Son günlər gündəmdən düşməyən mövzulardan biri də
intihar hadisələridir. Əslində, həm ölkəmizdə, həm də bütün dünyada hər gün yüzlərlə
insan intihar edir. Azərbaycanda tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi
bu məsələnin nə qədər mühüm olduğunu bir daha gündəmə gətirdi. Neçə gündür ki,
bu hadisə ilə bağlı ictimai xadimlər, yazıçılar, sosial şəbəkədə bir çox
insanlar fikir bildirirlər, bu problemin həlli üçün müxtəlif təkliflər irəli
sürürlər. Ancaq
bir psixoloq belə intihar zamanı öz psixoloji vəziyyətini idarə edə bilmirsə,
demək ki, məsələnin çıxış yolu fərqlidir. İnsanları təəccübləndirir
ki, bir psixoloq da canına qəsd edirsə, bəs digər insanlar psixoloji problemlərin
öhdəsindən necə gəlsinlər?!
İntiharlarla
bağlı bu statistikaya nəzər salaq: "Dünya Səhiyyə Təşkilatı
dünyada hər 40 saniyədə bir intiharın, hər 3 saniyədə bir intihar təşəbbüsünün
baş verdiyini, son 45 ildə intiharların 60% artdığını və intiharın bütün
dünyada ilk 10 ölüm səbəbi arasında göstərildiyini bildirir. Bu rəqəmlərə görə,
hər gün 3000 nəfər, hər 30 saniyədə bir nəfər intihar edir. Bütün ölümlərin
təqribən 1%-ni intiharlar təşkil edir”. Göründüyü kimi, intiharlar dünya
səviyyəsində çox ciddi problemdir. Bununla bağlı müxtəlif kitablar yazılır,
psixoloji məsləhətlər verilir, verlişlər hazırlanılır.
İntiharların altında yatan yeganə səbəb
insanların dindən uzaq həyat yaşamaları, Allah qorxularının olmamaları, dünyaya
imtahan edilmək üçün gəlmələrini unutmalarıdır. Dünyanın harasında olmasından,
maddi vəziyyətinin necə olmasından və kim olmasından asılı olmayaraq, insanlar
Allahı tanımadıqları üçün xoşbəxt ola bilmirlər. Onlar daim xoşbəxtlik
axtarışında olurlar, düşünürlər ki, dünyəvi üstünlüklərə sahib olsa və
ürəklərincə yaşasalar, o zaman həyat da çox fərqli olar. Bu əsla belə deyil.
İntiharları araşdırarkən belə nəticəyə gəlirlər ki, işsizlik, maddi sıxıntı,
xəyanət, ailədaxili münaqişə kimi hallar intiharların başlıca səbəblərindəndir.
Ancaq bəzən də qıraqdan heç bir problemi yoxmuş kimi görünən bir insan da
intihar edə bilir.
Allaha inanan, Allahı sevən və axirət inancı
olan insan isə hər nə qədər çətinlik və sıxıntı yaşasa da, əsla intihara yaxın
durmaz, çünki intiharın cinayət olduğunu bilir. Digər tərəfdən, Allah bizi
yaxşı və pis kimi görünən hadisələrlə imtahan edir, Allahın yaratdığı imtahan
isə gücümüzün çatacağı imtahanlardır. Məsələn, götürək bir insanı ... O insanın
maddi sıxıntısı ola, işdən çıxarıla, ailəsində də mənəvi sıxıntılar ola bilər,
bundan başqa ciddi xəstəliyə tutula, öhdəsində də kiçik yaşlı uşaqları ola
bilər .... İnsan imtahan zamanı adi hadisəni belə gözündə böyüdüb canına qəsd
etməyə çalışar, məsələn, bir gənci düşünək, sevgilisindən ayrıldığına görə
artıq yaşamaq istəməyə bilər. Halbuki o insanla ailə həyatı qurmaq o gənc üçün
gələcəkdə daha böyük problemlərə yol aça bilərdi. Bir sözlə, insan çətinlik
zamanı yaşadığı hadisələrin xeyir və hikmətlərini görməyə bilər. Ancaq Allahı
sevən və Ona güvənən insan əsla Allahdan ümidini üzməz, istər böyük, istər
kiçik olan hər hadisədə Allaha təvəkkül edər, Allahın yaratdığı hər şeyin
xeyirli olduğunu bilər. Bu zaman həyat çox gözəl olar, o çətinliklər zamanı
nəinki intihar etmək istəyər, əksinə, yaşadığı hadisələrə görə Allaha şükür
edər, səbir etdiyi halda, Allahdan xeyir görəcəyini ümid edər, həm dünyada, həm
də axirətdə bu əxlaqına görə mükafat alacağını bilər. Kənardan baxanda həmin
insanın vəziyyəti hər nə qədər acınacaqlı görünsə də, bilinməlidir ki, Allah
mütləq hər hadisəni bir çox hikmət və xeyirlə yaradıb. Digər tərəfdən, nə qədər
problemi olsa da, imanlı insan dünyada özündən daha çətin vəziyyətdə yaşayan
insanların halını düşünər, öz problemlərinin isə nə qədər bəsit olduğunu görər.
Nəticə etibarı ilə, intiharlarla bağlı
müxtəlif təkliflər irəli sürürlər, ancaq unutmayın ki, intiharların qarşısı
imanla alınar. Həll yolu axtarmaq istəyənlər bunu yanlış yerlərdə
axtarmasınlar, Allah hər şeyi Quranda bizə açıqlamışdır. İnsanın xoşbəxt olması
və sıxıntılardan azad olmasının da çıxış yolu Allah üçün yaşamasıdır.
Bunlar, iman gətirənlər və
qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq
Allahı zikr etməklə rahatlıq tapır. (Rad
sürəsi, 28)
Bədirova Nəzakət