Dərman sənayesinin inkişafı iqtisadi gücümüzün, səhiyyəmizin və milli təhlükəsizliyimizin mühüm istiqamətlərindən biridir. Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Pirallahı Sənaye Parkında yeni dərman istehsalı müəssisəsinin açılması ölkəmizin sənaye və səhiyyə sektoru üçün əlamətdar hadisədir.
Əslində, bu gün şahidi olduğumuz inkişaf uzun illər əvvəl əsası qoyulmuş dövlət siyasətinin və həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir. Ölkəmizdə yerli istehsalın təşviqi, müasir texnologiyaların tətbiqi, xarici investisiyaların cəlb edilməsi və idxaldan asılılığın azaldılması istiqamətində görülən işlər artıq öz bəhrəsini verməyə başlayır.
Bu cür müəssisələrin fəaliyyətə başlaması yalnız iqtisadi göstəricilərlə ölçülməməlidir. Bu, eyni zamanda Azərbaycan səhiyyəsinin imkanlarının genişlənməsi, dərman təminatının dayanıqlığının artırılması, yeni mütəxəssislərin yetişdirilməsi və ölkəmizin regional əczaçılıq sənayesində mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Unutmamalıyıq ki, dərman sənayesi qida və enerji təhlükəsizliyi qədər strateji əhəmiyyətə malik olan milli təhlükəsizlik məsələsidir. Xüsusilə son illərdə dünyada yaşanan böhranlar bir daha göstərdi ki, öz əhalisinin həyati vacib dərman preparatlarına çıxışını təmin etmək imkanına malik olmaq hər bir dövlət üçün mühüm üstünlükdür.
İnanırıq ki, bu istiqamətdə atılan addımlar davamlı xarakter daşıyacaq, Azərbaycan yalnız dərman vasitələrinin istehlakçısı deyil, həm də müasir standartlara cavab verən istehsalçısı və gələcəkdə regional təchizatçılarından biri kimi öz mövqeyini möhkəmləndirəcək.
Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf və sənayeləşmə hədəfləri çərçivəsində həyata keçirilən bu layihələrin Azərbaycan iqtisadiyyatına, səhiyyə sisteminə və ən əsası, vətəndaşlarımızın sağlamlığına uzunmüddətli töhfələr verəcəyinə inanıram. Çünki güclü səhiyyə yalnız müasir xəstəxanalar və peşəkar həkimlər deyil, həm də güclü elm, texnologiya və milli istehsal potensialı deməkdir.
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini