İğdır-Naxçıvan qaz kəməri muxtar respublikanın enerji asılılığını aradan qaldıracaq - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri təsadüfi deyil. Bu gün muxtar respublikanın bölgədəki əhəmiyyəti ciddi şəkildə artıb. Xüsusilə də Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəndən sonra Zəngəzur dəhlizinin açılması gündəmə gəlib. Bu isə o deməkdir ki, qərb rayonları ilə Naxçıvan arasında quru yolla birbaşa kommunikasiya qurulur. Həmçinin Azərbaycan ilə Türkiyə arasında yeni bir quru yolu marşrutu yaranır. Naxçıvan həm də Türkiyənin Türk dünyasına açılan qapısıdır, Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə onun önəmi daha da artacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev səsləndirib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın bu muxtar bölgəsinin təhlükəsizliyinin qarantıdır. Otuz ildən çoxdur ki, Naxçıvan blokada vəziyyətindədir. Muxtar respublikaya elektrik enerjisi və “mavi yanacaq” İran tərəfindən verilir. Naxçıvan kimi strateji bölgənin blokadada saxlanılması, eyni mənbədən elektrik enerjisi və təbii qaz alması enerji təhlükəsizliyinin təmin edilməsində bir sıra problemlər yaradır. Türkiyə və Azərbaycan Naxçıvanın təbii qaz məsələsində İrandan asılılığını sıfıra endirmək üçün 2020-ci il dekabrın 15-də “Təbii qaz təchizatı üzrə Anlaşma Memorandumu” imzalayıb. Ötən gün isə yeni qaz xəttinin təməli qoyuldu. Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığını daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.

Razılaşmaya uyğun olaraq Şərqi Anadolu təbii qaz xəttindən ayrılan İğdır təbii qaz kəmərinin davamı olaraq Naxçıvana qədər 85 kilometrlik yeni boru xətti çəkiləcək. İllik nəqletmə gücü 500 milyon kubmetr olacaq boru kəməri istifadəyə veriləndən sonra Naxçıvanın bütün təbii qaz tələbatını ödəyəcək.

"Ərdoğanın Naxçıvana səfəri zamanı Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun imzalanması, ölkəmiz tərəfdən Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında sazişin bağlanması, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Anlaşma Memorandumu əlaqələrimizin nə qədər sıx olmasından xəbər verir. Qars-Naxçıvan dəmir yolunun inşası barədə danışarkən Prezident İlham Əliyev bununla bağlı imzalanan niyyət protokolunu tarixi hadisə adlandırdı. Qeyd etdi ki, bu layihə uğurla həyata keçiriləcək və Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün qarşılıqlı şəkildə atılan addımların müsbət nəticələri əhəmiyyətli dərəcədə artıb. Dünyada baş verən siyasi və iqtisadi çəkişmələr, münaqişələr fonunda Türkiyə və Azərbaycan əlaqələrinin güclənməsi, yeni siyasi-iqtisadi əməkdaşlıq bağlarının yaradılması regionda inkişaf, sülh və sabitliyə müsbət töhfə verir", - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri 44 günlük Vətən müharibəsində Ermənistanın imzaladığı kapitulyasiya aktında Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirən kommunikasiya xətlərinin yaradılmasıdır. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı öz ərazisində dəmir və avtomobil yollarının inşası işlərini böyük ölçüdə başa çatdırsa da, Ermənistan hələ də bununla bağlı heç bir addım atmayıb.

Deputatın sözlərinə görə, Prezident Ərdoğanın Naxçıvana səfərindən sonra Ermənistana təzyiqlər artacaq və Paşinyan hökuməti dəhlizin yaradılması üçün süni maneələri aradan qaldıracaq. Zəngəzur dəhlizi, eyni zamanda, Çindən Orta Asiyaya, Xəzər dənizinə, Qafqaza və Türkiyəyə uzanan Orta Dəhlizin marşrutlarından biri olacaq. Beləliklə, Naxçıvanın əhəmiyyəti daha da artacaq.

Bu gün Türkiyə-Azərbaycan münasibətləri bütün dünyaya bir nümunədir. İki qardaş ölkə arasındakı münasibətlər heç zaman indiki səviyyədə olmayıb. Əlaqələrimizin güclənməsi iki qardaş ölkənin liderlərinin uzaqgörən siyasətlərinin nəticəsində mümkün olub.