Artıq ənənə halını almış Şuşa Qlobal Media Forumu öz əhəmiyyətinə görə beynəlxalq tədbirlər sırasında yer alır. Forumda 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirak etməsi Azərbaycanın qlobal informasiya bazasında özünəməxsus yer tutmasından xəbər verir. Sayca 3-cü olan Forumda dövlət başçısı İlham Əliyevin jurnalistlərin suallarını cavablandırması, panel müzakirələri və jurnalistlərin Xankəndidə mövcud vəziyyətlə tanış olması ciddi uğur kimi dəyərləndirilə bilər.
Dövlət başçısı İlham Əliyev Forum barəsində öz fikirlərini ifadə edərkən Forumun ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm tədbir olduğunu bildirib: "Mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bir sözlə, çox məmnunam ki, biz burada - Xankəndidə bu cür böyük tədbirə toplaşmışıq. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq".
Azərbaycanın informasiya diplomatiyasında mühüm platforma olan Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bir sıra mühüm məsələlər barəsində də fikir bildirib. İşğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işlərindən danışıb: "Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz Şavkat Miromonoviç ilə bu məktəbi Füzuli şəhərində açdıq. Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Biz təşkilata üzv olan ölkələrin, həmçinin digər ölkələrin səkkiz dövlət və hökumət başçısının yüksək səviyyədə iştirakını Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra və indi gördüyümüz işlərə, dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndiririk. Yeri gəlmişkən, deməliyəm ki, işğal zamanı məhz bu yerdə separatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi. Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvası”nı dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik. Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan otel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək. Hazırda orada tikinti işləri görülür".
Prezident Zəngəzur dəhlizi barəsində də suallara ətraflı və konseptual cavab verib. Bildirib ki, bu layihə təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən arteriya deyil, həm də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yeni kəsişmə nöqtəsidir. Bu layihə Çin, Mərkəzi Asiya, İran, Türkiyə və Avropanı birləşdirən, regionu qlobal logistika mərkəzinə çevirən strateji xəttdir. Ermənistanın bu layihədə iştirakdan yayınması, faktiki olaraq özünü həm nəqliyyat, həm də siyasi izolyasiyaya məhkum etməsi deməkdir. Prezidentin də dediyi kimi, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır: “Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq”.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də dövlət başçısı kimi vətəndaşa verdiyi dəyər amilidir: “Əlbəttə, ilk növbədə, qürur hissi duyuram. Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə, ilk növbədə, hiss etdiyim qürur hissidir. Çünki xalqımla, Ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil. Mən bilirəm, həmçinin siz də bilirsiniz ki, Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz Zəfər yolunu necə keçiblər, yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə necə gediblər. Azərbaycan xalqının ruhu necə də yüksəkdir. Yəni, bütün bunlar xalqımızı hər birimizə bir daha tanıtdı. Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha hər birimizə, ilk növbədə, bütün dünyaya göstərdi”.
Hər il davamlı olaraq həyata keçirilən Forum qeyd olunduğu kimi media müstəvisində xüsusən beynəlxalq media müstəvisində mühüm bir platformadır. Bunu şərtləndirən amillərdən biri də ABŞ Prezidenti Donalt Trampın da Forum barəsində paylaşım etməsidir ki, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın həyata keçirdiyi media siyasəti haqq-ədalətin dünyaya çatdırılmasında mühüm faktordur.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı