Sentyabrın 28-də Qusar Rayon İcra Hakimiyyətində rayonun sosial-iqtisadi inkişafı baxımından əhəmiyyət daşıyan müxtəlif istiqamətlər üzrə həyata keçirilən işlərin gedişatı və qarşıdakı dövrdə həyata keçirilməli tədbirlərlə bağlı geniş tərkibdə müzakirələr aparılmışdır.
İclasdan əvvəl 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İclasda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, aidiyyəti müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. Görüş zamanı rayon üzrə ötən dövr ərzində görülmüş işlərə nəzər salınmış, müxtəlif sahələrdə həyata keçirilən tədbirlərin nəticələrinin təhlili və qarşıda duran əsas vəzifələrlə bağlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov məlumat vermişdir.
Müzakirələr zamanı icra başçısı tərəfindən rayonun yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması, yolların təmiri və asfaltlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin davam etdirilməsinin və vətəndaş müraciətlərinin həllinə çevik yanaşmanın təmin edilməsinin, qışa hazırlıqla bağlı görülməli təxirə salınmaz tədbirlərin, o cümlədən şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının müraciət və problemlərinin diqqətdə saxlanılmasının vacibliyi qeyd edilmişdir.
İclas çərçivəsində rayon ərazisində keçiriləcək tədbirlərin, əhali ilə görüşlərin və müxtəlif sosial layihələrin təşkilinə dair qarşıda duran məsələlər müzakirə edilmiş, müəyyən edilmiş tədbirlərin vaxtında və keyfiyyətlə icrası istiqamətində işlərin məqsədyönlü və ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Sonda aidiyyəti müəssisə və xidmət sahələrinin rəhbərlərinə müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıq və tövsiyələr verilmiş, müəyyən edilmiş vəzifələrin icra vəziyyətinin mütəmadi olaraq nəzarətdə saxlanılması qarşıya əsas vəzifə kimi qoyulmuşdur.