25 oktyabr Azərbaycan xalqının yaddaşında ərazi bütövlüyümüzün bərpasına aparan Zəfər yolunun mühüm mərhələlərindən biri kimi yaşayır. 2020-ci ilin həmin günündə Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsi hərbi-strateji əhəmiyyəti ilə yanaşı, xalqımızın tarixi torpaqlarına qayıdış əzmini, dövlətimizin gücünü və milli birliyimizi nümayiş etdirdi. Bu hadisə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin yaxınlaşmasını təmin edən mühüm hadisələrdən biri oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlı şəhərinin azad olunmasının əhəmiyyətini ifadə edən fikirləri bu tarixi hadisənin mahiyyətini aydın göstərir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Bu gün Qubadlıya nəzər salarkən yalnız döyüş meydanında əldə edilmiş tarixi nəticəni deyil, həm də işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən qurulması, doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması və bölgənin iqtisadi potensialının bərpası istiqamətində görülən işləri bütöv bir proses kimi dəyərləndirmək lazımdır. Qubadlı şəhəri günü məhz bu tarixi yolun - azadlıqdan dirçəlişə, qayıdışdan dayanıqlı inkişafa doğru irəliləyişin rəmzidir.
Qubadlının qədim tarixi və zəngin iqtisadi potensialı
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla, əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və təsərrüfat ənənələri ilə seçilir. Kiçik Qafqazın cənub-şərqində, Qarabağ yaylasının cənub-şərq ətəklərində yerləşən rayonun ərazisi 802 kvadratkilometrdir. Qubadlı Ermənistanla 120 kilometr uzunluğunda sərhədə malikdir, həmçinin Laçın, Xocavənd, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. Həkəri və Bərgüşad çayları rayonun təbii-coğrafi mənzərəsinin əsas elementlərindəndir. Rayonun torpaq ehtiyatları tarixən kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradıb. Ümumi torpaq fondunun 79 min 812 hektarını əhatə edən ərazidə əkinçilik, heyvandarlıq, üzümçülük və digər təsərrüfat sahələri inkişaf edib. İşğaldan əvvəl 14 min 956 hektar əkin sahəsi, 850 hektar çoxillik əkmələr, 631 hektar biçənək və 17 min 192 hektar örüş-otlaq sahəsi mövcud olub. Rayonun torpaq fonduna, həmçinin meşələr, bağlar və üzümlüklər daxil idi.
Qubadlıda taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq əhalinin əsas məşğuliyyət sahələrindən olub. Yeraltı sərvətləri, tikinti materialları üçün yararlı daş yataqları, su ehtiyatları və meşə örtüyü də rayonun iqtisadi inkişafında mühüm rol oynayıb. Bu potensialın bərpası işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Rayonun coğrafi mövqeyi də onun gələcək inkişafında xüsusi rol oynayır. Ermənistanla sərhəddə yerləşməsi, Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibində olması və ətraf rayonlarla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qubadlının regional iqtisadi və logistika əlaqələrində iştirak imkanlarını genişləndirir. Buna görə də bərpa prosesinə yalnız yaşayış məntəqələrinin yenidən qurulması kimi deyil, bütövlükdə ərazinin iqtisadi və sosial həyatının canlandırılması kimi yanaşmaq vacibdir.
İşğalın ağır nəticələri və xalqımızın doğma yurda qayıdış iradəsi
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılıb, iqtisadi infrastrukturu sıradan çıxarılıb, minlərlə insan doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. İşğal dövründə 29 min 997 nəfər Qubadlı sakini məcburi köçkün həyatı yaşayıb. Rayonun 94 yaşayış məntəqəsi, 7 min 278 yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt və 161 mədəniyyət müəssisəsi dağıntılara məruz qalıb. Yeddi məscid, 16 körpü, 1 080 kənd təsərrüfatı obyekti, 650 kilometr avtomobil yolu, iki su anbarı, 150 kilometr su kəməri, 4 min 830 kilometr elektrik xətti və 165 kilometr magistral qaz xətti də işğalın ağır nəticələrindən zərər görüb. Rayonun istehsal və xidmət sahələrinin fəaliyyəti dayanıb, təsərrüfat əlaqələri pozulub. Bu dağıntılar yalnız binaların və infrastrukturun məhv edilməsi ilə məhdudlaşmırdı. Onilliklər ərzində formalaşmış sosial mühit, insanların gündəlik həyatı, doğma torpaqla bağlı xatirələri və ənənələri də böyük zərbə almışdı. Qubadlı sakinləri uzun illər ərzində öz yurdlarına qayıtmaq arzusu ilə yaşadılar. Onların doğma torpağa bağlılığı, milli yaddaşın qorunması və qayıdış ümidinin itirilməməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin mənəvi dayaqlarından biri idi.
