Vampir əfsanəsinin arxasındakı qorxulu həqiqətlər

Vampirlər haqqında ilk yazılı qeydlərə Uilyam Nyuburqun əsərlərində rast gəlinir. XII əsrdə yaşamış Uilyam bəzi ölən insanların gecə vaxtı məzarlarından qalxaraq adamlara hücum etdiklərindən yazırdı. O, həmin varlıqları Sanquisuqa (qaniçən) adlandırıb. Lakin vampirlər haqqında əfsanələrin tarixi daha qədimlərə söykənir. Onlar haqqında məlumatlara qədim musəvi qeydlərində də rast gəlinir. Vampir əfsanələrinin ilk qaniçən varlığının Lilit olduğu deyilir. Musəvi qaynaqlarına görə, Adəmin yaranmasından sonra Lilit özünü təhqir olunmuş kimi hiss etməyə başlayır. O, Tanrıdan Adəmlə eyni olmasını tələb edir. Lakin istəklərinin qəbul olmamasından sonra Tanrıya qarşı üsyana başlayır və yox olur. Tanrı isə Lilitin getməsindən sonra Adəmin qabırğasından Eveni yaradır. Eve Lilitlə müqayisədə Allaha tabe olur. Lənətlənmiş Lilit isə Qırmızı dənizdə yaşamağa başlayır. Adam və Lilitin ilk övladı olan Kayn isə ilk vampir kimi tanınır. Kayn qısqanclığa görə, qardaşını öldürdüyü üçün Tanrı tərəfindən lənətlənir. O, bundan sonra ölənə kimi Günəş üzü görmür və qan susuzluğu çəkməyə məbur olur. Nəhayət Kayn ata və anasının yaşadığı torpaqlardan Tanrını əmrilə sürgün edilir. O, Liliti tapmaq üçün Qırmızı dənizə gedir. Tapır və burada Kayn Lilitdən qandan güc almağı öyrənir. Qandan istifadə edərək mistik qüvvələri necə oyandıracağını və insanları özü kimi qaniçən varlıqlara çevirməyi öyrənən Kayn vampirləri dünya üzərində yaymağın doğru olmadığını düşünür və gizlənir. Təklik onu sıxır və 3 adamı vampirə çevirir. Qısa müddətdən sonra ətrafına 13 vampir yığır. Həmin 13 vampir dünyanın ilk insanları arasında rahat şəkildə gəzir və onların qanı ilə bəslənməyə başlayır. Baş verənlər qarşısında əsəbləşən Kayn vampirlərin çoxalmasını qadağan edir. Bütün qaniçənləri ətrafına yığan Kayn insanlarla sülh içərisində yaşayır. Lakin sülh uzun çəkmir. O, yenidən insanlara hücum çəkərək qanlarını içir. Sonda isə yaşadığı şəhər tamamilə xarabalığa çevrilir. Rəvayətə görə, şəhərin yox olması təbii fəlakətlər, yaxud Kaynın qanlı qaydalarından bezən bir uşağın caduları ilə əlaqələndirilir. Fəlakət nəticəsində Kaynın 3 övladı ölür və beləliklə tarixin ən güclü vampirləri yox olur. Sağ qalan 13 vampir isə müstəqil şəkildə yaşamağa başlayır. 13 vampir "Antediluvians” adlanırdı. "Antediluvians”ın yaratdığı vampirlər insanların bütün güclərini və miraslarını oğurlayırlar. Bununla da müxtəlif vampir klanları yaranır.

