Allahşükür Ağa - Bir quş qanadı qədər sevinmək istəyirəm

Ay dunya...

Güllə varsa açılacaq, Bəs indi biz neyləyək? Bir əlimizdə bayraq, birində güllə, Bir əlimizdə quran, birində güllə, Bir əlimizdə uşaq əli,  Birində güllə, Biz kimi qoruyuruq, ilahi, kimi?

Taxıl əkirik, tank düzəldirik, Məktəb tikirik, top düzəldirik, Dərs söyləyirik, düşmən göstəririk, Kimi aldadırıq kimi, ilahi? Biz neyləyək, Kimin yanıda duraq? Deyəsən dərs qurtardi, zəng çalındı, Bəlkə dünyadan çıxaq?

Yağış

Göylərin dərdini deyib yerlərə, Dağlarda, düzlərdə sellənən yağış. Buludun bir sevgi məktubu kimi, Küləyin əlində yellənən yağış.

Şimşəklər qırmızı sətirləridi, Ildırım diliylə dillənən yağış. Damcısı torpağa dəyib əzilən, Sonra çiçəklərlə güllənən yağış.

Yoxsul adamları küsdürüb bəzən, Küçədə, yollarda bellənən yağış. Içindən sevgisi qutaran kimi, Iri çalalarda göllənən yağış.

Göllənib torpaqda fikir eləmə, Yenidən göylərə qayıdacaqsan. Döyüb qapımızı, pəncərəmizi, Sən bizi yuxudan oyadacaqsan.

Bayraq şəkli

Körpə süd şüşəsindən elə yapışıb, Elə bil, bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim o uşağın şəklini vurardım Bütün ölkələrin bayaraqlarına. Kim istəməzdi bunu? O uşağın balaca ayaqlarını elə çəkərdim ki, Yer üzündə bütün qumbaralar Bir anda intihar edərdilər. Generallar döşlərindəki ördenləri  Bir an içində qoparıb atardılar.

Tankın yadına düşər Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu. Güllələrin yadına düşər  Uşaq barmaqlarına bənzəməyi. Və Suriyada uşaqların süd şüşəsinə dəyib Qollarını üzməyi. Mən bu bayraq şəklini Tez çəkə bilsəydim...

Arzu

Bir quş qanadı qədər sevinmək istəyirəm. Hanı qanadlar, qırıldı ki... Quşları güllələr yamsıladı, Güllələr quşlara vuruldu ki...

Fikir kimi şütüyən bir arı qədər sevinmək istəyirəm, Hanı, arılar şəkərlə aldadıldı ki...

Balıqlar dənizin xəyallarıdı, Bir balıq qədər atılıb düşmək istəyirəm, Hanı, bütün balıqlar tordadı ki...

Yarpaqlar çiçək olanda  Qırmızı bir alma kimi gülmək istəyirəm, Hanı, bu il meyvələr olmadı ki...