Prezident İlham Əliyevin mayın 18-də Euronews televiziyasına verdiyi son müsahibə Azərbaycanın beynəlxalq mövqeyi və qlobal proseslərdə artan roluna dair mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan artıq yalnız regional məsələlərdə deyil, beynəlxalq əməkdaşlıq platformalarında da ciddi siyasi çəkisi olan dövlət kimi qəbul edilir. Xüsusilə son illərdə Bakıda keçirilən nüfuzlu beynəlxalq tədbirlər ölkəmizin diplomatik imkanlarının genişləndiyini nümayiş etdirir.
Bu fikirlər aia.az saytının baş redaktoru Azər Məmmədovun şərhində yer alıb.
Media təmsilçisi Azərbaycanın əldə etdiyi bu mövqeyin təsadüfi olmadığını, ölkənin həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaş imicini formalaşmasının uzun illər ərzində həyata keçirilən balanslaşdırılmış xarici siyasətin nəticəsi olduğunu vurğulayıb və müxtəlif beynəlxalq aktorlarla münasibətlərin qarşılıqlı hörmət və milli maraqlar əsasında qurulduğuna dair Prezident İlham Əliyevin müsahibəsində yer alan fikirləri diqqət mərkəzinə çəkib: “Bu yanaşma mürəkkəb geosiyasi şəraitdə ölkənin manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bu gün Bakı artıq yalnız Azərbaycanın paytaxtı deyil, həm də beynəlxalq müzakirələrin aparıldığı mühüm platformadır. COP29 və WUF13 kimi qlobal tədbirlərin Azərbaycanda keçirilməsi bunun ən parlaq nümunələrindən biridir. Euronews-a müsahibəsində də Prezident İlham Əliyev Azərbaycanın qlobal problemlərin həllində fəal iştirak etdiyini xüsusi vurğuladı. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələlərində Azərbaycanın nümayiş etdirdiyi mövqe ölkənin beynəlxalq nüfuzunu gücləndirən əsas amillərdəndir.
Baş redaktor Azərbaycanın uğurunun əsas səbəblərindən birinin daxili sabitliyin qorunması ilə bağlı olduğunu da nəzərdən qaçırmayıb. Öz şərhində Azər Məmmədov bildirib ki, son illərdə ölkədə həyata keçirilən iqtisadi və institusional islahatlar dövlətin dayanıqlığını artırıb. Güclü iqtisadi potensial isə xarici siyasətdə daha müstəqil davranmaq üçün mühüm imkan yaradıb: “Bu gün Azərbaycan heç bir beynəlxalq mərkəzdən asılı olmadan öz milli maraqlarını müdafiə edən dövlət kimi çıxış edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri də məhz Azərbaycanın müxtəlif qlobal layihələrdə oynadığı rolu barədə idi. Avropanın enerji təhlükəsizliyində ölkəmizin əhəmiyyətinin artması Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Bununla yanaşı, Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanın nəqliyyat-logistika imkanları da beynəlxalq maraq doğurur. Bütün bunlar onu göstərir ki, Azərbaycan yeni mərhələdə özünü yalnız regional güc kimi deyil, qlobal dialoq iştirakçısı kimi təqdim edir. Prezident İlham Əliyevin Euronews-a müsahibəsi də məhz bu reallığın siyasi və diplomatik təqdimatı kimi qiymətləndirilməlidir.”