Deputat: Ölkəmizin iqtisadiyyatında yeni sənaye mərhələsi başlayır

"Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizin iqtisadi inkişaf strategiyasında yeni və mühüm mərhələnin başlandığını göstərir. Dövlət başçımızın müəyyən etdiyi strateji istiqamətlər Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə etməklə onların ölkənin davamlı iqtisadi inkişafına mühüm töhfə verən potensiala çevrilməsini hədəfləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və ölkənin gəlir imkanlarının daha da genişləndirilməsidir".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: "Dövlət proqramı təbii sərvətlərin hasilatını, onların səmərəli emalını və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılmasını nəzərdə tutur. Qarşıya qoyulan əsas məqsəd xammalın ölkə daxilində emalını genişləndirmək, filizdən son məhsula qədər bütöv istehsal zənciri yaratmaq və nəticədə daha yüksək əlavə dəyərin Azərbaycan iqtisadiyyatında qalmasını təmin etməkdir. Bu yanaşma milli sənayenin rəqabət qabiliyyətinin və ixrac potensialının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Proqram çərçivəsində 5,3 milyard manat investisiyanın yatırılmasının, sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılmasının nəzərdə tutulması qarşıya qoyulan hədəflərin miqyasını aydın şəkildə göstərir. Eyni zamanda, beş mindən artıq daimi iş yerinin yaradılması regionlarda məşğulluğun və iqtisadi fəallığın yüksəldilməsinə mühüm töhfə verəcək.

Xüsusilə diqqətçəkən məqam işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatlarının ölkəmizin iqtisadiyyatının inkişafına xidmət edəcək. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi, yeni geoloji kəşfiyyat işlərinin aparılması həmin ərazilərin iqtisadi potensialının reallaşdırılmasına və məşğulluğun artırılmasına yeni imkanlar yaradacaq.

O cümlədən, Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsinin nəzərdə tutulması xüsusi əhəmiyyət daşıyır. Müasir texnologiyaların tətbiqi ilə yeni mineral ehtiyatların müəyyənləşdirilməsi Naxçıvanın sənaye potensialının genişlənməsi, yeni istehsal sahələrinin yaradılması, investisiya imkanlarının artması və məşğulluğun yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Deputat qeyd edib ki, Daşkəsən dəmir filizi, Balakəndə yerləşən “Filizçay” polimetal, “Söyüdlü” və “Ortakənd” qızıl yataqları üzrə nəzərdə tutulan layihələr, eləcə də alüminium istehsalının genişləndirilməsi ölkəmizin dağ-mədən və metallurgiya sənayesində tamamilə yeni istehsal imkanları formalaşdıracaq: "Qərb Sənaye Parkının yaradılması məhz bu potensialın vahid sənaye zəncirinə çevrilməsi baxımından mühüm addımdır.

Digər vacib məqam dövlət və özəl sektor əməkdaşlığıdır. Dövlət başçımızın yerli və xarici investorlar üçün açıq çağırışı Azərbaycanın investisiya imkanlarına və həyata keçiriləcək layihələrin iqtisadi səmərəliliyinə olan inamın ifadəsidir. Dövlətin maliyyə təminatını öz üzərinə götürməklə yanaşı, özəl kapitalın və xarici sərmayələrin prosesə cəlb olunmasına şərait yaratması daha çevik və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir.

Eyni zamanda, ölkə rəhbərimiz Cənab İlham Əliyevin ekoloji məsələlərlə bağlı ortaya qoyduğu prinsipial mövqe xüsusi qeyd edilməlidir. Təbii sərvətlərin istismarı heç bir halda təbiətin qorunması hesabına həyata keçirilməməlidir. Dağ-mədən sənayesində ən yüksək ekoloji standartların tətbiqi iqtisadi inkişafla ekoloji təhlükəsizlik arasında balansın qorunmasının dövlət siyasətinin dəyişməz prinsiplərindən olduğunu göstərir".

Günay Ağamalı vurğulayıb ki, bütövlükdə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın zəngin mineral-xammal bazasını müasir texnologiya, emal sənayesi, logistika, investisiya və ixrac imkanları ilə birləşdirən yeni sənaye modelidir:

"Prezident İlham Əliyevin müəyyən etdiyi strateji yanaşmanın əsasında Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə edərək qeyri-neft sənayesinin və ixrac potensialının daha da gücləndirilməsi dayanır.

Qarşıya qoyulan hədəflərin reallaşdırılması qeyri-neft sektorunun payının artmasına, regionlarda yeni iqtisadi mərkəzlərin formalaşmasına, minlərlə yeni iş yerinin yaradılmasına və Azərbaycanın beynəlxalq bazarlarda sənaye və ixrac imkanlarının daha da güclənməsinə xidmət edəcək.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sözügedən siyasət Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirir, qeyri-neft sektorunun inkişafını sürətləndirir və ölkə iqtisadiyyatının gələcək dövrün çağırışlarına hazırlanması üçün geniş imkanlar yaradır".