Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanun layihəsini Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə təqdim edib. Dəyişikliyə əsasən, xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır.
sabahinfo.az xəbər verir ki, qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilir. Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, "xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.
Bu hissənin hazırda qüvvədə olan variantı isə belədir: "Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.
Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkələrin təhsil müəssisələrinin siyahısına ehtiyac qalmır.
Deputat Zahid Oruc qanun layihəsinə təklif edilən dəyişikliyin əleyhinə çıxıb və bunu məqbul saymayıb. O təklif edib ki, bu məsələ yenidən Prezident Administrasiyasının müvafiq şöbəsi ilə bir daha müzakirə olunmalı, dəqiqləşdirilməlidir.
"Çox tələbələr var ki, onlar dünyanın müxtəlif ölkələrində əsasən də Rusiya və Ukraynanın tanınmayan "karton” universitetlərində təhsil alırlar. Yəni bu universitetlər təhsil yox, sadəcə diplom verməklə məşğuldurlar. İndi bu məsələnin onlara da şamil olunması düzgün deyil”.
Deputat Konservatoriyada, musiqi kolleclərində təhsil alan tələbələrin hərbi xidmətə aparılması ilə bağlı da məsələyə toxunub. "Onların bəziləri fitri istedaddırlar. Onlar barmaqlarla işləyirlər. Sonra əsgərliyə çağırılırlar, bir il yarım əsgərlikdə olurlar, onların barmaqları sıradan çıxır. Beləliklə istedadları itiririk. Yaxşı olardı ki, onların məsələsinə də baxılsın”.
Spiker Oqtay Əsədov isə deputatın qanun layihəsi ilə bağlı dediklərinə belə cavab verib. "Nə karton, nə jurnal. Universitet universitetdir. Əgər o univesitet öz ölkəsində tanınırsa, burada da tanınmalıdır. Əks halda, bu, insan hüquqlarının pozulması olur”.
Müzakirədən sonra layihə səsə qoyularaq qəbul olunub.