“Azərbaycan istər Qarabağ münaqişəsinin həllində, istərsə də demokratik inkişafa yanaşmada dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Bu siyasətin yaratdığı problemləri bu gün də yaşamaqdadır. AŞPA-nın bu günlərdə atdığı addım da ikili siyasətinin növbəti təzahürüdür. Qurumun ölkəmizə qarşı qərəzli mövqeyi siyasi riyakarlığını bir daha nümayiş etdirdi. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qurumun bu və ya digər dairələrin əlində təzyiq vasitəsinə çevrildiyini təsdiqləyir. Ölkəmizin demokratiya təcrübəsi hər zaman nümunə göstərilir. Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımları ilə dünyanın diqqətində olub. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, demokratiya bizim strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olması və inkişafı istiqamətində atılan addımların uğurlu nəticəsidir ki, Azərbaycanın demokratik inkişafı daim təqdir edilir. Ölkəmizin 2001-ci ilin 17 yanvar tarixində Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirdi.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülüb və təsdiqlənib. Şvabe təşəbbüsü irəli sürərkən çıxışında guya Qarabağın 100 mindən artıq erməni əhalisnin zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib: “Hazırda Avropa Şurasının Almaniyanın və Fransanın əlində oyuncağa çevrildiyi inkaredilməzdir. Tarixi Zəfərimizdən sonra Fransanın Azərbaycana qarşı apardığı əks təbliğat kampaniyası davamlılığı ilə diqqətdədir. Avropa Şurasının ədalətə sığmayan, ikili standartlara əsaslanan siyasətini bir daha təsdiqləyən məlum qərarı Fransanın Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etmək cəhdini ortaya qoydu. Bu addımların fonunda əksər dünya gücləri, beynəlxalq təşkilatlar özlərinə qarşı inamı, etimadı necə yarada bilərlər, bu artıq çoxsaylı sualların yaranmasına səbəb olur. AŞPA açıq-aşkar Ermənistana dəstəyini nümayiş etdirir. O da məlumdur ki, qurum 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etdi. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla Ermənisatana dəstəyini bir daha təsdiqlədi.”
Millət vəkili vurğulayıb ki, hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan, ən yüksək tribunalardan onların tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb edən, demokratik prinsiplərə hörmətlə yanaşan Azərbaycana qarşı belə qərəzli addımların atılmasının, qərarların, qətnamələrin qəbulunun heç bir əsası yoxdur: “Bu qərəzli yanaşmalar heç zaman ölkəmizi ruhdan salmır. Əksinə, Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətini uğurla davam etdirərək yeni-yeni hədəflərə nail olur. Reallıq budur ki, Azərbaycan tarixi Zəfəri ilə bir daha əksər dünya güclərinə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, onların tətbiqi məkana görə deyil, vahid mexanizm əsasında həyata keçirilməlidir. O zaman dünya hüquq problemini həll edər, etimad mühitinin yaradılmasına nail olar. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi. Heç bir təzyiq, təhdid, riyakarlıq Azərbaycanı tutduğu yoldan döndərməyib və bundan sonra da döndərə bilməz. Belə qərarlar Azərbaycanın yürütdüyü siyasətə təsir etmək imkanında deyil.”