2020-ci ilin fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilmişdi. Görüş çərçivəsində Azərbaycan Prezidenti ölkəmizin daim konstruktiv mövqedən çıxış etdiyini, həmçinin siyasətimizin sülh və humanizm prinsiplərinə əsaslandığını dünya ictimaiyyətinin diqqətinə çatdırmış, əsrlər öncə baş vermiş reallıqlara, tarixi faktlara əsaslanaraq Nikol Paşinyana əsl tarixi dərsi keçmiş və Qarabağın məhz Azərbaycanın əzəli torpağı olmasını sübuta yetirmişdi. Eyni zamanda cənab Prezident həmin dövrdə bir daha sülh təklifini bəyan edərək, ermənilərin Azərbaycan torpaqlarını tərk etməsi üçün bir şans vermiş, bunun üçün müəyyən zaman tanımışdı. Əfsuslar olsun ki, Ermənistan siyasi rəhbərliyi bu siyasi və tarixi dərsdən bir nəticə çıxarmayıb, əksinə Vətən müharibəsi başlayan müddətədək ərazilərimizdə terror təxribat aktları törədərək, sərhəddə pozuculuq fəaliyyəti ilə məşğul olmuşdur. Təbii ki, bu tarixi dərsdən nəticə çıxarmayan Ermənistana hez zaman unuda bilməyəcəyi ağır cəza verildi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu düşmənə döyüş meydanında diz çökdürüb, onları kapituliyasiyaya məcbur etdi. 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatda göstərilən məsələlər bu gün də Ermənistan tərəfindən tam şəkildə icra edilmir.
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Prezident İlham Əliyevin 2020-ci ilin fevralında keçirilən platforma zamanı verdiyi tarix dərsindən nəticə çıxarmayan Nikol Paşinyan imtahandan kəsilmiş, nəticədə ölkəsi darmadağın vəziyyətə düşmüş və baş nazir məyyus halda növbəti dəfə uğur qazanmaq üçün yenidən Münxenə dərs almağa gəlmişdi. Prezident İlham Əliyev bir daha tarixi faktlara əsaslanan məsələlərə toxunmaqla qeyd etdi ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Hər kəs Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etməldir və sadəcə Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Eyni zamanda dövlətimizin başçısı Azərbaycanın daxili məsələsinə heç kimin müdaxilə edə bilməyəcəyini, yeni kommunikasiyaların-Zəngəzur dəhlizinin açılmasının vacibliyini geniş və məzmunlu çıxışında xüsusilə qeyd edərək, bildirdi ki, konkret olaraq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Cənab Prezident iclasdan sonra Azərbaycanın televiziya kanallarına müsahibəsində də diqqətə çatdırdı ki, ümid edirik ki, Ermənistan bu dəfəki dərsdən tam nəticə çıxardacaq və real olan budur ki, Ermənistan tərəfi daha heç bir bəhanəsi ilə tarixi faktları dəyişə bilməyəcək. Qarabağ Azərbaycanın əzəli torpağıdır və erməni tərəfi bizim sülh təklifimizi qəbul edib, konstruktiv davranış sərgiləyərsə regiona əbədi sülh gələcəkdir.
Hər zaman olduğu kimi Münxen platformasında da Azərbaycan Prezidentinin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət bir daha nümayiş etdirildi və Ermənistana sonuncu dəfə revanşist meyillərdən əl çəkib, konstruktiv mövqedən addım atması üçün şans verildi.