İstənilən sahədə inkişaf etmək üçün müqayisəyə ehtiyac var. Məsələn, filankəs bunu bacarırsa, mən də bacara bilərəm. Bu, əslində bir növ rəqabətdir. İstər təhsil, iqtisadiyyat, istərsə də digər sahələrdə inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə almaq lazımdır. Təbii, bu, sosial münasibətlərə, ailə modelinə və ya bu kimi məişət məsələlərinə də aiddir. Bu baxımdan Avropa ilə Azərbaycandakı kişi və qadın münasibətlərinin tamamilə fərqləndiyini bilirik. Hətta bəzən insanlar Avropasayağı cəmiyyətin, münasibətlərin arzusunda da olurlar.
Adətən Avropada qadınlar hakim kəsiləndən sonra özlərini təslim etsə də, bizdə təslim olub daha sonra hakim kəsilmək istəyirlər. Hər halda əksəriyyət, ailə qurandan sonra kişiyə nəzarət etməyə çalışan qadınları müşahidə edib.
"İstər Azərbaycan kişisi, istər Azərbaycan qadını problemə, dinləməyə açıq deyil. İnsanı olduğu kimi qəbul edə bilmirlər. Azərbaycanda insanlar qarşı tərəfi öz istədiyi formaya salmağa çalışırlar. Kişilər bunu diqtə etməklə, qadınlar isə başqa formada, məsələn qısqanclıqla reallaşdırır. Bu, ümumiyyətlə sosial problemdir. Bəs bu bacarıqlar harada formalaşmalıdır?.
Təbii, məktəbdə, ailədə, cəmiyyətdə, sosial münasibətlər sistemində formalaşmalıdır. Sosial bacarıqları olmayan insanlar uğurlu ailə başçısı, dost, valideyn ola bilmirlər. Sosial bacarıqların əsasını da ünsiyyət təşkil edir. Yəni adekvat ünsiyyətə girmək bacarığı. Təbii ki, bunları hər kəsə şamil etmək olmaz. Ümumilikdə orta statistik Azərbaycan qadın və kişiləri bundan əziyyət çəkirlər”.
"Bizdə ideallar və hərəkətlər başqadır. Bilirsiniz, Azərbaycanda vəfalı qadın anlayışı var. Bir qadın kişinin ona etdiyi hər şeyə dözür. Amma əksini, yəni vəfalı kişi obrazını görməmişik. Azərbaycanda bu məsələlər birtərəflidir.
Buna baxmayaraq hər kəs eyni cür qalmır. Kimlərsə öz üzərində işləyir, müəyyən kefiyyətlər, bacarıqlar əldə edirlər. Amma kimlərsə bu formada sona qədər qalırlar və qeyri-sosial vasitələrdən istifadə etməklə ailə münasibətlərini tənzimləməyə çalışırlar. Məsələn, elə kişilərə nəzarət etmək kimi faktlar buna nümunədir”.