Texnologiya Universiteti inkişafın yeni mərhələsində - Foto

Son on ildə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl tədbirlər həyata keçirilib, nəticədə mühüm irəliləyişlərə, modernləşməyə, çağdaş dünyanın tələblərinə uyğun standartlara, bir sözlə, olduqca böyük uğurlara nail olunub. Ölkəmizdə son 10 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında aparılmış islahatlar, görülmüş tədbirlər, qazanılmış nəticələr bundan sonrakı illər üçün də dərin nikbinlik yaradır. Gəlin, təhsilin ayrı-ayrı istiqamətləri üzrə qazanılmış uğurları nəzərdən keçirək. Təhsil xərcləri 6 dəfə artırıldı. 2003-cü ilin statistik göstəricilərinə əsasən, dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat səviyyəsində idi. 2013-cü ildə bu rəqəm 1,5 milyard manata yüksəlmişdir. İnvestisiya xərcləri isə 2004-cü ildəki 5 milyondan 2012-ci ildə 420,9 milyon manata çatmışdır.

Bu uğurlu statistika üzərindən araşdırma aparanda Azərbaycan təhsilində Azərbaycan Texnologiya Universitetinin rolu böyükdür. Universitetin rektoru  professor Akif Süleymanovun rəhbərliyi ilə həyata keçirilən uğurlu tədris prosesi tələbələrin imkanlarını xeyli yaxşılaşdırıb.  Universitetdə görülən işlərə keçməzdən əvvəl qeyd edək ki,  Azərbaycan Texnologiya İnstitutu Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Şərabçılığın texnologiyası» ixtisasını birləşdirməklə yaradılmışdır.
Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. Universitetdə hal-hazırda 4 fakültə, 19 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3–iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir.

 

Yeni islahatlar təqdir olunur

Azərbaycan Texnologiya Universitetində (ATU) "Azərbaycan milli kibertehlükəsizlik sisteminin möhkəmləndirilməsi: Mövcud vəziyyət, yeni  yanaşmalar və islahatlar mövzusunda keçirilən dəyirmi masa tələbələrin sözügeən sahə üzrə daha geniş informasiya və bilik almağına o cümlədən təcrübələrini artırmağa mühüm töhvə verib. Tədbirdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov qeyd edib ki, hazırda informasiyaların elektron mənbələrdə saxlanması geniş vüsət aldığından onların təhrif olunması və oğurlanması riski də hər zaman yüksək olaraq qalır. Bu isə kibertəhlükəsizlik mövzusunun günümüzdə nə dərəcədə aktual olmasını bir daha sübut edir. Rektor bildirib ki, hazırda informasiya təhlükəsizliyinin təmin olunması dövlət təhlükəsizliyi və milli təhlükəsizlik qədər böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də Azərbaycanda milli kibertehlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən müntəzəm iş aparılır, zəruri qanunvericilik bazası yaradılır və müvafiq institutlar formalaşdırılır.

 Göz oxşayan Fleşmob

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri maraqlı aksiyaya imza atıb. Universitetin 350-yə yaxın tələbəsinin iştirakı ilə fleşmob təşkil edilib. Əyinlərində qara köynək, başlarında isə qara kepkalar olan tələbələr universitetin həyətində "Qarabağ” sözünün canlı təsvirini yaradıblar. Bununla onlar Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğuna bir daha diqqətləri cəlb etmək və cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizə dəstək nümayiş etdirmək istəyiblər. Aksiyadan əvvəl tələbələr qarşısında çıxış edən ATU-nun rektoru professor Akif Süleymanov onları bu təşəbbüslərinə görə alqışlayıb. Rektor bildirib ki, bu gün Azərbaycanın haqq işinin, Qarabağ həqiqətlərinin dünyaya car çəkilməsi üçün hər vətəndaş özü gücü, imkanları çərçivəsində əlindən gələni etməlidir. Bu mənada ATU-nun tələbələri də maraqlı və yaddaqalan bir aksiyaya imza atmaqla həm diqqətləri bir daha işğal faktına yönəltmiş, həm də torpaqların azadlığına ilham olacaq kiçik də olsa bir addım atmış oldular. Professor Akif Süleymanov bildirib ki, həm Azərbaycan dövlətinin Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı inamlı siyasət, həm də ordumuzun qüdrəti və qətiyyəti tezliklə bu münaqişənin ədalətli həllinin tapmasına və torpaqlarımızın işğaldan azad edilməsinə imkan verəcək. Bu cür maraqlı tədbirlər isə tezliklə düşmən tapdağından azad edilmiş Qarabağda reallaşdırılacaq. Fleşmobun təşkilatçısı və iştirakçısı olan tələbələrsə bu aksiyanı aprel ayının əvvəlində cəbhədə gedən döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinə həsr etdiklərini bildiriblər. Böyük maraq və həvəslə fleşmoba qatılan tələbələr "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər. Aksiyada digər çıxış edənlər də aprelin əvvəlində ordumuzn düşmən üzərində üstünlüyünün davamlı olacağına, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini ifadə ediblər. Fleşmoba böyük ruh yüksəkliyi və qüruru hissi ilə qatılan tələbələr Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində daim çalışacaqlarını bildiriblər.

