Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı (Aİ) münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ifadə edən mühüm siyasi mesajlar kimi qiymətləndirilə bilər. Bəyanatda səsləndirilən tezislər göstərir ki, tərəflər arasında əməkdaşlıq artıq təkcə iqtisadi maraqlarla məhdudlaşmır, enerji təhlükəsizliyi, yaşıl keçid, regional sabitlik və sülh quruculuğu kimi strateji sahələri də əhatə edir.
Prezident İlham Əliyev Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsində olduğunu ifadə etməsi bu istiqamətdə yeni səhifənin açıldığını, tərəflər arasında əlaqələrin dinamik xarakter aldığını nümayiş etdirir. Belə ki, son illər qarşılıqlı siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji sahəsində əldə olunan razılaşmalar Azərbaycanı Avropa üçün etibarlı və uzunmüddətli tərəfdaş kimi daha da ön plana çıxarıb. Bu əməkdaşlıq qarşılıqlı etimad və praqmatik maraqlar üzərində qurulduğundan regionda sabitliyin möhkəmlənməsinə də töhfə verir.
Qarşılıqlı münasibətlər yalnız mövcud layihələrin davam etdirilməsi ilə məhdudlaşmır, eyni zamanda yeni istiqamətlərin formalaşdırılması, investisiya imkanlarının genişləndirilməsi və yüksək texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli zəmin yaradır. Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda sabit və etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır" fikri iqtisadi münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir. Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa bazarının mühüm paya malik olması ölkənin ixrac potensialının genişlənməsinə, xarici investisiyaların cəlbinə və iqtisadi diversifikasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu qarşılıqlı iqtisadi asılılıq həm də siyasi dialoqun davamlılığını təmin edən əsas amillərdən biri kimi çıxış edir.
Bəyanatda xüsusi yer tutan enerji təhlükəsizliyi məsələsi hazırkı beynəlxalq münasibətlər sistemində xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Dünyada enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolu daha da artıb. Təbii qaz ixracının genişləndirilməsi, enerji marşrutlarının şaxələndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin strateji əhəmiyyətini artırır.
Avropa Komissiyası ilə münasibətlərimizin böyük hissəsinin bərpaolunan enerji ilə bağlı olması əməkdaşlığın gələcəyə hesablanmış istiqamətlərini müəyyənləşdirir. Azərbaycan zəngin bərpaolunan enerji potensialına malik ölkə kimi yaşıl enerji istehsalının artırılması, Xəzər dənizinin külək enerjisindən istifadə, günəş elektrik stansiyalarının yaradılması və yaşıl enerji ixracı istiqamətində mühüm layihələr həyata keçirir. Bu sahədə Avropa Komissiyası ilə əməkdaşlıq həm Azərbaycanın iqtisadi transformasiyasına, həm də Avropanın yaşıl keçid strategiyasına əhəmiyyətli töhfə verir.
Bəyanatın mühüm istiqamətlərindən biri də regional təhlükəsizlik məsələlərinə həsr olunub. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin geniş şəkildə müzakirə olunduğunu qeyd etməklə regionda davamlı sülhün təmin edilməsinin beynəlxalq gündəlikdə mühüm yer tutduğunu vurğulayıb. Bu yanaşma göstərir ki, Azərbaycan regionda qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasında maraqlıdır. Məsələyə münasibətdə rəsmi Bakının nümayiş etdirdiyi mövqe sülh prosesinin yalnız diplomatik sənədlərlə deyil, real humanitar və sosial addımlarla möhkəmləndirilməsinin vacibliyini ön plana çıxarır. Digər tərəfdən, Qarşılıqlı etimadın formalaşdırılması istiqamətində atılan addımlar regionda uzunmüddətli sabitlik üçün mühüm siyasi zəmin yaradır.
Bu kontekstdə Prezident İlham Əliyevin postmünaqişə dövrünə baxışı regionun gələcəyinin əməkdaşlıq, iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin inkişafı və qarşılıqlı faydalı münasibətlər üzərində qurulması ilə əlaqəlidir. Mövcud geosiyasi şəraitdə bu müstəvidə Aİ ilə əməkdaşlıq modeli həm Azərbaycanın milli maraqlarına, həm də Avropa İttifaqının enerji, təhlükəsizlik və iqtisadi tərəfdaşlıq prioritetlərinə cavab verən mühüm strateji platforma kimi çıxış edir.