Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycan-Türkiyə münasibətlərindən geniş bəhs edərək bildirib ki, bu birlik bölgədə sülhün və təhlükəsizliyin əsas faktorlarından biridir: “Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hakim partiyaların münasibətlərində də dinamik inkişaf edir. Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında əlaqələr nümunəviliyi ilə diqqət çəkir. Qeyd edək ki, ötən ay YAP nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı AKP ilə əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır. Bu sənəd qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini özündə ehtiva edir. İyulun 26-da Yeni Azərbaycan Partiyasının dəvəti ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri, müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılması da əlaqələrin yeni mərhələdə inkişafına böyük töhfə olacaq. Dövlət başçısı İlham Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşündə bu fikri xüsusi qeyd etmişdir ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.”
“44 günlük İkinci Qarabağ müharibəsi iki dost, qardaş ölkənin dünyaya nümunə olan münasibətlərinin təqdimatı oldu” söyləyən Ə.Salahzadə bir daha diqqəti ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində səsləndirdiyi “Bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir” fikirlərə yönəldərək bildirib ki, Azərbaycan dövləti, xalqı Türkiyə və Pakistanın ölkəmizə dəstəyini heç zaman unutmayacaq. Məhz bu birliyin təcəssümü olaraq Vətən müharibəsi dövründə küçə və meydanlarımızı Azərbaycanla yanaşı, Türkiyə və Pakistanın da bayraqları bəzədi. İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq keçiriləcək Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü və yekunda imzalanması nəzərdə tutulan Bakı Bəyannaməsi də üç dost ölkənin birliyinin, həmrəyliyinin göstəricisidir.”
Millət vəkili Şuşada imzalanaraq dünyaya səs salan Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Bəyannaməsini xatırladaraq qeyd edib ki, bu sənəd əlaqələrimizi ən yüksək zirvəyə qaldırır: “Müttəfiqlik Bəyannaməsində göstərilən bütün müddəalar gələcək iş birliyimizin təminatçısıdır. Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı, həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Qarabağımızın döyünən ürəyi Şuşada Azərbaycan və Türkiyənin bayraqlarının qoşa dalğalanması, Türkiyədən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik bir daha bütün dünyaya Türkiyə-Azərbaycan birliyini nümayiş etdirdi. İyulun 28-də Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının Gəncə şəhərində birgə keçirəcəyi “Şuşa Bəyannaməsi: Milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans da bu müttəfiqliyin inkişafına böyük töhfə olacaq. Konfransın mövzusu özündə bütün hədəfləri əks etdirir.”
“Azərbaycan, Türkiyə, Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir” söyləyən Ə.Salahzadə vurğulayıb ki, bu üç ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir: “Onlar arasında olan münasibətlər dünyaya örnəkdir. Pakistan torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biridir. Ötən ay Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva dövlət başçısı İlham Əliyevlə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan ilə Pakistanın ortaq tərəfdaşlarından biri də Türkiyədir. Azərbaycanın “Bir millət, iki dövlət” dediyi kimi, Türkiyə Pakistana da çox yaxındır. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlıq üçün geniş imkanlar açır.”