2026–2027-ci tədris ili ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətində rayon üzrə birinci sinfə qədəm qoyan və ali məktəblərə qəbul olan şəhid övladları ilə görüş keçirilib. Görüşdə Yasamal RİH başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər vəzifəli şəxslər iştirak ediblər. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında şəhid övladlarını təbrik edib, onlara möhkəm cansağlığı, yüksək nailiyyətlər və uğurlu gələcək arzulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsində şəhidlərin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlığın daim ehtiramla yad edildiyini vurğulayıb.İcra başçısı həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə elm və təhsilə xüsusi qayğı və diqqət göstərilir.Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Təsadüfi deyil ki, son 20 ildə ölkəmizdə 4000 yaxın yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Eyni zamanda Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Azərbaycanda hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası yenilənir.
Öz növbəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi, onların problemlərinin həlli və övladlarının təhsil imkanlarının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Səmimi şəraitdə keçən görüş zamanı şəhid övladları öz düşüncə və arzularını bölüşüblər. Onların təhsil və gələcək planları barədə fikir mübadiləsi aparılıb.Görüşün sonunda birinci sinfə qədəm qoyan və ali məktəblərə qəbul olan şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.