 

Vampir klanları

 

Klanlar dünyanın müxtəlif istiqamətlərinə dağılmağa başlayırlar. Lakin yaranan yeni vampir generasiyası əvvəlkilərdən daha gücsüz olur. Müxtəlif dövrlərdə isə klanlar arasında müharibə başlayır. Hal-hazırda da həmin müharibənin davam etdiyi deyilir. Orta əsrlərdə dünyada vampir xaosu özünün ən yüksək həddində idi. İnsanlar bu qaniçən varlıqlardan narahat idilər. Xalq arasındakı söhbətlər kilsəyə qədər gedib çıxır. Yaradılmış gizli təşkilatlar vampirlərə qarşı müharibələrə başlayırlar. İnsanlardan daha güclü olmasına baxmayaraq, vampirlər gündüzlər ortalıqda gəzə bilmirdilər. Ona görə də onlardan daha çox olan insanlar qaniçənləri gündüz vaxtları kütləvi şəkildə məhv etməyə başlayırlar. Gənc vampirlərin yaşlı qaniçənlər tərəfindən qurban olaraq müharibələrə göndərilməsi daxildə çaxnaşmaya səbəb olur. Üsyan başlayır. Şərqi Almaniyada gizli şəkildə yaşayan gənc vampirlər özlərini müdafiə etmək üçün yeni cadu kəşf edirlər. Nəticədə isə vampirlər üçün böyük təhlükə yaranır. Qarşıdurmalara son qoymaq üçün XV əsrdə klanların toplantısı keçirilir. 13 klandan 7-sinin iştirak etdiyi toplantıda "Kamarilla” adlı qurup yaradılır. "Kamarilla” daxili qiyamları yatırır və yeni qanunlar irəli sürür. Vampirlərin əsl həqiqətlərini gizli saxlamağa çalışan qrup insanlar arasında onların əfsanə olduqlarını təbliğa etməyə başlayır. "Kamarilla”ya qatılmaq istəməyən klanlar isə yerin altına göndərilirlər. Həmin klanlar sonradan "Sabbat” adlı qrup yaradırlar.

 

"Gehenna gecəsi”

 

Vampirlər haqqında ən məşhur əfsanə "Gehenna gecəsi”dir. Rəvayətə görə, həmin gecə 13 vampir ("Antediluvians”) məzarlarından çölə çıxaraq gənc vampirlərə hücum edəcəklər. Bununla dünyanın sonu olacaq. İndi bir sıra vampir klanları, o cümlədən "Kamarilla” "Gehenna gecəsi”nin reallaşmasının qarşısını almağa çalışırlar. "Kamarilla” eyni zamanda vampirlərə qarşı edilən hücumları dəf etməyə çalışan birlikdir. Birlik üzvləri insanlar arasında yaşayırlar. Bəslənmələrini (qan içmək) daha diqqətli şəkildə həyata keçiririlər. İnsanları özlərinən narazı salmamağa çalışırlar. "Kamarilla” 7 klandan ibarətdir: "Bruja”, "Qanqrel”, "Malkavyan”, "Nosferatu”, "Toreador”, "Tremer” və "Ventru”.

 

"Sabbat” Birliyi

 

"Kamarilla”ya qarşı çıxan və yerin altında sürgün edilən vampirlər tərəfindən yaradılıb. Məqsədi bütün vampirləri "Kamarilla”nın təsiri altından çıxarmaq və dünya üzərində tamamilə azad olmalarını təmin etməkdir. "Sabbat” vampirləri insanlara qarşı daha radikal və aqressivdirlər. Çoxlu qan içməyi sevirlər. "Sabbat”a görə, insanlardan qaçmaq lazım deyil, onları idarə etmək lazımdır. 2 klandan ibarətdir: "Lasombra” və "Tzimisce”.

 

Müstəqil klanlar

 

Hər hansı qruplaşmanı rədd edən klanları da var. "Anarxs” və "İnkonnu” ən tanınmışlarıdır. Qalan 4 klan isə "Neytral” kimi tanınır: "Assamit”: Ən ölümcülü olan "Assamit” peşəkar qatillərilə seçilir; "Setit”: Ən etibarsız klandır. Qaranlıq gücləri var. Kaynın yaratdığı şəhərin bu klan tərəfindən dağıdıldığı iddia olunur; "Covanni”: Güvənilən klandır. Yaranması intibah dövrünə təsadüf edir. Üzvlərinin Venesiyada yaşadıqları deyilir; "Ravnos”: Oğruları ilə məşhurdur. Yaradıcısının ("Antediluvians” vampirlərindən biri) bir müddət əvvəl məzarından qalxaraq bir neçə "Ravnos” üzvünün qanını içərək öldürdüyü deyilir.

