“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib

Noyabrın 14-də Xətai Sənət Mərkəzində görkəmli Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunmuş “Sabirin sözü, zamanın gözü” adlı kitabın təqdimat mərasimi və eyniadlı sərginin açılışı keçirilib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, elm adamları, ziyalılar, QHT və media nümayəndələri, tələbə və gənclər iştirak ediblər.

“Sabirin sözü, zamanın gözü” adlı layihə çərçivəsində Mirzə Ələkbər Sabir Fondu tərəfindən hazırlanan nəşr şairin zəngin ədəbi irsinə həsr olunmaqla yanaşı, onun yaradıcılığının Azərbaycan təsviri sənətində yaratdığı bədii əks-sədaları özündə birləşdirir.

Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli bildirib ki, “Sabirin sözü, zamanın gözü” kitabı şairin ölməz irsinə müxtəlif dövrlərdə rəssamların fırçasından süzülən bədii baxışları əks etdirən dəyərli sənət toplusudur. Nəşrdə 1906-cı ildən bu günə qədər müxtəlif illərdə tanınmış rəssamlar tərəfindən Mirzə Ələkbər Sabirin şeirlərinə çəkilmiş illüstrasiyalar, qrafik əsərlər və digər vizual materiallar bir araya gətirilib.

Qeyd olunub ki, uzun illər ərzində müxtəlif kitabların səhifələrində, dövri mətbuatda pərakəndə şəkildə qorunub saxlanılan, yaxud ayrı-ayrı nəşrlərdə yalnız qismən təqdim olunan bu bədii irs ilk dəfə sistemli şəkildə toplanaraq ümumiləşdirilib. Nəşr yalnız Sabirin yaradıcılığını deyil, həm də müxtəlif nəsil Azərbaycan rəssamlarının onun poeziyasına münasibətini, şairin əsərlərindəki ictimai motivlərin və satirik düşüncənin təsviri sənətdə təcəssümünü izləmək baxımından mühüm əhəmiyyət daşıyır.

Sevda Tahirli vurğulayıb ki, layihənin əsas məqsədlərindən biri Sabir irsinin daha geniş auditoriyaya çatdırılması, şairin yaradıcılığının müxtəlif sənət sahələri ilə əlaqəsinin nümayiş etdirilməsi, eyni zamanda, onun əsərlərinə çəkilmiş illüstrasiyaların qorunması və gələcək nəsillərə ötürülməsidir.

Kitabın təqdimatı ilə yanaşı, nəşrdə yer alan illüstrasiya və qrafik əsərlərdən ibarət eyniadlı sərgi də nümayiş olunub. Sərgi ziyarətçilərə Sabir poeziyasının rəssam təxəyyülündə qazandığı müxtəlif bədii ifadə formaları ilə tanış olmaq, şairin satirik fikirlərinin və obrazlarının təsviri sənətdə necə canlandırıldığını görmək imkanı yaradıb.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  Müşahidə Şurasının sədri Fuad Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar təşkilatının sədri, kitabın redaktoru, şair Faiq Balabəyli, tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı, kitabda əsərləri yer alan yeganə xanım rəssam Vəfa Allahyarova kitab və sərgi ilə bağlı öz fikir və mülahizələrini bölüşərək, həyata keçirilən layihənin əhəmiyyətini, əldə olunan nəticələri diqqətə çatdırıblar. Çıxış edənlər Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixindəki müstəsna  rolundan bəhs ediblər. Qeyd olunub ki, şairin yaradıcılığı öz dövrünün ictimai-sosial problemlərini əks etdirməklə yanaşı, bu gün də aktuallığını qoruyur, cəmiyyəti düşünməyə,maariflənməyə və milli-mənəvi dəyərlərə sahib çıxmağa çağırır. Çıxışlarda belə layihələrin görkəmli ədiblərin irsinin yaşadılması, ədəbiyyatla təsviri sənət arasında əlaqələrin möhkəmləndirilməsi, xüsusilə gənc nəslin milli-mədəni irsə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.Həmçinin kitabın və sərginin Sabir yaradıcılığının yeni aspektlərdən tanıdılmasına, onun bədii irsinin gələcək nəsillərə ötürülməsinə dəyərli töhfə olduğu bildirilib.

Təqdimat və sərgi Azərbaycan ədəbiyyatı ilə təsviri sənət arasında mövcud olan yaradıcı əlaqələrin nümayişi, milli mədəni irsin təbliği və Mirzə Ələkbər Sabirin zəngin yaradıcılığının müasir dövrdə də aktual olduğunu bir daha diqqətə çatdırmaq baxımından əlamətdar hadisə olub.

Qeyd edək ki, “Sabirin sözü, zamanın gözü” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.