İçərişəhərdə Aşur məscidinin muzeyə çevrilməsi narazılıq doğurub: inanclı şəxslər ibadət yerinin əvvəlki statusunun bərpasını istəyirlər

Bakının tarixi İçərişəhər ərazisində yerləşən Aşur məscidinin bu yaxınlarda muzeyə çevrilməsi bir qrup inanclı şəxsin narazılığına səbəb olub. Uzun illər həmin məsciddə ibadət edən sakinlər və dindarlar hesab edirlər ki, məscidin dini funksiyasının dayandırılması ibadət azadlığı və insanların dini ehtiyacları baxımından ciddi suallar yaradır.

İnanclı şəxslərin sözlərinə görə, Aşur məscidi uzun illər ərzində İçərişəhər sakinlərinin, eləcə də paytaxtın müxtəlif ərazilərindən gələn insanların ibadət etdiyi məkan olub. Onlar bildirirlər ki, bu məscid yalnız tarixi memarlıq nümunəsi deyil, eyni zamanda insanların mənəvi bağlılıq duyduğu, dini ayinlərini yerinə yetirdiyi müqəddəs məkandır.Onların fikrincə, məscidin muzeyə çevrilməsi ilə bağlı qərar qəbul edilərkən uzun illər həmin məkanda ibadət edən insanların mövqeyi və arzuları nəzərə alınmayıb.

“Biz uzun illər bu məsciddə ibadət etmişik. 12-ci əsrdə əsası qoyulmuş Aşur məscidi bizim üçün sadəcə tarixi bina deyil, insanların mənəvi bağlılıq hiss etdiyi qədim bir ibadət yeridir. Bu məkanın dini funksiyasının dayandırılması bizi narahat edir”, – deyə inanclı şəxslər bildirirlər.

Aidiyyəti qurumlara müraciət edilib

Məsələ ilə bağlı bir qrup inanclı şəxs İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib.Müraciətlərdə Aşur məscidinin əvvəlki statusunun bərpası, ibadət edən insanların hüquqlarının nəzərə alınması və məsələyə yenidən baxılması xahiş olunub.Lakin müraciət edən şəxslərin sözlərinə görə, onların çağırışları və təklifləri indiyədək qəbul edilməyib. Onlar bildirirlər ki, məsələ ilə bağlı dialoqun aparılması və inanclı insanların narahatlıqlarının dinlənilməsi vacibdir.

“Sovet dövründə məscidləri anbara çevirdilər, indi isə muzeyə: fərq nədədir?”

Narazı şəxslər bildirirlər ki, Azərbaycan tarixində sovet hakimiyyəti dövründə bir çox məscidlər öz dini funksiyasından məhrum edilərək müxtəlif məqsədlər üçün istifadə olunub.Onların fikrincə, sovet dövründə məscidlərin anbar, təsərrüfat obyekti və digər qeyri-dini məqsədlər üçün istifadəyə verilməsi ilə bu gün tarixi məscidlərin yalnız muzey kimi fəaliyyət göstərməsi arasında müəyyən oxşarlıq var: hər iki halda ibadət edən insanların həmin məkandan istifadəsi məhdudlaşır.

“Vaxtilə sovet hakimiyyəti məscidləri bağlayaraq onları anbara çevirdi. İndi isə bəzi tarixi məscidlərin muzey kimi fəaliyyət göstərməsi həyata keçirilir. Üsullar fərqli olsa da, nəticə etibarilə ibadət edən insanların həmin məkandan istifadə imkanları aradan qalxır”, – deyə onlar qeyd edirlər.

İnanclı şəxslərin fikrincə, tarixi irsin qorunması ilə dini funksiyanın saxlanılması bir-birinə zidd deyil. Onlar hesab edirlər ki, dünyanın müxtəlif ölkələrində tarixi dini abidələrin həm mədəni irs nümunəsi, həm də ibadət məkanı kimi qorunması mümkündür.

Ayasofya nümunəsi ilə bağlı etirazlar

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən tarixi məkanların muzey kimi fəaliyyət göstərməsinə nümunə olaraq Türkiyədəki Ayasofyanın uzun müddət muzey statusunda olması göstərilir.Lakin inanclı şəxslər hesab edirlər ki, bu müqayisə tam yanlışdır. Onların fikrincə, Ayasofyanın vəziyyəti Aşur məscidi ilə eyni deyil.Onlar bildirirlər ki, Ayasofya uzun illər muzey kimi fəaliyyət göstərdikdən sonra yenidən məscid statusu alıb və hazırda ibadət üçün istifadə olunur. Buna görə də həmin nümunəni Aşur məscidinin yalnız muzey kimi saxlanılması ilə müqayisə etmək kökündən səhv yanaşmadır.

“Əksinə, Ayasofya nümunəsi göstərir ki, tarixi abidə olmaqla yanaşı, dini funksiyanı da qorumaq mümkündür. Tarixi dəyərin saxlanılması ibadət imkanlarının tam aradan qaldırılması anlamına gəlməməlidir”, – deyə inanclı şəxslər vurğulayırlar.

“Bakıda kifayət qədər məscid var” fikrinə etiraz

Məsələ ilə bağlı aidiyyatı qurumların digər arqumentlərindən biri də Bakıda kifayət qədər məscidin olması iddiasıdır.İnanclı şəxslər isə bu fikirlə razılaşmırlar. Onların sözlərinə görə, paytaxtın sürətlə artan əhalisi və genişlənən yaşayış massivləri fonunda ibadət yerlərinin sayı kifayət qədər deyil. Onlar bildirirlər ki, bu gün Bakıda böyük yaşayış massivləri mövcuddur ki, həmin ərazilərdə məktəblər, ticarət obyektləri, müxtəlif sosial və xidmət infrastrukturları olsa da, insanların ibadət edə biləcəyi kiçik bir məscid belə yoxdur. Məsələn, Xalqlar Dostluğu-Netfçilər-Qara Qarayev metro xətti boyunca insan və müxtəlif obyektlər əlindən, necə deyərlər, tərpənmək olmur. Amma bu sıx yaşayış massivində kiçik bir məscid belə yoxdur…

“Şəhərdə kifayət qədər məscid olması fikri reallığı tam əks etdirmir. Böyük yaşayış massivlərində minlərlə insan yaşayır, lakin həmin ərazilərdə ibadət üçün məkan tapmaq çətindir. Ona görə də mövcud məscidlərin fəaliyyətinin qorunması xüsusi əhəmiyyət daşıyır”, – deyə onlar bildirirlər.İnanclı şəxslərin fikrincə, Aşur məscidi kimi tarixi dini abidələr həm Azərbaycanın zəngin mədəni irsinin bir hissəsi kimi qorunmalı, həm də əsrlər boyu daşıdığı dini-mənəvi funksiyanı davam etdirməlidir.

Mehriban xanım Əliyevaya müraciət ediləcək

İnanclı şəxslər bildirirlər ki, məsələnin qarşılıqlı anlaşma və dialoq yolu ilə müsbət həll olunacağına ümid edirlər. Onların sözlərinə görə, Aşur məscidinin statusu ilə bağlı müraciətlər nəticəsiz qalarsa, məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etməyi nəzərdə tuturlar.

Onlar hesab edirlər ki, ölkədə tarixi-mədəni irsin qorunması, dini dəyərlərə hörmət və vətəndaşların mənəvi ehtiyaclarının nəzərə alınması istiqamətində həyata keçirilən siyasət çərçivəsində bu məsələnin də ədalətli və qarşılıqlı anlaşma əsasında həllini tapması mümkündür.

Aşur məscidinin icma üzvləri