Azərbaycan dövləti bütün bu illər ərzində münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə çalışıb. Bununla yanaşı, ölkəmiz öz müdafiə qabiliyyətini gücləndirib, iqtisadi və hərbi potensialını artırıb. 2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycan xalqının uzun illər davam edən ədalət gözləntisinə son qoyan tarixi mərhələ oldu.
Qubadlının azad edilməsi - Zəfərə aparan mühüm mərhələ
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatlar həyata keçirdi. Cəbhədə əldə olunan hərbi üstünlük nəticəsində düşmənin müdafiə mövqeləri yarıldı, strateji yüksəkliklər və yaşayış məntəqələri nəzarətə götürüldü. Qubadlı istiqamətində aparılan əməliyyatlar da müharibənin gedişində mühüm əhəmiyyət daşıyırdı. Xanlıq, Padar və Sarıyataq istiqamətlərində həyata keçirilən hərbi əməliyyatlar, strateji yüksəkliklərin ələ keçirilməsi şəhərin azad olunması üçün əlverişli şərait yaratdı. Azərbaycan Ordusunun qətiyyətli və peşəkar fəaliyyəti nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Noyabrın 9-dək rayonun daha 41 kəndi də azad olundu.
Qubadlının azad edilməsi hərbi baxımdan mühüm nəticə olmaqla yanaşı, Laçın istiqamətində irəliləyiş üçün də əhəmiyyətli imkanlar yaratdı. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, şəhərin azad olunmasından sonra Laçın istiqamətində yol açılmış, müharibənin sonrakı mərhələsində mühüm uğurlar əldə edilmişdi. Qubadlı uğrunda döyüşlərdə Azərbaycan hərbçiləri böyük şücaət və fədakarlıq nümayiş etdirdilər. Şəhidlərimizin qanı bahasına qazanılmış bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq. Qubadlının azad olunmasına görə göstərilən qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Təqdim olunan məlumatlara əsasən, 15 min 209 hərbi qulluqçu bu medalla təltif olunub.
Qubadlı şəhərində Dövlət bayrağının ucaldılması da azadlığın rəmzi kimi xüsusi məna daşıyır. Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də rayona səfəri zamanı şəhərdə Dövlət bayrağını ucaldıb. Bu hadisə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş tarixi nəticələrin təcəssümü idi.
Qubadlı Şəhəri Günü - tarixi yaddaşın və milli qürurun təcəssümü
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi təsis edilib. Bu qərar şəhərin işğaldan azad olunduğu günün tarixi yaddaşda yaşadılması, gələcək nəsillərə çatdırılması və milli təqvimimizdə layiqli yer tutması baxımından mühüm əhəmiyyət daşıyır. Qubadlı Şəhəri Günü həm də müharibənin ağrı-acısını yaşamış insanların qayıdış ümidinin gerçəkləşməsinin rəmzidir. Bu günün qeyd olunması şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, Vətən müharibəsinin iştirakçılarına hörmət ifadəsidir. Eyni zamanda, bu tarix Azərbaycanın öz torpaqlarında quruculuq və inkişaf prosesini davam etdirmək əzmini nümayiş etdirir.
Qubadlıya qayıdışın mənası təkcə insanların doğma evlərinə dönməsi deyil. Bu, ailələrin yenidən birləşməsi, uşaqların doğma yurdda böyüməsi, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının fəaliyyətə başlaması, təsərrüfatın canlanması və yeni həyat mühitinin formalaşması deməkdir. Başqa sözlə, Qubadlının dirçəlişi tarixi ədalətin bərpasının gündəlik həyatda təzahürüdür.
Böyük Qayıdış: quruculuq və yenidən məskunlaşma mərhələsi
İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri Azərbaycanın qarşısında duran mühüm vəzifələrdəndir. Qubadlıda həyata keçirilən tədbirlər də bu genişmiqyaslı prosesin tərkib hissəsidir. Dövlət başçısının rayona mütəmadi səfərləri, infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı, yaşayış məntəqələrinin bərpası ilə bağlı tapşırıqları görülən işlərin ardıcıl və planlı xarakter daşıdığını göstərir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlıya səfər zamanı Xanlıq-Qubadlı avtomobil yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Bu tədbirlər rayonun nəqliyyat, enerji və sərhəd təhlükəsizliyi infrastrukturunun bərpası baxımından mühüm mərhələ olub. 2022-ci il oktyabrın 19-da dövlət başçısı rayonda yaradılması nəzərdə tutulan “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. 2023-cü il mayın 4-də isə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı yaşayış məntəqələrində layihələrin təməli qoyulub.
