Elmar Məmmədyarov Mərakeş səfirini qəbul etdi

Xarici işlər naziri Elmar MəmmədyarovMərakeş Krallığının Azərbaycandakı səfiriHassan Hamini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir H.Hami diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğulayıb.

Nazir E.Məmmədyarov Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.