Əcnəbi vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO

Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edən şəxsin görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sabahinfo.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan əvvəllər məhkum olunmuş Aydın Qambayev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü xaricə müxtəlif təyinatlı məhsullar ixrac edən iş adamı kimi təqdim edib.

Aydın Qambayev Bakı şəhərində olan və beynəlxalq yükdaşıma ilə məşğul olan müxtəlif xarici ölkə vətəndaşları olan "TIR" sürücülərini guya onların avtomobilləri ilə yük göndərəcəyi adı altında aldadaraq zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Aydın Qambayev 20-ə yaxın "TIR" sürücüsünü dələduzluq yolu ilə aldadıb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aydın Qambayevin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

"Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.