Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açır. Səfər çərçivəsində əldə olunan razılaşmalar siyasi, iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Səfər çərçivəsində mətbuata verilən bəyanatda siyasi iqtisadi münasibətlərlə yanaşı investisiya, təhsil, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Prezident İlham Əliyev bəyanatında bildirib ki, iki ölkə arasında siyasi əlaqələrin səviyyəsi qaneedicidir: “Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşmüşük. Lakin bu, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əlbəttə ki, bu səfərin xüsusi statusu var. Həmçinin AQEM Zirvə görüşündə iştirak edəcəyiniz üçün təşəkkür edirəm. Bütün ölkələrin dəstəyi ilə Azərbaycan yekdilliklə AQEM-in sədri seçilmişdir. Son iki ildə Azərbaycan bu təsisatın inkişafına töhfə verməyə çalışmışdır. Sözsüz ki, dövlət və hökumət başçılarının və digər rəsmilərin geniş təmsil olunduğu Bakıdakı Zirvə görüşü Asiyada təhlükəsizliyi və əməkdaşlığı gücləndirəcək. Ümumilikdə bizim Asiyaya münasibətdə xarici siyasətimiz düşünürəm ki, çox dinamik və nəticəyönümlüdür”.
Dövlət başçımız parlamentlərarası əlaqələrin də inkişaf etdiyini, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda, hakim siyasi partiyalar arasında əməkdaşlığın mövcudluğu Azərbaycan və Laos arasında əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Prezident İlham Əliyevin bəyanatında təhsil sahəsində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə, elmi və mədəni mübadilənin inkişafına xidmət edə bilər. Gənclərin təhsil və təcrübə mübadiləsi proqramlarında iştirakı gələcəkdə iki ölkə arasında peşəkar əlaqələrin formalaşmasına da şərait yaradacaq.
Laos Prezident Thonqlun Sisulit Azərbaycanın inkişafından danışıb: “Bakıda və Azərbaycanda 1982-ci ildə, qırx ildən də çox müddət əvvəl olduğumu nəzərə alaraq və davamlı olaraq ölkənizin inkişaf xəttini müşahidə edən bir şəxs kimi onun sürətli inkişafını və transformasiyasını indi öz gözlərimlə görmək mənə çox böyük təsir bağışlayır. Bu mənim Laosun Prezidenti kimi Azərbaycana ilk rəsmi səfərimdir. İki ölkə arasında 1995-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri bu, dövlət başçısı səviyyəsində baş tutan ilk səfərdir və tarixi bir mərhələdir. Bu mərhələ bizim dostluq və əməkdaşlıqdan ibarət ənənəvi əlaqələrimizin daha sıx və səmərəli tərəfdaşlıq dövrünə qədəm qoyması ilə müşayiət olunaraq onları daha da gücləndirir, genişləndirir və yüksəldir”.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı