsusilə əlamətdar
bir mərhələni təşkil edir. Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən
biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük
Qayıdışın təmin olunmasıdır.
Qeyd etmək yerinə düşər ki, güclü dövlət olan Azərbaycan
işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa
çatdıqdan dərhal sonra başladı. Artıq ərazi bütövlüyünü təmin edən Azərbaycan
vətəndaşları öz torpaqlarına geri dönür. Əminliklə deyə bilərik ki, bu dönüş qürurlu
və möhtəşəmdir, işğaldan azad edilmiş ərazilərimiz
ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradır.
Bir sözlə, bu gün məhz ümummilli lider Heydər
Əliyevin siyasi kursunun böyük uğurla davam etdirilməsi nəticəsində möhtəşəm
tarixi Zəfərə imza atıldı. Ümummilli Liderin ən böyük arzusu gerçəkləşdi - Azərbaycanın
ərazi bütövlüyünün bərpa edildi! Bütün bunlar onu deməyə əsas verir ki, vaxtilə
Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi
təmin edilir.
Akif
Rəfiyev,
Binəqədi
Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas