Faiq Məmmədovun cinayət işi: ailə məhkəmə prosesindən narazılığını bildirir

Bir neçə aydır həbsdə olan sabiq polis əməkdaşı Faiq Afiq oğlu Məmmədovun cinayət işi və onunla bağlı məhkəmə prosesləri media gündəmindədir.
Əldə olunan məlumata görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilən F. Məmmədov bir neçə şəxsin etibarından sui-istifadə etməklə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilir. İşə Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsində baxılır, proses hələ yekunlaşmayıb.
Məhkəmə prosesindən bəzi iddialar yayılıb. Ailənin və yaxın qohumların sözlərinə görə, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün məhkəmə tərəfindən 200 min manat tələb olunub. Bu iddialar hələlik heç bir sübutla təsdiqlənməyib və ailənin fərziyyəsi kimi də qəbul edilə bilər. Onların nə qədər doğru olduğu məhkəmənin yekun qərarı ilə məlum olacaq.
F. Məmmədovun atası Afiq Məmmədov sahibkardır. Onun Göygöl rayonunda 100 hektardan çox torpaq sahəsinin olması və fermer kimi fəaliyyəti cinayət işinin materiallarına daxil edilib. Ata iddia edir ki, oğlunun həbsi bəzi məmurların sifarişidir. Onun sözlərinə görə, oğlu həbs olunmazdan əvvəl torpaq sahələrinin bəzi şəxslərə könüllü verilməsi tələbi irəli sürülüb. Bununla razılaşmayan Afiq Məmmədov qarşı tərəfdən təzyiq gözlədiyini bildirir.
Mənimsəmə, dələduzluq və etibardan sui-istifadə maddələri ilə aparılan prosesdə çoxsaylı şikayətçi, şahid və vətəndaş dindirilir. Proses başa çatmadığından ailə üzvləri Gəncə Ağır Cinayətlər Məhkəməsindən ədalətli qərar çıxacağına ümidlərini itirdiklərini bildirirlər. Onlar iddia edirlər ki, şahid qismində dindirilənlər öyrədilmiş şəxslərdir və ailə ilə ədavəti olan insanların sözlərini təkrarlayırlar.
Ailə üzvləri Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.
Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsində F. Məmmədovun cinayət işi davam etdiyindən mövzu media nəzarətində qalacaq.
Ardı var...