Azərbaycan xalqı qədim xalqdır. Xalqımızın tarixində bir çox şərəfli anlar hadisələr və qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsi zamanı Şanlı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.
İşğaldan əvvəl Cəbrayıl rayonunda əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.
27 il Erməni işğalına məruz qalan Cəbrayılın Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı Mazan nənə türbəsi, Mərmər nənə məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə (“Dairəvi”) və məqbərələr, türk qəbristanlığındakı türbə və məqbərələrin hər biri ermənilər tərəfindən məhv edilmiş və ya dağıdılmışdır.
Bütün bunlara baxmayaraq artıq Azərbaycan xalqı torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin ikinci ildönümünü yaşayır. Dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, yenidənqurma və bərpa işlərinin aparılması üçün öz tapşırıqlarını verirlər. Ölkə rəhbərliyinin tapşırıq və göstərişləri ilə sürətlə icra olunan “Böyük Qayıdış” məhz Cəbrayıl rayonundan başlanıldı.
Ölkə başçısının tapşırığı ilə “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Eyni zamanda rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib, hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilir, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyasının inşasını planlaşdırır. Onu da xüsusi məqam kimi bildirmək lazımdır ki, vətəndaşlar Cəbrayıldan keçməklə Zəngəzur dəhlizindən istifadə edə biləcəklər. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirilib, “Cəbrayıl” yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub. Bütün bunlar isə heç şübhəsiz ki, işğaldan azad olunmuş Cəbrayılın sürətli şəkildə bərpasına hesablanmışdır.
Sənan Əliyev
ADPU tədris departamentinin direktoru, dosent