Yay aylarında sərinləşdirici və şirin dadı ilə süfrələrdən əskik olmayan meyvələr, sağlam görünsələr də, nəzarətsiz istehlak edildikdə çəki artımına yol aça bilər.
Sabahinfo.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, qarpız, üzüm, əncir və qovun kimi yay meyvələri fruktozla zəngindir və porsiya ölçüsünə diqqət edilmədikdə orqanizmdə yağ kimi depolanaraq, xüsusilə qarın nahiyəsində piylənməyə səbəb ola bilər.
Ən yüksək şəkər tərkibli meyvələrin başında əncir və üzüm gəlir. Belə ki, 100 qram təzə əncirdə təxminən 16 qram, üzümdə isə 15 qramadək təbii şəkər var. Su tərkibi yüksək olan qarpız və qovun daha az şəkərli kimi görünsə də, böyük porsiyalarla yeyildikdə bu meyvələr də şəkər qəbulunu artırır.
Dietoloqlar meyvə istehlakında “ovuc içi qədər” qaydasını tövsiyə edir. Bu isə təqribən gündə bir kiçik kasa meyvə deməkdir. İki dilim qarpız və ya 10-12 ədəd üzüm ideal qidalanma sayıla bilər. Meyvəni əsas yemək əvəzinə yemək isə metabolizmaya mənfi təsir göstərə bilər.
Ən uyğun vaxt ara öyünlərdir – xüsusilə idmandan sonra və ya aclıq hissi zamanı qəbul edilən meyvə həm enerji verir, həm də şirniyyat istəyini azaldır. Amma gec saatlarda meyvə yemək orqanizmdə yağ toplanmasını sürətləndirə bilər.
Əgər daha az şəkərli və daha sağlam alternativlər axtarırsınızsa, çiyələk, böyürtkən və ərik kimi liflə zəngin meyvələrə üstünlük vermək tövsiyə olunur. Bu meyvələr həm toxluq hissini uzadır, həm də həzm sisteminə müsbət təsir göstərir. Onları donduraraq smoothie şəklində də istehlak etmək mümkündür.