Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimənin 18 yaşlı Cəlillə qoşulub qaçması və sonra evlənməsi hazırda ölkə gündəminə "şok”, "dəhşətli” hadisə kimi düşüb.
Maraqlıdır, görəsən, insanları şoka salan nədir? Axı nədən dəhşət hissi keçirirlər? Qoşulub qaçan xanımın müəllimə olmasınamı, yaşının 31 olmasınamı, yoxsa bəyin 18 yaşında olmasınamı?
İndi biri mənə desin görüm burada qanunsuz olan nədir? Əvvəla, xanımın 31 yox, hətta 55 yaşı da olsa kimə qoşulub qaçması və ya evlənməsi öz şəxsi qərarıdır. İkincisi də xanımın müəllim yox, başqa sənət sahibi olması, ya da sıravi vətəndaş olması belə, bu məsələnin qanunsuz olduğunu göstərmir.
Əslində şoka düşülməli, dəhşət hissi keçirilməli olan cəmiyyətimizdə hələ cahilliyin, geridəqalmışlığın bu həddə olmasıdır. Axı biz niyə qəbul etmirik ki, insanlar öz həyatları ilə bağlı qərarları verməkdə sərbəstdirlər?!
31 yaşlı müəllimənin 18 yaşlı oğlanla ailə qurmasını təəccüblə qarşılayan "təəssübkeşlər” 15 yaşlı Fatmanisə 40-50 yaşlı yekəqarın kişiyə veriləndə niyə susurlar? Azmı olub belə hadisələr? Görəsən, onlar nə qədər uşaq və yeniyetmə yaşında olan qızların hamilə olduğunu bilmirlərmi?
Bir məsələni öz düşüncəmizdə aydınlaşdırmalıyıq. Əgər bir insanın yaşı qanunla icazə verilən yaşdan yuxarıdırsa, yəni 18-dən keçibsə, ailə quracağı şəxs barəsində qərar verməkdə sərbəstdir. Əgər normal bir ailə qurulacaqsa, burada xanımın bəydən böyük olmasının nə fərqi var axı? Bizim cəmiyyətimiz öyrəşib ki, qız evdə oturmalıdır, 15-16 yaşı çatan kimi ər namizədlərinə baxılmalıdır, valideynlər kimi bəyənərlərsə, qızı da ona verməlidirlər. Ər də ona alınan qızdan razı qalmalıdır. Cəmiyyətimizin reallığı budur.
Bu cahillikdən, geridəqalmışlıqdan uzaqlaşmaq lazımdır. Şəxsi qərarların da sərhədlərini keçməmək lazımdır. Yəni nikahdan kənar uşaqlar dünyaya gətirərək, bir anlıq həvəs xatirinə həm öz həyatını, həm də yeni doğulacaq körpənin həyatını məhv etmək olmaz.
Şəxsi qərarlar insanın gələcəyini qurmaq üçün atacağı doğru addım olmalıdır.
Cəmiyyətimizdə nəyinsə düzəlməyini istəyiriksə, öncə özümüzdən başlayaq. Düşüncələrimizə, hadisələrə baxış bucağımıza yeni nəfəs verək.
31 yaşlı müəllimənin 18 yaşlı oğlanla niyə qoşulub qaçmasının səbəbini araşdırmaq və qınamaqdan daha önəmli işlər var.
Gələcəyimizi Xilas Edin!!! sabahinfo.az