Növbəti dərs ili üçün məktəblərə birinci sinif şagirdlərinin qəbulu davam edir. Qəbul prosesi ilə bağlı müəyyən şikayətlər də var. Hökməli qəsəbəsinin bir sakini bildirir ki, övladının artıq 8 yaşının olmasına baxmayaraq onu evinin yaxınlığındakı məktəbə qəbul etdirə bilmir. O iddia edir ki, məktəbin direktoru onun qarşısına başqa tələblər qoyub.
sabahinfo.az xezerxeber.com-a istinadən bildirir ki, Fatimənin anası, Nigar Yaqubovanın sözlərinə görə, övladının 8 yaşı olsa da, onu yaşadığı evin yaxınlığındakı 89 saylı Ağdam köçkün tam orta məktəbinə qoya bilmir. İddia edir ki, məktəb direktoru bunun üçün ondan pul tələb edir. Nigar Yaqubova deyir ki, yaxınlıqda başqa məktəb də yoxdur. Yalnız Qobuda var ki, ora da getmək üçün gündəlik xüsusi nəqliyyatdan istifadə etmək lazımdır. Buna isə maddi imkanı yoxdur.
Məsələni araşdırmaq üçün adıçəkilən məktəbə baş çəkdik, lakin direktorla görüşə bilmədik. Burada çalışan müəllimlər məktəb direktoru olan Nərgiz Zeynalovanın hazırda kursa getdiyini və onunla yalnız sabah görüşmək mümkün olduğunu dedilər.
Məsələni artıq Təhsil Nazirliyi də nəzarətə götürüb. Qurumdan bildirilib ki, uşaqların məktəbə qəbulu zamanı hansısa vəsaitin tələb edilməsi qanunsuzdur. Bu məsələ araşdırılacaq və əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək.
[[MEDIA_0]]