"EkoSivil Gənclik" layihəsi başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "İRƏLİ" İctimai Birliyinin təşkilati dəstəyi ilə Firuzə Harunovanın rəhbəri olduğu "EkoSivil Gənclik" layihəsi başa çatdı.

"Ekosivil Gənclik" layihəsinin əsas məqsədi gəncləri davamlı inkişaf konsepsiyası haqqında dərindən məlumatlandırmaq, ekologiya və yaşıl iqtisadiyyat sahələrinə marağı artırmaq və gənclərin "yaşıl fəaliyyət"-ini stimullaşdırmaq idi.

20-ci əsrin sonlarında Yer kürəsində mövcud təbii ehtiyyatların azalması, bəzi hallarda isə tükənməsi, ətraf təbii mühitin çirklənməsi və pozulması kimi məsələlər kəskinləşdi və nəhayət ki, bəşəriyyəti düşündürməyə başlayıb. Elə o zamanlar sivilizasiyanın yeni mərhələsinə keçidin zəruriliyi konsepsiyası ortaya çıxıb. Davamlı insan potensialına əsaslanan ekolojı sivilizasiyaya keçid prosesinin ən əsas amili insandır. Yaşıl iqtisadiyyatı yalnız "yaşıl təfəkkür"-ə malik olan, sosial məsuliyyətini dərk edən insanlar həyata keçirə bilər. Bu səbəbdən ekoloji sivilizasiyaya keçidin idarə edilməsində təhsil və məlumatlandırmanın rolu olduqca əhəmiyyətlidir.

3 gün davam edən "Ekosivil Gənclik" layihəsi çərçivəsində təlimçi Seymur Məmmədovun təqdimatında "Davamlı inkişaf konsepsiyası”, "Davamlı inkişaf hədəfləri”, "Ekoloji düşüncə və təfəkkür”, "Ekoloji Start-up”, "Biznes və ekologiya arasında qarşılıqlı əlaqələrin qurulması” mövzusunda təlimlər keçirilib. Layihə müddətində Ekoloji və ümumi biliklər üzrə "Xəmsə” intellektual oyunu və müxtəlif komanda işləri keçirilib. Layihənin sonunda iştirakçılar öz "yaşıl” start-up ideyalarını təqdim edib və Şəhadətnamə ilə mükafatlandırılıblar.