28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şərəfli
və unudulmaz günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması ilə xalqımız özünün çoxəsrlik dövlətçilik ənənələrini
bərpa etmiş, milli azadlıq və müstəqillik arzularını gerçəkləşdirmişdir. Həmin
gün qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan bütün dünyaya müstəqil
dövlət olduğunu bəyan etmiş, Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi
və dünyəvi respublikanın əsasını qoymuşdur. Bu əlamətdar tarix hər bir azərbaycanlı
üçün qürur və iftixar mənbəyidir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli
oyanışının, azadlıq uğrunda mübarizəsinin və siyasi iradəsinin nəticəsi idi. Cəmi
23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə
mühüm dövlətçilik ənənələri formalaşdırmağa nail olmuşdur. Yeni yaradılmış
hökumət demokratik idarəçilik prinsiplərinə əsaslanaraq parlamentli respublika
modeli qurmuş, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət
yetirmişdir. İlk dəfə olaraq qadınlara seçki hüququ verilmiş, bütün vətəndaşların
hüquq bərabərliyi təmin edilmişdir. Bu, həmin dövr üçün təkcə regionda deyil,
dünyanın bir çox ölkələrində belə nadir demokratik addımlardan biri idi.
Azərbaycan Xalq Cümhuriyyəti milli təhsil sisteminin
qurulmasına da böyük önəm vermişdir. 1918-ci ildə qəbul edilən qərarlara əsasən
məktəblərdə tədrisin ana dilində aparılmasına başlanılmış, milli maarifçilik
siyasəti həyata keçirilmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin
yaradılması isə ölkədə ali təhsilin inkişafı baxımından mühüm hadisə olmuşdur.
Bu addım milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış ən böyük
addımlardan biri kimi tarixə düşmüşdür.
Cümhuriyyət dövründə hüquq və ədliyyə sisteminin
formalaşdırılması istiqamətində də ciddi işlər görülmüşdür. 1918-ci il mayın
28-də Ədliyyə Nazirliyinin yaradılması dövlət quruculuğunun mühüm göstəricilərindən
biri idi. Sonrakı dövrdə məhkəmə orqanlarının fəaliyyəti tənzimlənmiş, hüquqi
dövlət prinsiplərinin tətbiqinə başlanılmışdır. Bütün bunlar Azərbaycan Xalq
Cümhuriyyətinin müasir dövlətçilik ənənələrinin əsasını qoyduğunu göstərir.
Lakin mürəkkəb beynəlxalq və daxili siyasi vəziyyət Azərbaycan
Xalq Cümhuriyyətinin uzunömürlü olmasına imkan vermədi. 1920-ci ilin aprelində
bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etsə də, onun ideyaları xalqın
yaddaşında yaşayaraq gələcək müstəqilliyin əsasını təşkil etdi. Azərbaycan
xalqı heç zaman azadlıq ideallarından vaz keçmədi və uzun illərdən sonra yenidən
dövlət müstəqilliyinə qovuşdu.
Tarix göstərir ki, hər bir
xalq üçün azadlıq və müstəqillik əldə etmək böyük qəhrəmanlıq tələb etdiyi
kimi, onu qorumaq daha böyük siyasi iradə, milli birlik və güclü dövlətçilik ənənələri
tələb edir. Azərbaycan xalqı da bu çətin yolu keçərək öz dövlət müstəqilliyini
qoruyub möhkəmləndirməyi bacarmışdır. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət
müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz ciddi təhlükələrlə üzləşdi. Həmin çətin
dövrdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin
xilası oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi
sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və müstəqilliyimizin
əbədi olması üçün möhkəm təməl yaradıldı. Heydər Əliyevin “Müstəqilliyi qoruyub
saxlamaq onu qazanmaqdan daha çətindir” fikri dövlətçilik fəlsəfəsinin əsas
istiqamətlərindən birinə çevrildi: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan
xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda
Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti
qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin,
dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını
yaratdı”. Ümummilli Lider Heydər Əliyevin bu fikri hər bir azərbaycanlı üçün
mühüm mesajdır: müstəqillik yalnız əldə edilən siyasi status deyil, həm də daim
qorunmalı olan milli sərvət və tarixi məsuliyyətdir.
Bu gün Ulu Öndərin siyasi kursu Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan sürətlə inkişaf edən, beynəlxalq aləmdə nüfuzu artan güclü dövlətə
çevrilmişdir. Demokratik idarəçilik prinsipləri, iqtisadi inkişaf, sosial rifah
və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə
olunmuşdur. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etmiş, tarixinin ən qüdrətli dövrünü yaşayır. Prezident
İlham Əliyevin 28 may 2025-ci ildə Laçında çıxışında qeyd etdiyi kimi: “107 il
bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq
Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan
Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında
müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin
noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan
ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan
xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq
xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi
ruhlandırırdı və iradəmizi gücləndirirdi”. Bu fikir Azərbaycan xalqının tarix
qarşısındakı böyük xidmətini bir daha təsdiqləyir. Bu gün müstəqil Azərbaycan
Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi onun dövlətçilik
ənənələrini yaşadır və inkişaf etdirir.
Müstəqil
Azərbaycan artıq regionun lider dövlətlərindən biridir. Ölkəmiz beynəlxalq
layihələrdə fəal iştirak edir, qlobal enerji və nəqliyyat layihələrinin əsas tərəfdaşlarından
biri kimi çıxış edir. Azərbaycanın daxili və xarici siyasəti yalnız milli
maraqlara əsaslanır və dövlətimiz öz müstəqil siyasətini qətiyyətlə davam
etdirir.
28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli
birliyinin və dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularının idealları bu gün müstəqil və qüdrətli Azərbaycan Respublikasında
yaşayır. Xalqımız öz tarixi köklərinə, milli dəyərlərinə və dövlətçilik ənənələrinə
sadiq qalaraq daha böyük uğurlara doğru inamla irəliləyir.
Rüstəmova
Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent