Milli Məclisin 112 saylı Zaqatala seçki dairəsi üzrə deputatı Asif Əsgərov sentyabrın 5-də Zaqatala rayonunda keçirilən bir sıra tədbirlərdə iştirak edib. Deputat əvvəlcə yüksək nəticə göstərən məzunlarla görüşüb, daha sonra YAP Zaqatala rayon təşkilatında məktəblilər, şəhid və qazi övladları ilə bir araya gələrək onlara yeni dərs ili münasibətilə hədiyyələr təqdim edib.
İlk olaraq Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Təhsil zirvəsinə doğru – Azərbaycan gəncləri” adlı tədbir keçirilib. Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatları Asif Əsgərov və Azər Kərimli, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, şəhid ailələrinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, təhsil işçiləri, məzunlar və valideynlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək yüksək nəticə göstərən məzunları təbrik edib.
Daha sonra çıxış edən deputat Asif Əsgərov Zaqatala rayonunda təhsil sahəsində əldə olunan uğurlardan danışıb. O, yüksək nəticə göstərərək tələbə adını qazanan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, gənclərin əldə etdiyi nailiyyətlərin rayonun təhsil potensialının göstəricisi olduğunu bildirib.
Tədbirdə Milli Məclisin deputatı Azər Kərimli, Zəfər Murtuzəliyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəzakət Məmmədova, məzun valideyni Arzu Yekibaşova və Zaqatala İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın məzunu Abdulla Şabanov da çıxış edərək təhsilin və gənclərin gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.
Sonda 2025–2026-cı tədris ilində Zaqatala rayonu üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən məzunlar deputat Asif Əsgərov tərəfindən mükafatlandırılıb. Məzunlara hədiyyələr təqdim olunub və onların gələcək təhsil həyatlarında uğurlar arzulanıb.
Günün ikinci yarısında deputat Asif Əsgərov YAP Zaqatala rayon təşkilatının inzibati binasında şəhid ailələrinin üzvləri, qazilərimizin övladları, məktəblilər və beynəlxalq yarışda uğur qazanan istedadlı şagirdlərlə görüş keçirib.
Görüş zamanı şəhid və qazi övladlarına, eləcə də bir sıra məktəblilərə yeni dərs ili münasibətilə məktəbli formaları təqdim edilib. Ümumilikdə isə deputat Asif Əsgərovun dəstəyi ilə 300 məktəbli üçün məktəbli forması alınıb və rayon məktəblilərinə paylanılıb.
Həmçinin Çinin Pekin şəhərində keçirilən “RobotChallenge 2026” beynəlxalq müsabiqəsində uğur qazanaraq qızıl medal əldə edən Zaqatala məktəbliləri xüsusi hədiyyələrlə təltif olunublar.
Asif Əsgərov məktəbliləri təbrik edərək onların təhsildə, elm və texnologiya sahəsində əldə etdikləri uğurların böyük əhəmiyyət daşıdığını bildirib, gənclərə yeni tədris ilində yüksək nəticələr arzulayıb.
Görüş zamanı vətəndaşların müraciətləri də dinlənilib, onları narahat edən məsələlərlə bağlı fikir və təkliflər qeyd olunub.Millət vəkilinin səlahiyyəti çərçivəsindəki məsələlər yerində həllini tapıb,bəzi məsələlər isə aidyatı üzrə yönləndirilərək nəzarətə götürülüb.
Keçirilən tədbirlərdə Zaqatala gənclərinin təhsil uğurlarının dəstəklənməsi, istedadlı məktəblilərin həvəsləndirilməsi, eləcə də şəhid və qazi övladlarına diqqət və qayğının göstərilməsi əsas istiqamətlərdən olub.