Hər dəfə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müəyyən konsensusun əldə edilməsi gündəmə gələndə işğalçı dövlət müxtəlif hadisələr törətməklə ölkə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bu dəfə də belə oldu. İşğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi fonunda Ermənistan ordusunda növbəti bədbəxt hadisənin baş verməsi buna bir daha sübutdur. Nəticə isə məlumdur, Ermənistanın hərbi-siyasi rəhbərliyi ordudakı neqativ halların baş verməsində bilavasitə maraqlıdır.
Modern.azxəbər verir ki, erməni sosial mediasında hiddətlə müzakirə olunan növbəti məsələ Laura adlı Facebook istifadəçisinin qohumunun ağır yaralanması barədə etdiyi paylaşımdır. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıblar. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarəti ilə hospitala təxliyə ediliblər. Hazırda hər ikisinin vəziyyəti ağırdır.