 

Vampirlərin iyerarxik quruluşu

 

Vampirlər iyerarxiyaya əhəmiyyət verən varlıqlardır. Onların yaşadıqları bölgələr müxtəlif sərhədlərə bölünüb. Hər sektor şahzadə tərəfindən idarə olunur. Şahzadələr yaşlı vampirlər tərəfindən seçilir. Hər başçının idarə etdiyi bölməyə "Domayn” adı verilir. Digər "Domayn” vampiri qanunsuz şəkildə başqa bir bölməyə keçdikdə şahzadənin əmrilə cəzalandırılır. "Domayn” şahzadələri "Ventru”, yaxud "Toreador” klanlarından seçilirlər. Bəzi hallarda "Bruja”, "Nosferatu” və "Malkavyan” üzvlərinə də üstünlük verilir. Şahzadə öz "Domayn”ı çərçivəsində böyük səlahiyyətlərə malikdir. Ov sərhədlərini təyin etmək, müəyyən bölgələrdə qan içilməsini qadağan etmək də şahzadənin səlahiyyətlərinə daxildir. "Kamarilla” qanunlarını (6 qayda) pozan vampirlər ov hədəfinə çevrilirlər. Yəni ki, qanunu pozan vampirlərin qanını içmək olar. Şahzadələr şəhərlərdə yaşayırlar. Məsələn; Paris, Çikaqo, Atlanta və s. Avropa və Amerika şəhərlərində iqamətgahları var. Hər "Domayn”da şahzadəyə kömək etmək üçün "Primogen” məclisi var. Məclis müxtəlif vampir klanları nümayəndələrindən təşkil olunub. Qrumun hətta müvəfəqiyyət qazana bilməyən şahzadəni edam etmək səlahiyyəti var. Hakimiyyət daxilində "Elder” adlı qurum fəaliyyət göstərir. 300 ildən çox yaşamış vmapirlərdən təşkil edilib. Son dərəcə ölümcül və təhlükəlidir. "Ankillay” isə "Elder”in alt sinfidir. 100-300 il yaşayan vampirlərdən yaradılır. Hərdən gənclərə də üstünlük verilir. "Neonat” 100 ildən az yaşayan vampirlərdən təşkil edilir.

 

Zəif tərəfləri

 

Son dərəcə güclü varlıqlar kimi tanınan vampirlərin zəif tərəfləri də var. Generasiya müddətində çoxlu qan içdiklərinə görə, orqanlarında bir sıra zəifliklər yaranır. Kayndan bu yana edilən lənətə görə, Günəş işığına çıxa bilmirlər. Alovdan qorxurlar, bu onları tez öldürür. Qoxu və dadbilmə qabiliyyətləti son dərəcə yüksək olan vampirlər sarımsağa nifrət edirlər. Gümüşə qarşı allergiyaları var. Gümüş ilə qarışdırılmış titandan da qorxurlar. Ürəklərinə sancılmış mıx vampirləri öldürür. Xaçdan çəkinirlər. "Müqəddəs su” onları yandırır. Ölmüş adamın qanını içmirlər.

 

Onları necə tanımaq olar?

 

Şəhərlərdə mütəşəkkil formada yaşadıqları üçün onları tanımaq çətindir. Lakin onları tapmağın bəzi yolları var. Boyunlarında və şah damarlarının ətrafında diş izləri olur. Vampirləri daha çox məzarlarda axtarmaq lazımdır. Məsələn, kənarlarında dəlik olan məzarda ola bilər. Cəsədin gözlərinin açıq olması, çürüməməsi də buna işarədir. Məzar üzərində olan qan izləri də onları ələ verir.

 

Vampirlərin yaşadığı güman edilən 10 ən məhşur yer

 

Birinci yer – Fransa və dünyanın ən qorxulu məzarlığı Per-Lashez. Saat 18:00-dan sonra girişi qadağan olan məzrlıqda gecə saatlarında vampirlərin dolaşdığı ehtimal olunur. İkinci yer – Şimal-qərbi İngiltərə. Qorxulu ruhların qaranlıq düşəndən sonra yerlərindən qalxaraq səs-küy salaraq gəzdikləri məkan sayılır. Üçüncü yer – Çexiya, Çaxtit qalası. Rəvayətə görə qrafinya Yelizaveta Batori burada hər gün qız uşaqlarının qanında vanna qəbul edib. Dördüncü yer – Berlin, "Propeller İsland” mehmanxanası. Otelin otaqları vampirlərə məxsus dekorasiyalarla bəzədilib. Beşinci yer – Praqa, Qədim Yəhudi qəbiristanlığı. Altıncı yer – Macarıstan, III Drakulanın 10 il həbs edildiyi Vişeqrad qalası. Yeddinci yer – Translivaniya, Qraf Vlad Drakulanın Bran qəsri. Səkkizinci yer – Nyu-York, Halloven bayramında keçirilən "Sirli vampir konfransı”. Doqquzuncu yer – Nyu-Orlean ştatının Fransa kvartalı. Onuncu yer – Vaşinqton Ştatı, Forks şəhəri.

 

Şərq və Qərb folklorunda

 

Mifoloji varlıqlar hesab olunan vampirlər haqqında Şərqi Avropa folklorunda da bəhs edilir. Qədim Mesopatomiya, akkad, şumer mifologiyalarında qorxulu qaniçənlərdən danışılır. Macar, alban, serb, rumın əfsanələrində isə vampirlər lənətlənmiş natəmiz ruhlar kimi göstərilir. Şərqi Avropada vampirlərin ortaya çıxması XVIII əsrə təsadüf edir. Onların zühuru Şərqi Prussiya və Hamburqda insanlar arasında xaos yaradır. İmperatriçə Mariya Terezaya göndərilmiş məktublarda gecə vaxtı ölülərin qəbirlərdən qalxaraq insanlara hücum etməsindən danışılır. Tereza həkim Cerard van Sviteni monarxiyalara göndərir. Həkim insanlara vampirlərin uydurma olduğunu bildirir. Bundan sonra Qərbi Avropada yaranmış vampir qasırğası səngiyir. XVIII əsrdə onların mövcud olmasını sübut etməyə çalışan Şərqi Avropa elm adamları da az deyildi. Nəticədə isə mütəşəkillik tapan vampirizm cərəyanı onların həqiqətən mövcud olmasını gündəmə gətirir. Con Henrix Zopfus 1735-ci ildə "Serb Vampirləri” elmi əsərində yazır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Heç kəsə rəhm etmirlər”. Digər vampir araşdırmaçısı professor Skoffer "Stray Leaves of Science and Folk lore” ("Elmin və folklorun çürümüş yarpaqları”) elmi əsərində deyir: "Vampirlərə verə biləcəyim ən gözəl ad onların yaşayan pis ruhlu bədənlər olmalarıdır”. Vampirlər haqqında həmin dövrdə yazılmış ilk əsər isə "Travels of Three Eglish Gentelmen”dir ("Üç ingilis centelmenin səyahəti”).

 

Türk xalqları əfsanələrində

 

Vampir ingilis sözü olub "qaniçən” deməkdir. Başqa mənbələrdə isə onun macar və ya türk mənşəli olması da deyilir. Türkcə bu söz "qaniçən” yox, "ifritə” mənasındadır. Türk xalqlarının əfsanələrində isə ifritələr bəzi hallarda qaniçən iyrənc varlıqlar kimi qələmə verilir. Vampirlər tatarlarda "ubır”, qazaxlarda "kempir”, şumerlərdə "qaniçən aşkarlar”, babildə "qansoran lilu ruhları”, hind miflərində "vetallar”, çinlilərdə "şikəst cəsədlər”, romalılarda "lamiyalılar”, rumınlarda "striqoilər”, albanlarda "ştriqalar”, italyanlarda isə "kəfənyeyənlər” kimi tanınırlar. Vampir sözü ilk dəfə XVIII əsrdə Macarıstanda işlədilib. İlk dəfə isə rəsmi şəkildə bu sözə 1734-cü ildə İngiltərədə nəşr edilən "Oxford english” lüğətində rast gəlinir.

 

Elmi araşdırmalar

 

XX əsrin əvvəllərində vampirlər barədə aparılan araşdırmalar çərçivəsində Bolqarıstanın Szopol şəhəri yaxınlığında tapılmış qalıqlar Avropada şok effekti yaradır. Qədim məzardan aşkar olunmuş, sinəsinə mıxlar batırılmış iki insan skeletinin vampirlərə aid olması barədə ehtimallar irəli sürüldü. İtaliyanın Florensiya Universitetinin arxeoloqlarının aşkar etdiyi, XVI əsrə aid olduğu deyilən ağzında daş olan qadın skeleti də buna sübut kimi qələmə verilir. Məzar Venesiyanın Lazaretto Nuovo adasından aşkar olunub. Arxeoloq Matteo Barrinin kəşfi vampirizm tarixinin ilk nümunəsi idi. Lakin sonralar digər arşdırmaçılar tərəfindən qadının vampir olmadığı, XVI əsrdə epidemiyaya yoluxaraq öldüyü sübut olundu. Həqiqətdə də elmi araşdırmalarda orta əsrlərdə Venesiyada yolxucu xəstəliklərin tüğyan etməsi isbat edilib. Məsələn, Venesiyada çoxlu sayda vəba epidemiyasına yoluxanların tez-tez kilsələrə şafa üçün getmələri 1515-ci ildə tikilməli olan San-Rokko kilsəsinin inşasını təxirə salır. Kilsənin XVII əsrdə inşa olunması isə vəba xəstəliyinin sovuşmasından sonraya təsadüf edir.

 

Tanınmış vampirlər

 

Ən qorxulu vampir və sadist kimi tanınan qraf Vlad Drakula tarixi şəxsiyyətdir. O, XVII əsrdə yaşamış rumın şahzadəsidir. Hakimiyyəti dövründə 10 mindən çox türkü payalara keçirərək öldürüb. Qəddarlığı ilə seçilən qraf qan içməyi də sevib. Dövrünün tibb adamları Drakulanın qanında "vc17” virusunu daşıdığını iddia edirlər. Həmin virus qan içməyə meyilli insanlarda olur. XX əsrin sonları və XXI əsrin əvvəllərində vampirlərin qayıtması barədə iddialar Amerika və Avropada yenidən baş qaldırır. 1970-ci ildə Londonun Hayqeyt məzarlığında ruhların gecələr gəzməsi, 2002-ci ildə Malvi qubernatoru Erik Çivayın vampirlərlə əlaqə saxlaması, 2004-cü ildə avropalı həkim Tom Peterin öldükdən sonra dirilməsi barədə iddialar bu qəbildəndir. Həmçinin dünyada varlığı sübut olunmuş zənn edilən vampirlər də az deyil. Blou Çobanı, Arnold Paul, Peter Ploqoyovitz və b.

 

Tibb nə deyir?

 

Tibbi ekspertlərin rəyində tibb elmində vampir adlı xəstəliyin olmadığı deyilir. Bu daha çox periferiya və quduzluq xəstəliklərinə bənzəyir. Periferik xəstələrdə vampirlərdə olan əlamətlərinin bir çoxunun olması sübut olunub. Günəş işığından qaçan vampirlərdə olduğu kimi periferiya xəstələrinə də günəş işığına çıxması qadağandır. Vampirlərdə günəş işığı altında dəri yandığı halda periferiya xəstələrində hemoqlobin çatışmamazlığı nəticəsində dərinin nazikləşərək çatlaması müşahidə olunur.

 

Mənsur