Çimərlik mövsümü başladı. Bakı meri Hacıbala Abutalibov da sərəncam
imzalayıb ki, çimərliklər pulsuzdur, icra hakimiyyətləri tərəfindən təmizlik
aparılsın. Bu hissəsi gözəl. Amma, bu tip sərəncamlar hər il imzalanır. Dəyişməyən
bir şey var. Çimərliklər pulsuz deyil, dənizin yaxşı yerləri hasarlanıb, dəniz
sahili çirkab və tullantılar içindədir, o cümlədən mövcud pullu çimərliklər də
standartlardan uzaqdır. Çoxu kababxana və qutabxana kimi fəaliyyət göstərir.
Bu sözləri ölkədə çimərliklərin fəaliyyətinə,
durumuna münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədiri
Razi Nurullayev deyib. Sədir qeyd edib ki, çimərliklərin əksəriyyəti pulludur,
pulsuz olan yerlər isə təmizlik və təhlükəsizlik standartlarına cavab vermir:
"Yaxşı yerlər dənizin içinə qədər hasarlanıb, dəniz boyu bir neçə km
getmək istəsən, suyun içindən dolanıb keçməlisən. Təbii ki, özəl mülk sahibləri
dənizin özlərinə aid hissəsini təmiz saxlamağa çalışırlar, buna görə də əhali
belə yerlərə axışır. Mülk sahiblərini qınamaq da olmur, çünki onların real müştəriləri
narahat olur və narazı qalırlar. Günahkar şəhər icra hakimiyyətidir. İctimai
çimərlik sahələri çirkab və tullantı içindədir, xidmət yoxdur, təhlükəsizlik təmin
edilməyib, yuyunmaq yeri yoxdur, hamam və tualet də olmadığına görə natəmizlikdir.
Təbii ki, belə yerə gedən az olacaq, əhali isə az-çox təmizlənən ərazilərə üz
tutur ki, bu da dəniz pulsuzdur deyib çimməyə gələnlərlə, özək mülk sahibləri
arasında ikitirəlik yaradır”.
"Prezident belə sərəncam verdi, məsələ qanuniləşdi, amma problem həll
olunmadı. Xəzərin çəpərləyənlər çəpərlərini sökməkdən imtina edirlər” deyən Razi Nurullayev vurğulayıb ki, dəniz xalqındır,
qanuna da əməl etmək vacibdir:
"Ona görə də bütün hasarlar ekskavatorla uçurulmalıdır. Şəxsən, kimə aid
olub-olmamasından asılı olmayaraq hamısının, həm hasarların, həm mülklərin
dağıdılmasının tərəfdarıyam. Əgər hakimiyyət bizə qismət olarsa, söz verirəm
ki, ekskavatorun sükanı arxasında özüm əyləşəcəm və "ən bərk gedən" və
qanunlara əməl qoymayanın mülkünü uçuracam. Nə məhkəməyə baş vuracam, nə də
sorğu soracam. Qoy mənə diktator desinlər. Bu gün bunun edilməsinə ehtiyac var
və xalq bunu İlham Əliyevdən gözləyir. Əgər gücü çatmırsa, imzalanan fərman ləğv
edilməlidir. Prezident öz nüfuzunu düşünməlidir. Sahil boyu gedən zaman hər tərəfin
çirkab və tullantılar içində olduğunun şahidi oluruq. Digər yandan sevinirik
ki, turistlər gələcək və Azərbaycan ağ günə çıxacaq. Gələn turist o bir iki gözəl
obyektə çatana kimi min yerdə zir-zibil, tullantılar və baxımsızlıq görəcək.
İcra hakimiyyətinin işi nədir? Yer satmaq, daha yaxşı Heydər Əliyev mərkəzi tikmək
üçün yarışa girmək, parkları söküb təzədən tikmək, etdikləri və törətdikləri
pislik və eybəcərlikləri gözlərdən qorumaq üçün yolboyu darıxdırıcı daş
hasarlar çəkmək. Əgər hakimiyyət bizə qismət olarsa, xalqa söz verirəm ki, o çəpərləri
çəkənlər və xalqa zülm edənlər ən sərt şəkildə cəzalandırılacaq, rüşvət və büdcə
oğurluğu ilə yığdıqları varidat son qəpiyinə kimi müsadirə olunacaq. Özləri isə
qanunun sərt üzü ilə qalan ömürlərini həbsxanalarda keçirəcəklər. Birmənalı”.
AXCP sədiri çimərliklərin standartlarına
da toxunaraq bildirib ki, dənizdən çıxan adam elə sahildən bir iki metr aralıda
təmiz su ilə yuyunmalıdır, lakin əksər çimərliklərdə bu elementar qaydaya riayət
edilmir:
"Yuyunmaq üçün az qala hamam tikiblər və o da dəniz sahilində yox, lap kənardadır.
Çılpaq olaraq, yemək yeyənlərin və istirahət edənlərin üstündən aşaraq 50-150
metr məsafəyə getməlisən. Bu sadəcə biabırçılıqdır. Heç 1 ulduz səviyyəsində
xidməti olmayan obyekt, oturmaq üçün çətirli dörd stulu 10 Azn qiymətə verir.
Bu talançılıqdır. Səbəb ictimai və şəhər icra hakimiyyətinin xidmətlərinin
olmamasıdır. Şəhər icra hakimiyyəti şəhər sakinləri üçün şərait yaratmalıdır.
Çox yarıtmaz və səbatsız. Çünki, cəzasızlıq var, qorxu yoxdur. Onlara dəmir bir
əl, dəmir bir yumruq lazımdır. Çox da turizmdən danışmayaq. Azərbaycana bir dəfə
gələn turist bir də gəlməz. Çünki, aldığı xidmətlə xərclədiyi vəsait arasında
Himalay dağı boyda problem var. Kbabxana, qutabxana və balıqxana kimi fəaliyyət
göstərən mülk sahiblərini asan qazanc və gözə kül üfürmə düşündürür. Çünki, nəzarət
yoxdur, edənlər də rüşvətin alıb cibinə qoyur və eybəcərliklərə gözünü yumur.
Amma, zaman gələcək və əgər Allah qismət edərsə, o qanunun gücü ilə o gözləri
çıxarmağı da bilirik”.sabahinfo.az