Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı tikinti işləri yekun mərhələdədir.
Bu barədə Sabahinfo.az-a Bakı Şəhər Halqasından məlumat verilib.
Qeyd olunub ki, tikinti işlərinə aprelin əvvəlindən başlanılıb və nəzərdə tutulan qrafikə uyğun aparılır. Yarışın yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər həyata keçirilir. Hazırda yolkənarı təhlükəsizlik baryerləri quraşdırılır, "pitstop" və "paddock" binasının tikintisi başa çatmaq üzrədir, artıq binanın üst hissəsində işlər yekunlaşdırılıb və içərisində tamamlama işləri aparılır. Yarış həftəsinə qədər işlər tam yekunlaşdırılacaq.
Vurğulanıb ki, bu il pandemiya səbəbindən yarışlar tamaşaçısız keçirildiyi üçün tamaşaçı tribunaları quraşdırılmır.
Hazırda Formula 1 yarışmasının keçiriləcəyi trasda da bir sıra təmir-bərpa işləri həyata keçirilir. Trasda hər hansı bir ciddi zədə yoxdur, ancaq hər il olduğu kimi yarışdan əvvəl trasın tam hazır vəziyyətə gətirilməsi üçün yollarda təmir-bərpa işləri aparılır, həm yolun səthində, həm də digər hissələrində müəyyən yenilənmə həyata keçirilir. Bu işlər də yarış həftəsinə qədər tam yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.