Azərbaycan dövlətçiliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini imperiyanın ilhaqında olanda da, müstəqillik dövründə də, ümumiyyətlə, ən çətin məqamlarda da yaşada bilib, məhv olmağa qoymayıb.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi idi. İndi Ümummilli Liderin ruhu şaddır. Ulu Öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Qarabağın və ətraf rayonların işğaldan azad edilməsini təmin etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında Zəfər çaldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
Deputat qeyd edib ki, Ermənistanın ərazi iddiaları qaldırdığı bir vaxtda Azərbaycanda milli-azadlıq hərəkatı geniş vüsət almışdı. İmperiya isə bu hərəkatı özünə böyük təhlükə hesab edirdi. Ona görə də Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq niyyəti ilə Bakıya qoşun yeridildi, günahsız insanlar qətlə yetirildi. Bu qırğın Azərbaycan xalqının tarixinə 20 Yanvar hadisəsi kimi daxil oldu. Bu qanlı hadisəyə etiraz olaraq böyük tarixi şəxsiyyət Heydər Əliyev Moskvada, Azərbaycanın daimi nümayəndəliyi qarşısında keçirilən mitinqdə çıxışında Sov.İKP MK-nı, onun baş katibi M.Qorbaçovu ciddi tənqid etdi. Bu qanlı aksiyaya etiraz olaraq partiya sıralarını tərk etdi. Ulu Öndər çətinliklə də olsa Bakıya qayıtdı.
Azərbaycanda hakimiyyət boşluğu gənc müstəqil dövləti çətin vəziyyətə salmışdı. Səriştəsizlik, ambisiyalar, separatçılıq ciddi milli qarşıdurmalar yaratmışdı. Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Onda xalq ciddi təkidlərlə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.
“Xilaskarlıq missiyasını Azərbaycan naminə öz üzərinə götürən Heydər Əliyev respublikada yaranmış milli qarşıdurmanı aradan qaldırmalı idi. Bu, son dərəcə riskli idi. Böyük tarixi şəxsiyyət bu riski azərbaycançılıq naminə, Azərbaycan dövlətçiliyi naminə böyük siyasi uzaqgörənliklə başa çatdırdı, Gəncədə mövcud vəziyyətin təzahürlərinin genişlənməsinə, ümumiyyətlə, baş verməməsinə nail oldu, təhlükələr sovuşdu, respublikada yaranmış siyasi böhran aradan qaldırıldı.
1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi. Xalq böyük səs çoxluğu ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevi prezident seçdi. Bu seçim Azərbaycanın sabahlarını ehtimal olunan təhlükələrdən xilas etdi, ölkədə iqtisadi inkişaf, tərəqqi üçün böyük imkanlar yarandı, qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılması istiqamətində istər siyasi, istər də iqtisadi stimul yaradıldı.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin işlər apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişini təmin edən ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik yaradıldı. Separatçı qüvvələr Azərbaycanda dövlət çevrilişi törətmək istəyirdi. Bu çevriliş bəlkə də Azərbaycan dövlətçiliyinin sonu ola bilərdi. Ulu Öndər bu çevrilişin qarşısını müdrikliklə aldı, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Bu, respublikada müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə imkan verdi”, - deyə S.Xasayeva qeyd edib.
Deputat diqqətə çatdırıb ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyimizin tarixi əsasları möhkəmlənib, dünyəvi dövlətçiliyin əsasları qoyulub, konstitusiyamız qəbul olunub, milli ideologiyamız formalaşıb. Təsadüfi deyil ki, Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi dövlətçiliyin möhkəmləndirilməsində başlıca ideoloji sipərdir.
“Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüququn normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və tərəf müqabilləri onun siyasətini birmənalı olaraq qəbul edirdi. Azərbaycan xalqı Heydər Əliyev kimi dahi və fenomen şəxsiyyəti hər zaman ehtiramla anacaq və qəlbində yaşadacaq. Ulu Öndərin zəngin irsi hər bir azərbaycanlı üçün həyat məktəbidir”, - deyə Səbinə Xasayeva vurğulayıb.