Bu layihələr göstərir ki, Qubadlının bərpası yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Təhsil, səhiyyə, dövlət idarəçiliyi, enerji, su təchizatı və nəqliyyat sahələrində zəruri şəraitin yaradılması insanların uzunmüddətli məskunlaşması üçün əsas şərtlərdəndir. Böyük Qayıdışın uğuru da məhz bu sahələrin bir-birini tamamlamasından, əhalinin təhlükəsiz və rahat yaşayışının təmin olunmasından asılıdır. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın 2025-ci il sentyabrın 9-da təsdiq edilməsi bu istiqamətdə mühüm addımdır. Sənəd şəhərin gələcək inkişaf istiqamətlərini, yaşayış və ictimai məkanların planlaşdırılmasını, infrastrukturun genişləndirilməsini və ərazinin potensialından səmərəli istifadəni nəzərdə tutur.
Müasir şəhər infrastrukturu və dayanıqlı enerji təminatı
Qubadlının yenidən qurulmasında enerji infrastrukturu xüsusi yer tutur. 2021-ci il oktyabrın 25-də açılışı olan 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyası rayonun dayanıqlı elektrik enerjisi ilə təmin olunması və gələcək inkişaf tələbatının qarşılanması üçün mühüm obyektlərdən biridir. Yarımstansiyanın tikintisi ilə paralel olaraq “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl istiqamətinə çıxışla 76 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri çəkilib. Xətlər boyunca fiber-optik kabelin də quraşdırılması enerji sisteminin rəqəmsal idarə olunması ilə yanaşı, informasiya mübadiləsi və rabitə imkanlarını genişləndirib.
İşğaldan əvvəl Qubadlıda 38 mindən çox insan yaşayıb və rayonun ümumi elektrik enerjisi tələbatı 12 meqavat olub. Yeni inkişaf planlarında 2040-cı ilədək əhalinin sayının 47 min nəfəri keçəcəyi, elektrik enerjisinə tələbatın isə 38 meqavatdan artıq olacağı proqnozlaşdırılır. Bu göstəricilər müasir infrastrukturun yalnız hazırkı ehtiyaclar deyil, həm də gələcək demoqrafik artım və iqtisadi fəallıq nəzərə alınmaqla qurulduğunu göstərir. Şəhərin inkişafında nəqliyyat əlaqələrinin bərpası da vacib istiqamətdir. Qubadlı–Eyvazlı avtomobil yolu rayonun yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına xidmət edir. Uzunluğu 28,5 kilometr olan, üçüncü texniki dərəcəyə uyğun iki hərəkət zolaqlı yol Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı yaşayış məntəqələrindən keçir. Yol şəbəkəsinin genişləndirilməsi kənd təsərrüfatı məhsullarının daşınması, sakinlərin xidmətlərə çıxışı və rayon daxilində iqtisadi əlaqələrin inkişafı üçün əhəmiyyətlidir.
Qubadlı-Laçın avtomobil yolunun tikintisi ilə bağlı 2023-cü il sentyabrın 5-də müvafiq qərar qəbul edilib və layihə üçün 20 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə görülən işlər rayonun ətraf ərazilərlə nəqliyyat əlaqələrinin gücləndirilməsinə və bölgədə vahid infrastruktur sisteminin formalaşmasına xidmət edir.
Yaşayış məhəllələri və kəndlərin dirçəldilməsi
Böyük Qayıdışın əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməkdir. Bunun üçün yaşayış evləri ilə yanaşı, gündəlik həyatın təşkili üçün zəruri olan sosial və kommunal infrastrukturun qurulması vacibdir. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə 2026-cı il iyunun 16-da başlanılıb. Ümumi sahəsi 3,34 hektar olan məhəllədə 21 yaşayış binasının inşası nəzərdə tutulur. Onlardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Layihəyə əsasən, binalarda ümumilikdə 176 mənzil yaradılacaq və mənzillərin əksəriyyəti iki və üçotaqlı olacaq. Təqdim edilmiş məlumatlara görə, tikinti işlərinin ilkin mərhələsində binaların bünövrələrinin qurulması başa çatdırılıb.
Rayonun kəndlərinin bərpası da paralel şəkildə həyata keçirilir. Mahruzlu kəndində ümumi layihə sahəsi 197 hektar müəyyənləşdirilib. Birinci mərhələdə 40 hektar ərazidə 190 fərdi evin tikilməsi, ilkin mərhələdə 836 nəfərin məskunlaşdırılması nəzərdə tutulur.
Zilanlı kəndində isə ümumi layihə sahəsi 180 hektardır. Birinci mərhələdə 159 evin tikintisi planlaşdırılır və bu mərhələdə 772 nəfərin yaşayışının təmin edilməsi nəzərdə tutulur. Gələcəkdə kənddə 630 ailənin, ümumilikdə 2 min 520 nəfərin məskunlaşdırılması planlaşdırılır.
Mahruzlu və Zilanlı kəndlərinin bərpası Qubadlı rayonunun kənd təsərrüfatı və ənənəvi yaşayış mühitinin yenidən canlandırılması baxımından əhəmiyyətlidir. Fərdi yaşayış evlərinin tikintisi, yolların və kommunal xətlərin qurulması, sosial xidmətlər üçün şəraitin yaradılması kənd sakinlərinin doğma torpaqlarında məskunlaşmasına və təsərrüfat fəaliyyətini bərpa etməsinə imkan verəcək. Bu layihələrin uğurla həyata keçirilməsi üçün tikinti işlərinin keyfiyyəti, infrastrukturun dayanıqlılığı və yaşayış məntəqələrinin bir-biri ilə əlaqələndirilməsi mühüm şərtlərdir. Qubadlının bərpasında məqsəd yalnız dağıdılmış evlərin yerində yenilərini tikmək deyil, insanların uzun illər yaşaya, işləyə və gələcək planlarını doğma torpaqlarında qura biləcəkləri müasir yaşayış mühiti formalaşdırmaqdır.
Tarixi torpaqlarda yeni həyat
Qubadlıda aparılan bərpa işləri rayonun gələcək iqtisadi və sosial inkişafı üçün yeni imkanlar açır. Ərazinin kənd təsərrüfatı potensialının bərpası, nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji təminatının gücləndirilməsi və yeni yaşayış məntəqələrinin salınması bu prosesin bir-birini tamamlayan istiqamətləridir. Rayonun tarixi təsərrüfat ənənələrinin dirçəldilməsi də mühüm vəzifələrdəndir. Əkin sahələrinin, bağların, örüş və otlaqların imkanlarından səmərəli istifadə, heyvandarlığın və bitkiçilik sahələrinin inkişafı yerli iqtisadi fəallığın artmasına kömək edə bilər. Bununla yanaşı, yeni infrastrukturun qurulması özəl təşəbbüslər üçün əlverişli mühitin formalaşmasına, istehsal və xidmət sahələrində məşğulluğun genişlənməsinə şərait yarada bilər.
Bərpa prosesinin uzunmüddətli nəticələri əhalinin qayıdışı ilə yanaşı, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığından, kommunal təminatın keyfiyyətindən, yeni iş yerlərinin yaradılmasından və iqtisadi fəaliyyətin davamlılığından asılıdır. Bu baxımdan Qubadlının gələcək inkişafı yalnız bir rayonun dirçəlişi deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi imkanlarının genişləndirilməsi kontekstində də əhəmiyyətlidir. Qubadlı özünün tarixi yaddaşı, təbii sərvətləri, əmək ənənələri və insanlarının doğma torpağa bağlılığı ilə Azərbaycanın ayrılmaz hissəsidir. Onun işğaldan azad olunması xalqımızın mübarizə əzminin və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək qətiyyətinin təcəssümü oldu. Bu gün aparılan quruculuq işləri isə həmin tarixi qələbənin sülh şəraitində davam edən mühüm mərhələsidir.
25 oktyabr - Qubadlı Şəhəri Günü bizə həm keçmişin ağır sınaqlarını, həm də azadlığın yaratdığı imkanları xatırladır. Bu tarix şəhidlərimizin xatirəsinə ehtiramı, qazilərimizin qəhrəmanlığına minnətdarlığı və doğma yurda qayıdan insanların sevincini özündə birləşdirir. Qubadlının yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və sakinlərin doğma torpaqlarında məskunlaşması Azərbaycan dövlətinin qarşıya qoyduğu Böyük Qayıdış məqsədinin həyata keçirilməsinə xidmət edir.
Əminliklə demək olar ki, Qubadlı şəhərinin və kəndlərinin dirçəlişi gələcək nəsillər üçün mühüm tarixi miras olacaq. Zəfərlə qazanılmış azadlıq bu gün quruculuqla möhkəmlənir, doğma torpaqlarda həyat yenidən canlanır. Qubadlı Azərbaycanın suverenliyinin, milli iradəsinin və gələcəyə inamının ünvanlarından biri kimi öz yeni inkişaf mərhələsinə qədəm qoyur.
Asif Əsgərov,
Milli Məclisin deputatı