II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iqtisadi münasibətlər sistemində mühüm rol oynayan platformaya çevrilməkdədir. Forumda müzakirə olunan məsələlərin fonunda yeni nəqliyyat və enerji marşrutlarının formalaşması, investisiya rəqabətinin güclənməsi iqtisadi resursların daha da genişlənməsinə gətirib çıxaracaq.
Tədbirdə Prezident İlham Əliyevin çıxışı bir sıra məqamlarla
yadda qaldı. Dövlət başçısı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın artıq
yalnız regional iqtisadi proseslərin iştirakçısı deyil, həm də qlobal iqtisadi əməkdaşlıqda
mühüm tərəfdaş kimi çıxış etdiyini göstərir: “Biz iqtisadiyyatın müxtəlif
sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı
etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli
investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox
investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.
Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi
inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma
nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan
istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan
biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin
Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə,
quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə,
bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını
minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir.
Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri
olacaq”.
Dövlət başçısı onu da bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
mühüm layihələr həyata keçirilir: “Sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika,
rəqəmsal texnologiyalar, turizm və bərpaolunan enerji sahələri yeni investisiya
imkanlarının formalaşdığı əsas istiqamətlər sırasındadır. Bu proses Azərbaycanın
gələcək iqtisadi inkişafının daha çox çoxşaxəli və rəqabətqabiliyyətli model üzərində
qurulduğunu göstərir”.
Siyasi sabitliyin iqtisadi inkişafa təsirindən danışan
dövlət başçısı bunları qeyd edib: “Hesab edirəm ki, xüsusilə bugünkü dünyada ən
önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Bu proses Azərbaycanda
artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən
dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon
qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə
bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat
tamamilə xaos içində idi.
Beləliklə, bunlar artıq keçmişdə qaldı. Bu gün siyasi və
iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox
güclü olmasıdır və sizin də qeyd etdiyiniz kimi, bizim çox aşağı dövlət
borcumuz var - 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici
borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində biz onu bir gündə sıfırlaya bilərik.
Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir.
Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib.
Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də
belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız
var”.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı