Bəşər tarixi göstərir ki, milli dövlətçiliyini itirmək və dünya xəritəsindən tamamilə silinmək təhlükəsi
ilə üz-üzə qalmış xalqlar taleyüklü sınaq anında məsuliyyəti öz çiyinlərinə götürmüş qətiyyətli liderlərinin
müdrikliyi, fenomenal idarəçilik keyfiyyətləri sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmişlər.
Xüsusi rəhbərlik keyfiyyətlərinə malik belə şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni
kataklizmlər dövründə xalqa düzgün yol göstərən xilaskar missiyasında çıxış etmiş, həm də ümummilli liderlik
zirvəsinə yüksəlmişlər.
Böyük liderlər üçün səciyyəvi cəhətlərdən biri də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə
təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Bu elə vacib keyfiyyətdir ki, təkcə bütöv bir millətə deyil,
hətta kiçik partiyaya, qrupa rəhbərlik edən şəxs də siyasi proseslərin gedişini fəhmlə duymalı, gözlənilən uğur
və uğursuzluqları əvvəlcədən hesablamağı bacarmalıdır. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya
qoyduğu məqsədlərə yetişərək uğur qazanması, rəhbərlik etdiyi xalqı böyük fəlakət və faciələrdən hifz etməsi
məhz iti fəhm və uzaqgörənliyin nəticəsi olmuşdur. Bu reallığa nəzərən qətiyyətlə demək olar ki, ümummilli
lider Heydər Əliyev də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını əvvəlcədən duyan,
çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən şəxsiyyət kimi xalqının qəlbində
yaşayır, onun nurlu xatirəsi daim dərin ehtiramla anılır.
Əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi, xarizmatik liderə
çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli
ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır.
Məhz bunun sayəsində ulu öndər, harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini
reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Liderlik onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq
enerjisindən, qurub-yaratmaq həvəsindən mayalanmışdır. Böyük siyasətdə qarşıya qoyduğu məqsədlərin
əksəriyyətinə yetişərək uğur qazanması, rəhbərlik etdiyi xalqı dəhşətli fəlakət və faciələrdən hifz etməsi isə dahi
strateq Heydər Əliyevin iti fəhminin, müdrikliyinin və uzaqgörənliyinin nəticəsi olmuşdur.
Siyasi lider daim öz cəsarəti, çevik və rasional qərarları, ən çətin situasiyalardan optimal çıxış yolu
tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. O, yalnız enerjisi, natiqlik məharəti ilə deyil, həm də çevrəsində
olan insanların tələbat və ehtiyaclarını ifadə etmək bacarığı ilə fərqlənir, cəmiyyətdə ayrı-seçkiliyə yol vermir,
hər zaman haqqa, ədalətə tapınır. Zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi, siyasi potensialını
düzgün dəyərləndirməyi bacaran lider cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, milli
inkişafın əsasına çevrilən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilir.
Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, ötən əsrin ortalarında –
1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi xalqı milli
müstəqilliyə doğru aparan işıqlı yolun başlanğıcına çevrilmişdir. Haqq-ədalət uğrunda mücadiləni özünün həyat
kredosuna çevirmiş ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə hər bir fərdin maraq və
mənafeyini üstün tutmaqla, ədalətli və qanunpərəst rəhbər olduğunu təsdiqləmişdir. Dərin zəkası, lider
xarizması, milli ideallara sıx bağlılığı, unikal idarəçilik məharəti, zəngin mənəviyyatı ilə hər zaman xalqının
önündə olmuş ulu öndər hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə və
nihilizmə qarşı apardığı prinsipial mübarizə ilə nüfuz qazanmışdır. Ölkə rəhbəri cəmiyyətdə hökm sürən neqativ
halların ilk növbədə kadr problemi ilə bağlı olduğunu müdrikliklə müəyyənləşdirmiş, bu sahədə ciddi dönüşün
yaradılması vacibliyini önə çəkmişdir.
Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər
sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, düşüncə tərzinin,
hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır. Həmin
illərdə respublika rəhbərliyi səviyyəsində keçirilən müxtəlif tədbirlər də məhz bu məqsədlərin real həyatda
tətbiqinə yönəltmişdir. Azərbaycan KP MK-nın 1970-ci il dekabrın 4-də qəbul etdiyi "Zəhmətkeşlərin hüquqi
tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı da məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və
səyləri ilə hazırlanaraq qəbul olunmuşdur. Bu qərarda orta və ali ixtisas məktəblərində hüququn əsaslarının
tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual
məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə və
dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi-siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planı 117
işləyib hazırlamaq tələbi irəli sürülürdü. Məzmunundan da göründüyü kimi, ulu öndər Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş bu qərar həmin dövrün sosial eybəcərliklərinə, acı ictimai-mənəvi
gerçəkliklərinə, ozamankı partiya-sovet-təsərrüfat elitasının volyuntarizminə və özbaşınalığına, hüquqi nihilizm
və inzibati-amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və ağıllı müqavimət demək idi.
Ulu öndər respublikaya birinci rəhbərliyi dövründə daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri,
intellektuallığı, yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük vermiş, onları dövlət idarəçiliyinə irəli
çəkmişdir. Heydər Əliyevin rəhbərliyinə qədərki dövrdə hüquqşünaslığın, belə demək mümkünsə, "irsən
ötürülməsi cəhdləri” geniş vüsət almışdı. Yüksək vəzifəli məmurlar, xüsusən də, hüquq-mühafizə sistemində
çalışan şəxslər övladlarını ozamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində yerləşdirmək üçün
ən müxtəlif vasitələrə əl atırdılar. Nəticədə imkansız, lakin savadlı və qabiliyyətli gənclərin, fəhlə-kəndli
övladlarının hüquqları kobud şəkildə pozulur, onların hüquq təhsili almaq istəyi arzu olaraq qalırdı. Ulu öndər
qəbul etdiyi qətiyyətli qərarla belə halların qarşısını almış, haqqı, ədaləti bərpa etmiş, hüquqşünas kadrların
seçilməsində millilik və peşəkarlıqla yanaşı, ədalətlilik, təmizlik, düzgünlük kimi vacib meyarları əsas
götürmüşdür. Həmin illərdə yaranmış demokratik və şəffaf mühit nəticəsində istəyinə qovuşmuş yüzlərlə
zəhmətkeş azərbaycanlı övladı – respublikamızın hazırkı adlı-sanlı hüquqşünasları ulu öndərin bu addımını
daim böyük rəğbət və ehtiramla xatırlayırlar.
Ümummilli lider Heydər Əliyev çox sonralar – 2000-ci ildə Milli Mətbuat Günü ilə əlaqədar
jurnalistlərlə söhbətində bu barədə deyirdi: "Vaxtilə mən ali məktəblərə tələbə qəbulunda rüşvətxorluğa qarşı
mübarizə aparırdım. Məsələn, 1970-ci illərdə nəyi gördüm? Bizim dövlət universitetinin hüquq fakültəsi var. O
vaxt həmin fakültəyə hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə baxıb gördüm ki, bu hüquq fakültəsinə qəbul
olunanların təqribən 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası
prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun?
Bəzilərinin heç atası yoxdur, bəs, o, hüquq fakültəsinə necə daxil olsun? O vaxt, o cümlədən tarix və
şərqşünaslıq fakültələri çox modda idi. Mən vəzifədə olan şəxslərin, xüsusən, hüquq-mühafizə orqanlarında –
milisdə, prokurorluqda və sairə – çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim.
Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə yaratdı. İndi mən prokurorluqda, polisdə çalışan bəzi işçilərlə
görüşürəm. Onlar deyirlər ki, "Bilirsiniz, biz o vaxt Sizin sayənizdə hüquq fakültəsinə daxil ola bildik. Yoxsa bu
fakültəyə girə bilməzdik, çünki biz kənddən gəlmişdik, kasıb adam idik, nə rüşvət verməyə pulumuz, nə də
himayədarlıq etməyə adamımız var idi”.
"Qoy, ədalət zəfər çalsın!” devizini rəhbər tutan ümummilli lider ötən əsrin 70-80-ci illərində xalqın
təbii hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin
ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Milli düşüncə sahibi olduqlarına görə təqib edilən Azərbaycan
yazıçı və şairlərini – Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Anarı, Əkrəm Əylislini, məşhur tarixçi-alim
Ziya Bünyadovu və digər ziyalıları ən çətin məqamlarda müdafiə etməsi ulu öndərin hələ keçmiş sovetlər
dövründə insan hüquqlarına hörmətindən, yüksək demokratizmə söykənən idarəçiliyindən xəbər verirdi. Bir sıra
müttəfiq respublikalardan fərqli olaraq həmin illərdə Azərbaycanda nəinki dissident yazarlar olmamış, əksinə,
tanınmış ziyalı və şairlər xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər yazmış, ulu öndərin milliliyi,
xalqına bağlılığı onları həbs olunaraq zindana atılmaq təhlükəsindən hifz etmişdir.
Milli-mənəvi irs və dəyərlərə bağlı olmuş Heydər Əliyev həmin illərdə rus dilinin zorla ittifaq xalqlarına
qəbul etdirilməsi cəhdləri ilə barışmamış, fürsət düşdükcə, ana dilinin təbliğinə və yayılmasına geniş diqqət
yetirmişdir. Hələ 1969-cu ilin 1 noyabrında ozamankı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə
həsr olunmuş tədbirdə bütün qəlibləri, ideoloji-siyasi sədləri aşaraq ana dilimizdə səlist çıxış edən Heydər
Əliyev milli təfəkkür və iradənin daşıyıcısı, əzmkar müdafiəçisi olduğunu nümayiş etdirmiş, xalqın
özünəməxsusluğunun ifadəsinə çevrilmiş dövlətçilik rəmzlərinə və atributlarına həssas münasibətini ortaya
qoymuşdur. Ulu öndər həmin dövrdə rəsmi nitqlərinin böyük əksəriyyətini Azərbaycan dilində edir, bunu bütün
rəhbər vəzifəlilərdən də qətiyyətlə tələb edirdi. 1978-ci ildə Azərbaycan SSR-nin konstitusiya layihəsi qəbul
edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbitlənməsi və qorunub saxlanması
sahəsində nümayiş etdirdiyi prinsipialığı da bunu bir daha təsdiqləyir.
Çoxsaylı faktlar göstərir ki, ulu öndər Heydər Əliyev millətinin gələcəyini düşünən böyük lider olaraq
bütün şüurlu həyatını canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına həsr etmişdir. Tarixin ən sərt
dolanbaclarından, çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin
rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız eyni zamanda, davamlı
milli inkişaf yolunu müəyyənləşdirmişdir. Bu fenomen şəxsiyyət ən çətin və mürəkkəb siyasi situasiyalarda
nümayiş etdirdiyi qətiyyət, iradə və prinsipiallıqla çağdaş tariximizin şanlı səhifələrini yazmış, xilaskarlıq
missiyasını üzərinə götürmüşdür. Ötən əsrin 70-80-ci illərindən respublikada milli müstəqilliyə etibarlı zəmin118
yaradan sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit formalaşdıran ulu öndər Heydər Əliyev məhz bu
möhkəm bünövrə üzərində azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir.
Hər bir dövlətin mövcudluq tarixində çətin, milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar
olmuşdur. Fəqət, ən ekstremal siyasi şəraitdə millətin iradəsini və niyyətlərini, dövlətin diplomatiya və
strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində bu dövlətlər
tab gətirərək öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişdir. 1991-ci ilin 18 oktyabrından 1993-cü ilin
iyun ayınadək cərəyan edən xaotik və gərgin proseslər təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik
keyfiyyətlərinə, geniş siyasi dünyagörüşunə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq
və yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər.
1991-1993-cü illərdə respublikamızda cərəyan edən mürəkkəb proseslər – siyasi böhranın, anarxiya
mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bu
reallığı bir daha təsdiqlədi ki, yalnız böyük dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat
yarada, onu qoruyub saxlaya bilərlər. Ulu öndər Heydər Əliyev belə nüfuzlu şəxsiyyət olaraq özünün parlaq
zəkası ilə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də
dünyada layiqli yer qazandırmışdır. Böhranlı bir dövrdə – 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək
hakimiyyət sükanına keçən ümummilli lider respublikamızı üzləşdiyi bir çox faciələrdən qurtarmış, müdrik və
uzaqgörən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxarmışdır. Heydər Əliyevin Ali Sovetin sədri
seçildiyi günün – 15 iyun tarixinin Qurtuluş salnaməsi kimi qeyd olunması da tarixi proseslərin obyektiv
məntiqindən irəli gəlmişdir.
Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü
dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini
birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu
modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən
öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndər
özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi
reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün
deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən
xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.
Ulu öndər Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr
üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elminəzəri
və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim
olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini özünəməxsus
entuiziazmla irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Demokratik inkişaf yolu ilə irəliləyən
Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti,
özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet
seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu
ilə ümimi daxil məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi
dayanmışdır.
Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi də ümummilli lider Heydər
Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. 1994-cü ilin 20 sentyabrında
"Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi
inkişaf fonunda daha qabarıq görünür. Ölkəmizə son 10 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas
mahiyyəti respublikanın malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə
istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik
maraqlarının təmin olunmasına yönəlmişdir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft
strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin
möhkəmləndirilməsinə yönəlik siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli situasiyanın
formalaşdırılmasına xidmət edir.
Ümummilli lider hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət
mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatlar həyata keçirmişdir. Heydər Əliyev böyük siyasət ustadı
olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın
mümkünsüzlüyünü nitqlərində hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin
müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında
hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, demokratik-hüquqi və 119
dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının
bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan
hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik
tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik
qazanmışdır.
Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin hərbi qüvvələrinin
yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra
Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil
dövlətçilik üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik
sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin
timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi,
dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın
müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə
gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail
olmuşdur.
Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyini, bütövlüyünün
təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun
müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından
parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən
düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. Heydər Əliyev şəxsiyyəti bütün sistem və
ölçülərin, ictimailəşmiş qəliblərin fövqündə dayansa da, bu ucalıq onun böyük dövlət xadimi, görkəmli ictimaisiyasi
xadim və bunlardan da əvvəl – Böyük Azərbaycanlı olması faktını qətiyyən istisna etmir. "Hər bir insan
üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam” – deyən böyük strateq azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq
simasında bir araya gətirmişdir. Şəxsiyyətinin böyüklüyü və miqyası kimi daha iri ölkələrə rəhbərlik etmək
imkanında olan Heydər Əliyev Azərbaycan adlı qədim diyarı az qala, qarış-qarış gəzərək, rəhbər kimi onun hər
bölgəsinə silinməz izlər salmış, sağlığında xalq üçün gördüyü nəhəng işlərlə özü-özünü əbədiləşdirmişdir.
Ümummilli lider Heydər Əliyev hələ 70-80-ci illərdə respublikada formalaşdırmış zəngin elmiintellektual
potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından
strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxlamışdır. Bu böyük
şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri eyni zamanda, ciddi təmələ
əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapır. Ulu öndər Heydər
Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə
kimi aktuallaşdırmış, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirmişdir. Böyük strateq
milli təhsil sistemində islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai
müzakirələrin açılmasına nail olmuşdur. "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik
ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici
dəyişikliklər xarakteri daşıyır… Təhsil Qanunu elə bir qanundur ki, təhsil islahatları elə islahatlardır ki,
iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır” – deyən
ulu öndər Heydər Əliyev bu məsələyə böyük həssaslıqla yanaşdığını göstərmişdir.
Ölkəmizdə elmə, təhsilə, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə daim ciddiliklə yanaşmış
ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də bu mütərəqqi ənənəyə sadiqlik nümayiş
etdirmişdir. Ümummilli lider vaxtilə məzunu olduğu Bakı Dövlət Universitetini də unutmamış, ilk gündən bu ali
təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi
bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri
səviyyəsində kadr hazırlığına sövq etmişdir. Heydər Əliyev BDU-ya olan rəğbətini büruzə verməklə yanaşı, bu
ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli
məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professormüəllim
heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin,
məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Ən
azı o səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni
ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə qazanmışdır. 120
Ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyasını son illərdə uğurla reallaşdıran Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun
xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısı zaman etibarilə qısa,
mahiyyətcə böyük 5 illik dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona etibar
etməkdə qətiyyən yanılmamışdır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun
illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar da elə bu amilə əsaslanır.
Siyasi illüziyalardan, populizmdən uzaq olması, problemlərə rasional mövqedən və real situasiyadan
yanaşması, gerçəkliyi təhrif etməməsi, praqmatizmi cənab İlham Əliyevin yetkin və peşəkar siyasətçi portretini
formalaşdırır. Bütün bu keyfiyyətləri dövlət başçısının malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial,
işgüzarlıq, novatorluq və birləşdiricilik məziyyətləri tamamlayır. Milli maraqları və mənəvi dəyərləri
ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik
təhsil, dəmir məntiq və möhkəm iradə – bütün bunlar cənab İlham Əliyevin yetkin siyasi obrazını şərtləndirir.
Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə
ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal
situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü ilin postseçki
mərhələsi nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev siyasi iradə
göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən xaos və anarxiya mühitinə
yuvarlanmasına yol verməmişdir. Seçki ərəfəsində və sonra respublikada ictimai-siyasi sabitlik, dövlətçilik
əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə
arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir.
Əsl liderlik, şübhəsiz, xalq kütlələrini milli məram və məqsədlər ətrafında birləşdirmək bacarığında
ifadə olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin liderlik xüsusiyyətləri onun
ideyalarının inteqrativ-birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına
hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə
cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz
ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev
səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dinietnik
konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürüdür.
Dövlət başçısı İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa, effektiv sosialiqtisadi
islahatlara nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar
atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü aksiom kimi önə
çəkir. Ölkə Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan
Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq
miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Azərbaycan
sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında cənab İlham
Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq
lazımdır.
Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin
müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə
çalışır. Xalqı Heydər Əliyev ideyaları ətrafında birləşdirir, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur
duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər
edir.
Dövlət başçısı İlham Əliyev son beş ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi,
təhsilə, elmə də xüsusi qayğı ilə yanaşmış, bu istiqamətlərdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata
keçirilməsini təmin etmişdir. Azərbaycan Prezidentinin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və "Azərbaycan Respublikasında 2009-2015-ci
illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında sərəncamı Azərbaycan elminin inkişafı və problemlərinin həlli baxımından fundamental əhəmiyyətli
sənəddir.
Cənab İlham Əliyev elmlə yanaşı, ali təhsil sistemində islahatların aparılmasını, bu sistemin Bolonya
prosesinə uyğunlaşdırılmasını, ümumiyyətlə, həmin sahədə qarşıda duran problemlərin həlli baxımından son
illərdə bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Prezidentinin "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 121
22 may 2009-cu il tarixli sərəncamı ali təhsil sistemində islahatların keyfiyyətcə yeni mərhələdə uğurla davam
etdirilməsini təmin edəcəkdir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin
ideyalarına sadiq qalaraq daim Bakı Dövlət Universitetinin davamlı inkişafına xüsusi diqqət və qayğı ilə
yanaşır. Dövlət başçısının 24 aprel 2009-cu il tarixdə BDU-nun 90 illik yubileyinin keçirilməsi ilə bağlı
sərəncam imzalaması da məhz bunun bariz təcəssümüdür. Həmin sərəncam müsəlman Şərqində ilk Avropa tipli
ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir.
Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və
mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqın milli
sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif
sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.
Azərbaycan tarixinin ən yaddaqalan siması olan Heydər Əliyevin qeyri-adi irsi isə olduqca zəngin və
əhatəlidir. İllər keçdikcə artıq bəşəri sərvətə çevrilən bu irsin əhəmiyyətini daha çox dərk edir, sehrinə daha çox
düşür, vətəni necə sevmək, xalqa necə xidmət etmək nümunəsi olan şəxsi həyatını və fəaliyyətini örnək kimi
qəbul edirsən. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələari ulu öndər Heydər Əliyevin bu
ali təhsil ocağının layiqli yetirməsi, məzunu olması ilə daim qürur duyur, hər addımda onun dəyərli ideyalarına
istinad edir, eyni zamanda, Heydər Əliyev siyasi kursunu inamla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə ürəkdən inanır.
Əflatun Qasımov
Respublikanın Əməkdar Mühəndisi