 

 

Beynəlxalq əlaqələr uğurla inkişaf etdirilir

Azərbaycan Texnologiya Universitetinin (ATU) prorektorları Türkiyədə növbəti işgüzar görüşlər keçirib.  Universitetin rektoru professor Akif Süleymanovun tapşırıqlarına uyğun olaraq tədris işləri üzrə prorektor dosent Vüqar İsmayılov və elm və texnika üzrə prorektor dosent Səbuhi Yusifov Ankarada müxtəlif qurumlarla əməkdaşlıq məsələlərini müzakirə edib.

Ankra Böyük Şəhər Bələdiyyəsindəki görüş olduqca səmimi və səmərəli keçib. Bələdiyyənin sədri Melih Gökçeklə görüşdə prorektorlar həm ATU, həm də Azərbaycanda yerli özünüidarəetmənin vəziyyəti haqqında geniş məlumat veriblər. Sonra ATU ilə Ankara Böyük Şəhər Bələdiyyəsi arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Melih Gökçek ATU-nun Ankara ilə bağlı əməkdaşlıq layihələrinə hər cür dəstək verməyə hazır olduqlarını bildirib. Eyni zamanda Ankara Böyük Şəhər Bələdiyyəsinin baş katibi Asim Balcı və İnsan resursları şöbəsinin müdiri Bekir Yağcı ilə görüş də faydalı müzakirə şəraitində keçib. Görüşlərin nəticəsi olaraq qərara alınıb ki, bu yay ATU-nun müvafiq ixtisaslarında təhsil alan 15 tələbəsi Ankara Böyük Şəhər Bələdiyyəsində təcrübə keçsin. Təcrübə proqramı çərçivəsində tələbələrin bələdiyyənin strukturu, fəaliyyəti, səlahiyyətləri və maliyyə mənbələri haqqında praktik məlumatlar alması nəzərdə tutulur. Eyni zamanda qeyd olunub ki, Gəncə şəhərinin Kəpəz və Nizami bələdiyyələrinin üzvləri üçün Ankara Böyük Şəhər Bələdiyyəsində təlim proqrmlarının təşkili mümkündür.

Ankara şəhərində Türkiyə Elmi-Texniki Təhqiqat Şurasında (TUBİTAK) keçirilən görüşdə əvvəlcə bu qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verilib. TUBİTAK sədrinin müavini Orkun Hasekioğlu bildirib ki, ATU-nun təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihə, proqram və tədqiqat işlərində iştirakına hər cür dəstək verməyə hazırdır. Türkiyə Elmi-Texniki Təhqiqat Şurasının Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Zeynep Arzımanla görüşdən sonra isə birgə fəaliyyətin ilkin istiqamətləri müəyyən olunub. Qərara alınıb ki, Türkiyənin İstanbul Texniki Universiteti ilə ATU-nun birgə ekoloji layihələri TUBİTAK-a təqdim edilsin. Eyni zamanda ATU-nun TUBİTAK nəzdindəki elmi-tədqiqat mərkəzləri ilə birgə araşdırmalara başlaması, TUBİTAK-ın magistrant, doktorant və tədqiqatçı alimlər üçün nəzərdə tutulan təqaüd proqramlarından ATU-nun professor-müəllim heyəti üzvlərinin yararlanması, Hacettepe Universiteti və ATU-nun birgə quracağı laboratoriyaya dəstək verilməsi barədə razılıq əldə olunub.

Ankarada Hacettepe Universitetinin Mühəndislik fakültəsində keçirilən görüşdə ATU-nun prorektorları Vüqar İsmayılov və Səbuhi Yusifovla yanaşı Azərbaycan Keyfiyyət Assosiasiyasının (AKA) sədri Samir Novruzov da iştirak edib. Professor Murad Caner ile görüşdə ATU və Hacettepe Universiteti tərəfindən keyfiyyətin idarə olunması mühəndisliyi ixtisasi üzrə ortaq magistr proqramının açılması müzakirə olunub. Qərara alınıb ki, tədris proqramı hazırlanaraq həm Azərbaycan Respublikası Təhsil Nazirliyinə, həm də Türkiyənin Ali Təhsil Şurasına (YÖK) göndərilsin. Eyni zamanda bu proqram üzrə dərs keçəcək müəllimlərin seçimi və xüsusi təlimlərə cəlb olunması, eləcə də Azərbaycan dilində tədris vəsaitlərinin hazırlanması barədə razılıq əldə olunub. Sözügedən proqram üçün tələbə qəbuluna 2017/2018-ci tədris ilindən başlanması və  tədris prosesinə AKA mütəxəssislərinin cəlb olunması da razılaşdırılıb.

Türkiyənin Gənclər və İdman Nazirliyi yanında Ali Təhsil Krediti və Yataqxanalar Şurasındakı görüşdə isə ATU tələbələrinin yay aylarında Türkiyədəki tələbə yataqxanalarında qalması müzakirə olunub. Şuranın Yataqxanalar  departamentinin rəhbəri Yavuz Güner ilə aparılan söhbət zamanı qərara alınıb ki, ATU-nun tələbələri Türkiyəyə təcrübə, mübadilə və konfranslar üçün gedərkən qurumun tabeliyindəki yataqxanalarda cəmi 8 lirə ödəniş etməklə qala biləcəklər. 

Sonda onu qeyd edək ki, Azərbaycan Texnalogiya İnstitutunda həyata keçirilən işlər dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətə tam cavab verir. Universitet rəhbərliyi bu sahədə əlindən gələni əsirgəmir.

 

Sekil

Sekil

Yusif Məhəmmədoğlu